Çində Azərbaycan Mədəniyyəti günləri başa çatdı

Çində Azərbaycan Mədəniyyəti günləri başa çatdı

28 May 2011 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri mayın 27-də uğurla başa çatıb. Məlumata görə, iki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtdırmaq məqsədi daşıyan tədbirin təşkilatçıları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Çinin Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki səfirliyidir.
Mədəniyyət Günlərində iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin deputatı Rauf Əliyev, Səbail rayonu icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və digər şəxslər daxil idilər.
Mayın 24-də Çin Milli Muzeyində bu ölkənin yüksək vəzifəli şəxslərinin, ölkə ictimaiyyətinin nümayəndələrinin, Pekindəki diplomatik korpusun təmsilçilərinin, soydaşlarımızın, tələbələrin iştirak etdikləri rəsmi açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Çin mədəniyyət nazirinin müavini xanım Gao Şaxua çıxış edərək mədəni əməkdaşlığımızın tarixindən və hazırkı vəziyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan zəngin milli mədəni dəyərləri olan bir diyardır. Hələ qədim İpək Yolu dövründən əsası qoyulan Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsində mədəni əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər. Azərbaycan dövlət rəqs ansamblının, Azərbaycan Dövlət kamera orkestrinin, muğam ifaçılarının möhtəşəm konserti olub. Zala toplaşanların qəlbini riqqətə gətirən Azərbaycan musiqisi hələ uzun müddət çinli sənətsevərlərin yadında qalacaq.
Həmin gün axşam Pekin Universitetinin akt zalında Azərbaycan incəsənət ustalarının daha bir konserti olub.
Mayın 25-də Pekindəki məşhur Pu Du məbədində ölkəmizə aid sərginin açılışı olub. Azərbaycan nümayəndə heyətinin və Çin hökuməti təmsilçilərinin də iştirak etdikləri sərginin "Azərbaycan: ənənə və müasirliyin qovşağında" adlı foto bölməsində ölkəmizin memarlıq abidələri, turizm potensialı və təbiət mənzərələri, Bakının müasir inkişafı əks olunmuşdu. Bu fotoşəkillər ölkəmiz haqqında aydın təsəvvür yaratmaqla yanaşı, Azərbaycanda peşəkar bədii fotoqrafiya sənətinin inkişafını əks etdirməyə xidmət edir.
Azərbaycan xalqının zəngin geyim ənənələrini özündə əks etdirən milli nümunələr də qonaqların marağına səbəb olub. Bundan başqa, sərgidə Bakıdakı miniatür kitab muzeyindən götürülmüş 500-dək kitab nümayiş etdirilib. Ekspozisiyaya çin dilində olan kitablar da daxil idi.
Həmin gün Azərbaycan nümayəndə heyətinin Çinin mədəniyyət naziri Çay U ilə görüşü olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini Siyavuş Novruzovun, Milli Məclisin deputatı Rauf Əliyevin və digər şəxslərin iştirak etdikləri görüşdə iki ölkə arasında mədəni sahədə əlaqələr geniş müzakirə olunub.
Görüşün sonunda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Çinin Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol imzalanıb.
Mayın 27-də Azərbaycan Mədəniyyəti Günləri Çinin tarixi liman şəhəri olan Yentayda yekun konsertlə başa çatıb.
Yentay Böyük Teatrında baş tutan konsertdə çinli sənətsevərlər Azərbaycan musiqisinə, incəsənətinə böyük maraq göstəriblər. "Odlar Yurdu Azərbaycan" rəqs kompozisiyası ilə başlayan konsertdə klassik musiqimiz, muğamlarımız ifa olunmuşdur. Azərbaycan rəqqasları yüksək peşəkarlıqla ifa etdikləri çin rəqsi ilə tamaşaçıları təəccübləndirdilər.
Bu cür mədəniyyət günləri Odlar Yurdunun qədim mədəniyyətini dünyanın ən böyük ölkələrindən olan Çində tanıtdırmaq baxımından xüsusi rol oynayır. Elə üç gün davam edən silsilə tədbirlər nəticəsində çinli sənətsevərlər kolaritli mədəniyyətə, zəngin ənənələrə malik ölkəmizlə yaxından tanış olublar.
Mədəniyyət günləri barədə fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib ki, əsrlər boyu dünya mədəniyyət xəzinəsinə öz incilərini bəxş edən Azərbaycan və Çin arasında mədəni əlaqələrin böyük tarixi var: "Hazırda ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrimiz ölkə rəhbərlərinin dəstəyi sayəsində daha da genişlənir. Çünki bu cür tədbirlər iki ölkə arasında mədəni sahədə əməkdaşlığı möhkəmləndirir. Hesab edirəm ki, mədəniyyət günləri xalqlarımızı bir-birinə yaxınlaşdıracaq, Çində Azərbaycana marağı daha da artıracaq".


Günel Həbib