İranda Azərbaycan, Azərbaycanda İran Mədəniyyət Həftəsi keçiriləcək

İranda Azərbaycan, Azərbaycanda İran Mədəniyyət Həftəsi keçiriləcək

4 Dekabr 2014 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanda səfərdə olan İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman mətbuat konfransı keçirib.

Apa-nın məlumatına görə, dəvətə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür edən Abuzər İbrahimi Türkman deyib ki, Azərbaycan və İranın dostluğunun tarixi kökləri var.

O bildirib ki, SSRİ dövründə Azərbaycanın güclü mədəniyyəti Rusiyanın mədəni təsirindən özünü qoruya bilib, Azərbaycanın sərvəti neft və qaz deyil, mədəniyyətidir: "Bu, mənim Azərbaycana ilk rəsmi səfərimdir. Biz iki qonşuyuq və pis günlərdə dost, qardaş kimi bir-birimizə arxa durmalı, kiçik mənfəətlər naminə böyük faydalar qurban verilməməlidir. Qoymayaq ki? şeytanlar aramızda ayrılıq salsınlar".

Azərbaycan və İran prezidentlərinin əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edən Abuzər İbrahimi Türkman iki ölkə arasında mədəni əlaqələrin inkişafının önəmli olduğunu vurğulayıb. İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının 60 ölkədə 80 mədəniyyət mərkəzini idarə etdiyini söyləyən Abuzər İbrahimi Türkman 2015-ci ildə Azərbaycanda İran Mədəniyyət Həftəsinin, 2016-cı ildə İranda Azərbaycan Mədəniyyət Həftəsinin keçiriləcəyini nəzərə çatdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüş zamanı saziş imzalanması üzərində müzakirə aparıldığını diqqətə çatdıran Abuzər İbrahimi Türkman İslam dininin dünyada mənfi yöndə təqdim edilməyə çalışdığını bildirib: "Gərək bu istiqamətdə səylərimizi birləşdirək və bu kimi meyllərin qarşısını alaq".

Abuzər İbrahimi Türkman bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla görüşdüyünü bildirib: "Abel Məhərrəmovla görüşdə jurnal dərc edilməsi barədə razılığa gəldik. İranlı mütəxəssislər və Bakı Dövlət Universiteti əməkdaşları bu jurnalda məqalələr yazacaqlar".

Abuzər İbrahimi Türkman mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə Azərbaycanda İran Mədəniyyət Həftəsi və lavaş məsələsi ilə bağlı müzakirələr apardıqlarını söyləyib: "Lavaş İran, Azərbaycan və Türkiyənin müştərək mirasıdır. Bu üç ölkənin bu məsələdə baxışı eynidir".

Mediainfo.az