Qəbələdə antik qəbirlər aşkarlanıb

Qəbələdə antik qəbirlər aşkarlanıb

19 Avqust 2014 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası tərəfindən qədim Qəbələdə aparılan geniş miqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri davam etdirilir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bu günlərdə Qəbələnin Soltannuxa kəndində antik dövrə aid məzarlıq aşkarlayıb. Tədqiqatların maraq doğuran nəticələrindən biri rayonun Soltannuxa kəndi ərazisində 1800-1900 il yaşı olan antik qəbirlərin aşkarlanmasıdır. İlkin kəşfiyyat işləri zamanı ərazidən 7 qəbir aşkarlanıb.

Qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilirlər. Diqqət çəkən məqamlardan biri odur ki, ölmüş insan bükülü vəziyyətdə məzara qoyularaq ətrafına 40 ədəd saxsı qablar düzülüb. Qablarla yanaşı, məzara 4 ədəd bütöv qoç da qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf olunur. Ehtimal ki, bu, varlı təbəqəyə aid olan mərhumun xidmətçisi olub. Məzarlıqda digər zəngin qəbirlərə də rast gəlinib. Bir qəbirdə üzbəüz dəfn olunmuş iki skelet, digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti maraq doğuran məqamlardan biridir.

Qəbristanlıqda aparılan arxeoloji tədqiqatların nəticələri ilə yanaşı, aşkar edilən qəbirlərin olduğu kimi Qəbələ Dövlət Tarix Bədii Qoruğunun muzeyində nümayiş etdirilməsi nəzərdə tutulub.

Mediainfo.az