Bu gün Sara Qədimovanın ad günüdür

Bu gün Sara Qədimovanın ad günüdür

31 May 2011 12:51
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan İncəsənətində adı qızıl hərflərlə yazılmış sənətkarın 89 yaşı oldu

Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq.

Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış elədiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.

Musiqi mədəniyyəti sahəsində nailiyyətlərinə görə Sara Qədimova çox mükafatlara layiq görülüb. Şərəf nişanı, Şöhrət ordenləri və medallarla təltif olunmuşdur. Böyük xanəndə, vətənpərvər sənətkar və gözəl insan Sara Qədimovanın əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

Heç kim unudulmur, heç nə yaddan çıxmır.

Könül Aypara

O.M.