Əbulfəz Qarayev hansı məqsədlə Çindədir?

Əbulfəz Qarayev hansı məqsədlə Çindədir?

26 May 2011 00:39
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində mayın 25-də Pekindəki məşhur Pu Du məbədində ölkəmizə aid sərginin açılışı olmuşdur. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılış mərasimində çıxış edərək ölkələrimizin qədim və zəngin mədəniyyətə malik olduqlarını, bu cür tədbirlərin xalqlarımızı bir-biri ilə daha da yaxınlaşdırdığını diqqətə çatdırmışdır. Ə.Qarayev əminliklə bildirmişdir ki, çinli sənətsevərlər bu sərgi vasitəsilə Azərbaycan haqqında daha ətraflı məlumat əldə edəcəklər.
Çin Mədəniyyət Nazirliyinin rəsmisi xanım Xonq Li ölkələrimiz arasında hələ qədim dövrlərdən başlamış mədəni əlaqələrin müasir dövrdə yeni mərhələyə qədəm qoyduğunu demişdir. O, sərginin Azərbaycanın Çində tanıdılması baxımından əhəmiyyətini vurğulamışdır.
Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları sərgi ilə yaxından tanış olmuşlar.
Üç hissədən ibarət sərginin "Azərbaycan: ənənə və müasirliyin qovşağında" adlı foto bölməsində ölkəmizin memarlıq abidələri, turizm potensialı və təbiət mənzərələri, Bakının müasir inkişafı əks olunmuşdur. Bu fotoşəkillər ölkəmiz haqqında aydın təsəvvür yaratmaqla yanaşı, Azərbaycanda bədii fotoqrafiya sənətinin, peşəkar fotoqrafiyanın inkişafını əks etdirməyə xidmət edir.
Azərbaycan xalqının zəngin geyim ənənələrini özündə əks etdirən milli geyim nümunələri də qonaqların marağına səbəb olmuşdur. Geyimlər tarixən Azərbaycanın müxtəlif bölgələrində istifadə olunan paltarların eskizləri əsasında hazırlanmışdır.
Bundan başqa, sərgidə Bakıdakı miniatür kitab muzeyindən götürülmüş 500-dək kitab nümayiş etdirilir. Ekspozisiyaya çin dilində olan kitablar da daxildir.

Könül Aypara