Latviyanın birinci xanımı İçəri şəhərlə tanış olub

Latviyanın birinci xanımı İçəri şəhərlə tanış olub

11 May 2011 16:50
Bəyəndim (0) Bəyənmədim (0)


Latviyanın birinci xanımı Lilita Zatlere ölkəmizə səfəri çərçivəsində mayın 11-də dünya mədəni irs abidələrindən olan İçəri şəhərlə tanış olmuşdur.

Elektromobillərlə gəzinti zamanı qonağa YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçəri şəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Latviyanın birinci xanımı milli mədəni irsimizin incisi sayılan "Şirvаnşаhlаr Sаrаyı Kompleksi" ilə tanış olmuşdur. Qonağa saray kompleksi barədə ətraflı məlumat verilmişdir. Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Lilita Zatlere təndir çörəyinə qonaq edilmişdir. Sonra Latviyanın birinci xanımı dünya şöhrətli rəssam Tahir Salahovun emalatxanasında fırça ustasının yaradıcılığı ilə tanış olmuşdur. Görkəmli rəssam qonağa əsərləri barədə geniş məlumat vermişdir. Portret və peyzaj ustası kimi tanınmış rəssamın müxtəlif mövzularda yaratdığı əsərlər qonaq tərəfindən yüksək qiymətləndirilmişdir. Qonaq rəssamın əsərlərini Azərbaycan incəsənətinin incilərindən hesab etmişdir. T.Salahov Latviyanın birinci xanımı Lilita Zatlereyə əsərlərindən ibarət üçcildlik kataloq hədiyyə etmişdir.

Qonaq "Bazar meydanı"ndakı əzəmətli Qız qalasının üstünə qalxaraq paytaxtın mənzərəsini seyr etmişdir. Bakının rəmzi sayılan abidənin tarixi barədə qonağa məlumat verilmişdir. Latviyanın birinci xanımı İçəri şəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır. Qonağa xatirə hədiyyələri təqdim olunmuşdur.



Tofiq Əliyev


O.M.