Belorus Ell-Nikini qələbəni pulla almaqda ittiham etdi

Belorus Ell-Nikini qələbəni pulla almaqda ittiham etdi

19 May 2011 17:32
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiya mətbuatının təqdim etdiyi faktlar

Rusiyanın "Карта Музыки" (qeyd: Musiqi Xəritəsi) mədəniyyət portalında Azərbaycanın Eurovisionda qələbəsini kölgə altına alan bir məqalə ilə tanış oldum. Qələbəmizin şərhsiz-şübhəsiz olduğuna inandığım üçün məqaləni sizlərə təqdim etməyi qərara aldım.

2005-ci ildə Belorusu "Eurovision"da təmsil edən Anjelika Aqurbaş Azərbaycan cütlüyü Ell və Nikini qələbəni satın almaqda ittiham edib. Anjelika etiraf edib ki, bu müsabiqədə çoxlu "sualtı daşlar" var. Aqurbaş "Karta muzıki" saytına müsahibəsində deyib: " Mən "Eurovision"a yollananda elə bilirdim ki, Avropa həqiqətən səs verir, hər şey vicdanladır. Sən demə, təşkilatçıların sözləri həlledici imiş. Onlara baxımlı final lazım idi. Bu da alındı. İndiki halda heç bir səsvermə iştirakçılara kömək edə bilməzdi. Çünki səsvermə SMS və telefon zəngləri ilə keçirilsə də, bütün ölkələrdə toplanan səsləri qısa müddətdə bir yerə toplayıb hesablamaq texniki cəhətdən qeyri-mümkündür. Deməli, nəticələr reallıqdan çox təşkilatçıların istəyini əks etdirir."

Daha sonra Belorus nümayəndəsi sözlərinə aydınlıq gətirməyə çalışdı: "2005-ci ildə müsabiqə ərəfəsində ərimlə mənə bir kişi yaxınlaşdı və özünü Eurovision təşkilatçılarından biri kimi təqdim edib çəkinmədən dedi: " Sənə hərəsi 100 min dollar müqabilində 10 ölkənin 12 balını təşkil edə bilərəm." Belə çıxır ki, milyon dollara mən finala çıxa bilərdim."

Qeyd edək ki, son bir neçə ildə "Eurovision"u boykot edən İtaliya uzun sürən fasilədən sonra bu il ilk dəfə idi ki, yarışmada iştirak edirdi. Onlar II yerə çıxmasaydılar, təbii ki, gələn il yenə də küsüb çıxış etməyəcəkdilər. Bu isə İtaliyanın Eurovisiona ianələrinin sonu ilə nəticələnəcəkdi. Odur ki, onların II yerə çıxmağını təsadüf adlandırmaq sadəlövhlük olardı.


Ell və Nikkinin qələbəsi təkcə Aqurbaşın tənqidi ilə müşayiət olunmur. Onları "One Republic" qrupunun mahnısının melodiyasını oğurlamaqda ittiham edirlər.

Şərhi sizin ixtiyarınıza buraxsam da, bir həqiqəti qeyd etməliyəm: "Qaliblər heç zaman müzakirə olunmur!"

Bəhram Mustafabəyli

O.M.