Leyla Əliyeva Cenevrədə mühüm görüşdə iştirak edib - FOTO

Leyla Əliyeva Cenevrədə mühüm görüşdə iştirak edib - FOTO

4 Dekabr 2014 10:32
506
Bəyəndim (0) Bəyənmədim (0)
İDEA-nın rəhbərinin BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional direktoru ilə müzakirələr aparıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional direktoru Yan Düsik ilə Cenevrə şəhərində görüş keçirib.

Görüş zamanı Leyla Əliyeva İDEA İctimai Birliyinin ölkədə və regionda təbiətin mühafizəsi və ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı danışıb.

L. Əliyeva İctimai Birliyin fəaliyyəti ilə UNEP-in mandatı arasında bir çox sahələrdə oxşarlıqların mövcud olduğunu vurğulayaraq hər iki təşkilatın iştirakı ilə ətraf mühitin aktual problemlərinin aradan qaldırılmasına yönəlmiş birgə layihələrin icrasını təklif edib. O, həmçinin İDEA və UNEP-in birgə təşkilatçılığı ilə 2012-ci ildə Azərbaycanda uğurla keçirilmiş "Yaşıl həftə konfranslar silsiləsi"nin və bu tipli digər tədbirlərin gələcəkdə də davam etdirilməsinə marağını ifadə edib.

Y. Düsik İDEA-nın uğurlu fəaliyyəti ilə yaxından tanış olduqlarını və onun layihələrini diqqətlə izlədiklərini bildirərək ekoloji problemlərin həll edilməsində UNEP-in İDEA-ya daima dəstək verməyə və bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq perspektivləri çərçivəsində İDEA və UNEP arasındakı əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması məqsədilə ikitərəfli Anlaşma Memorandumunun imzalanması və "Yaşıl İqtisadiyyat" sahəsində Azərbaycanda ilk dəfə birgə pilot layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Mediainfo.az