Eldost Bayramın əmək fəaliyyətinin 40 illiyi ilə əlaqədar tədbir keçirilib

Eldost Bayramın əmək fəaliyyətinin 40 illiyi ilə əlaqədar tədbir keçirilib

1 İyun 2011 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

"Dünya" Ana və Uşaq İctimai Birliyinin (DAU İB) təşkilatçılığı ilə Əməkdar Artist Eldost Bayramın anadan olmasının 64 və əmək fəaliyyətinin 40 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
DAU İB-nin sədri Dünya Əliyeva Eldost Bayramın həyat və fəaliyyəti haqqında məlumat vermişdir. Bidirilmişdir ki, E.Bayram 1947-ci ildə Kürdəmir rayonunun Çöl Ərəb kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Qaqarin adına pionerlər sarayında metodist kimi başlamışdır. 1970-ci ildən isə "Azərbaycan Radio və Televiziya Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində diktor kimi fəaliyyətini davam etdirmişdir.
Onun fəaliyyəti dövründə yüzlərlə ədəbi mətnlər səsləndirildiyi andan radionun "Qızıl fondu"na daxil edilmişdir. Tanınmış sənətkar onlarla gəncə öz sənətinin sirlərini öyrətmiş, onların efir qaydalarını mənimsəməsində əvəzsiz rol oynamışdır. E.Bayramın əməyinə həmişə yüksək qiymət verilmiş, Azərbaycan Prezidentin müvafiq Sərəncamı ilə "Tərəqqi" medalına və Əməkdar Artist adına və bir çox fəxri fərmanlara layiq görülmüşdür. Hazırda təqaüd yaşında olmasına baxmayaraq, təkrarsız səs tembri, səlis diksiyası sayəsində diktor kimi fəaliyyətini yenə də davam etdirir.
Xalq artistləri Rafiq Hüseynov, Natəvan Hacıyeva, İ.Əbilov adına mədəniyyət mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov və başqaları Eldost Bayramın Azərbaycan efirinə 40 il sədaqətlə qulluq etdiyini bildirmişlər.
Tədbirdə Xalq Artisti Canəli Əkbərov, tanınmış müğənni Tahirə Muradova və başqa sənət dostları E.Bayram haqqında ürək sözlərini söyləməklə yanaşı, onu mahnı çələngləri ilə təbrik etmişlər.
Sonda Eldost Bayram tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.