Medallar Şəhidlərin ailəsinə təqdim olundu

Medallar Şəhidlərin ailəsinə təqdim olundu

14 Avqust 2014 18:23
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümlərindən sonra təltif edilmiş Silahlı Qüvvələrin hərbi qulluqçularının ailələrinə döyüş medalları təqdim edilib.

Mediainfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev şəhidlərin valideynlərini Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin rəhbərliyi adından salamlayaraq onlara vətənə layiq övladlar böyütdüklərinə görə minnətdarlığını bildirib.

Nazir müavini qeyd edib ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, xalqın yaddaşında əbədi yaşayır, onların xatirələri əziz tutulur, adları əbədiləşdirilir.

Prezident İlham Əliyevin sərəncamı oxunduqdan sonra döyüş medalları alqış sədaları altıda şəhid ailələrinə təqdim edilib.

Şəhid İlqar Verdiyevin təltif olunduğu "Hərbi xidmətlərə görə" medalı 11 yaşlı oğlu Kamranın yaxasına sancılanda şəhid övladının dediyi "Təki Vətən sağ olsun!" sözləri mərasim iştirakçılarına duyğulu anlar yaşatdı.

Şəhid Fikrət Məmmədovun həyat yoldaşı Xəyalə Məmmədova, İlqar Verdiyevin atası Tapdıq müəllim, Elnur Cəfərovun qardaşı Zamiq Cəfər oğlu, Ceyhun Orucəliyevin atası Pirəli müəllim ölkə Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Mediainfo.az