Ankarada azərbaycanlı rəssamın əsərlərindən ibarət sərgi açılıb

Ankarada azərbaycanlı rəssamın əsərlərindən ibarət sərgi açılıb

25 May 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Oxumeni.az" "AzərTAc"a istinadən xəbər verir ki, beynəlxalq türk mədəniyyət təşkilatı TÜRKSOY-un Ankaradakı mərkəzi binasında Azərbaycanın Əməkdar Rəssamı Əşrəf Heybətovun anadan olmasının 60 illiyi münasibətilə onun əsərlərindən ibarət "Türk dünyası" adlı sərgi açılmışdır. Sərgidə rəssamın müxtəlif janrlarda 30 tablosu nümayiş etdirilir.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Kamal Fahri Gənc, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı zəngin ənənələri olan Azərbaycan rəssamlıq sənətinin nümayəndələrindən biri olan Əşrəf Heybətovun yaradıcılığından bəhs etmiş, onun milli koloritlərlə zəngin tablolarının xalqımızın qədim həyat və məişətinin Avropa və Türkiyədə tanıtdığını vurğulamışlar.

Əşrəf Heybətov sərginin təşkilinə və göstərilən diqqətə görə TÜRKSOY təşkilatı və Azərbaycanın Türkiyədəki səfirliyinə təşəkkürünü bildirmişdir.

Səfir Faiq Bağırov və Düsen Kaseinov yubilyar rəssama xatirə hədiyyələri təqdim etmişlər.

On beş ildən artıq müddət ərzində Almaniyada yaşayan Əşrəf Heybətovun sərgisinin açılışında Berlindən gəlmiş qonaqlar, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, sənət adamları iştirak etmişlər.

Mədəniyyət işçisinin mədəni niyyəti sərgilənib.

Tofiq Əliyev

O.M.