28 May Pakistanda

28 May Pakistanda

28 May 2011 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

28 May-Respublika Günü münasibətilə Pakistanda təntənəli mərasim keçirilib. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, tədbirdə ölkənin tanınmış ziyalıları, dövlət və hökumət rəsmiləri, jurnalistlər, xarici ölkələrin səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Azərbaycan və Pakistanın dövlət himnləri səsləndikdən sonra səfir Daşqın Şikarov mərasim iştirakçılarını salamlayıb, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət, o cümlədən Azərbaycanın neft strategiyası haqqında ətraflı məlumat verib, ölkəmizin regionda informasiya-kommunikasiya texnologiyaları mərkəzinə çevrildiyini qeyd edib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul olunmasına baxmayaraq, torpaqlarımızın hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu vurğulayıb. Diplomat beynəlxalq birliyin və dünya dövlətlərinin, o cümlədən Pakistanın Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini tam dəstəklədiyini bildirib.
Mərasimdə respublikamız haqqında videoçarx nümayiş etdirilib, Azərbaycan musiqisindən nümunələr səsləndirilib.
İştirakçılara səfirliyin ingilis və urdu dillərində nəşr etdirdiyi "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri", "Azərbaycan-Qafqazın cənnəti", "Azərbaycan poeziyası-dəryadan damla" və digər kitab və nəşrlər təqdim edilib.
Tədbirə əsas qonaq qismində qatılan Pakistanın mənzil və tikinti məsələləri üzrə dövlət naziri Raza Hayat Harrac 28 May-Respublika Günü münasibətilə Pakistan hökuməti və xalqı adından Prezident İlham Əliyevi və onun timsalında Azərbaycan xalqını təbrik etmiş, firavanlıq, tərəqqi və əmin-amanlıq arzulayıb.
Pakistanın dövlət televiziyası PTV-1 xəbərlər proqramında mərasimlə bağlı sujetlər verib, Azərbaycanın bu ölkədəki səfirliyinin təqdim etdiyi "Azərbaycan cəlbedici turizm diyarıdır" filmini nümayiş etdirib.
Pakistanda ingilis və ərəb dillərində nəşr olunan "The Diplomatic Insight" jurnalında, ingilis dilli "Pakistan Observer", "The Nation" və urdu dilli "Nava-i Vaqt", "Daily İttehad", "Daily Azkaar", "Daily K2" və "Daily Kainat" qəzetlərində Azərbaycanla bağlı məqalələr dərc edilib. Məqalələrdə Azərbaycanın müstəqil dövlətçilik tarixi, geostrateji mövqeyi, mədəniyyəti, turizmi və iqtisadiyyatı, habelə ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin həyat və fəaliyyətləri, onların müstəqil Azərbaycanın inkişafı yolunda həyata keçirdikləri islahatlar geniş işıqlandırılıb.
Jurnal və qəzetlərdə Heydər Əliyev Fondunun fəaliyyəti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial layihələr, həmçinin fond tərəfindən Pakistanda tikilən Rara Qızlar məktəbi haqqında dolğun məlumatlar verilib.


Günel Həbib