Habil Əliyev 84 yaşını qeyd etdi

Habil Əliyev 84 yaşını qeyd etdi

27 May 2011 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Habil Mustafa oğlu Əliyev 1927-ci il may ayının 28-də Azərbaycan Respublikası Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik məktəbə gedib. Həmin illərdə məşhur xanəndə və musiqi müəllimi Əhməd Ağdamski (Əhməd Bəşir oğlu Bədəlbəyli) Habilgilin evində kirayədə yaşayırdı. Əhməd Ağdamskinin yaşadığı evə vaxtaşırı musiqiçilər toplaşar, muğamlardan, təsniflərdən, xalq mahnılarından danışar, yeri gəldikcə onlardan parçaları tarda, ya kamançada ifa edərdilər. Balaca Habil uşaq marağı ilə çalğıya qulaq asar, mənasını kəsdirmədiyi söhbətləri dinləyərdi. Elə həmin vaxtdan da Habilin qəlbinə sənətə məhəbbət közü düşmüş, günbəgün, aybaay alışıb alovlanmağa başlamışdı.
Ağdaş musiqi məktəbinə qəbul olan H.Əliyev əvvəlcə tarla maraqlanıb. Ancaq fiziki cəhətdən zəif olduğu üçün biləyi tara tab gətirməyib. Kamançanı seçib. Elə həmin vaxtdan da meylini kamana salıb.
Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra Habil pedaqoji məktəbə daxil olub. O, pedaqoji məktəbdə oxumaqla bərabər axşamlar Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram teatrında işləyib, kamança çalıb. Balaca Habil eyni zamanda Ağdaş rayon pionerlər evində rəqs dərnəyinin də üzvü idi və o, 1944-cü ildə Bakıda keçirilən baxış müsabiqəsinin qalibi olub.
H.Əliyev 1947-ci ildə Ağdaşda Pionerlər evində dərnək rəhbəri olub.
1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas Musiqi Məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb.
Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayıb. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənatkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir.
1961-ci ildə Habil Əliyevin televiziyada ilk konserti olub. Onun yeni ifaçılıq texnikası ilə çaldığı "Segah"musiqisevərlər arasında geniş söz-söhbətə səbəb olub.
Habil Əliyev ğtən əsrin 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapıb.
Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin dünyanın böyük dövlətləri olan ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Habil Əliyev sənətdə göstərdiyi xidmətlərinə görə 29 iyun 1964-cü ildə "Əməkdar artist", 11 yanvar 1978-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Dövlət tərəfindən dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub. Respublika Prezidentinin Fərdi təqaüdçüsüdür. 1954-cü ildə ailə quran sənətkarın 3 qızı, 1 oğlu, 8 nəvəsi var.

Azərbaycanda görkəmli sənətkar kimi tanınmış istedadlı kamança ustası Habil Əliyev həm də müdrik, hazırcavab və zarafatcıl söz adamıdır. Uzun illərdir musiqiçilər, ziyalılar arasında onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Onun danışdığı maraqlı bir əhvalatı nəzərinizə çatdırırıq:
"Bəstəkar Zakir Bağırov Filarmoniyada bədii rəhbər işləyirdi. Bir dəfə Filarmoniyanın girişində onunla üz-üzə gəldik. Zakir müəllim həmişəki kimi saqqız çeynəyə-çeynəyə (nəsə xəstəliyi vardı, həkimlər ona saqqız çeynəməyi tapşırmışdılar) mənimlə salamlaşdı. Sonra ciddi şəkildə dedi:
- Habil, tarını köklə, gedirik Bolqarıstana qastrola.
Mən cavab verdim:
- Zakir müəllim, mən tar çalmıram, kamança çalıram.
O təəccüblə soruşdu:

- Baho, indi də keçdin kamançaya?"

Bu gün xalq artisti Habil Əliyevin 84 yaşı tamam oldu. "Mən yalnız indi bilmişəm ki, yaşamaq necə də gözəl imiş!" - deyən kaman ustamıza Allahdan istədiyi ən böyük arzusuna qovuşmasını diləyirik. Qoy Ulu Tanrı Habil müəllimə özü istədiyi qədər uzun ömür versin, Amin!

Könül Aypara