Şamaxıda Sabir Poeziya günləri keçirilib

Şamaxıda Sabir Poeziya günləri keçirilib

31 May 2011 12:32
Bəyəndim (0) Bəyənmədim (0)


Şamaxı şəhərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Sabir Poeziya Günləri qeyd olunub. Prezidentin "M. Ə. Sabirin anadan olmasının 150 illiyinin keçirilməsi haqqında" 1 iyun 2010-cu il tarixli sərəncamına uyğun olaraq təşkil olunan tədbir ənənəvi olaraq şairin Bakı şəhərindəki abidəsi önündə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, tanınmış ədəbiyyat adamları şairin abidəsi önünə gül dəstələri qoyduqdan sonra Şamaxıya yola düşüblər. Poeziya günləri böyük Sabirin məqbərəsini ziyarətlə davam etdirilib. Bu dəfə iştirakçılara Şamaxı rayonunun rəhbərliyi və rayon ictimaiyyəti, o cümlədən məktəblilər də qatılıb. Tanınmış qələm sahibləri, Şamaxı rayon rəhbərliyi və Sabirin ailə üzvlərinin daxil olduğu nümayəndə heyəti şairin ustadı Seyid Əzim Şirvaninin yeni təmir olunmuş qəbirüstü abidəsini də ziyarət ediblər. Sonra tədbir Sabirin ev-muzeyinin qarşısında davam etdirilib. Sabir Poeziya Günlərinə bu gün - mayın 31-də M. F. Axundzadə adına Milli Kitabxanada yekun vurulacaq.

Tofiq Əliyev

O.M.