Xətai və Nizami rayonlarında ənənəvi Gül bayramı keçirilmişdir

Xətai və Nizami rayonlarında ənənəvi Gül bayramı keçirilmişdir

10 May 2011 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Xətai rayonunda ulu öndərin adını daşıyan parkda Gül bayramı keçirilmişdir. "Oxumeni.az" "AzərTAc" istinadən xəbər verir ki, dahi şəxsiyyətin adını daşıyan park bayram libasına bürünmüşdü. Müxtəlif gül kompozisiyalarından, pannolardan, şəkil və plakatlardan, əl işlərindən ibarət sərgilər Gül bayramına gələnləri dönə-dönə ayaq saxlamağa vadar edirdi. Rayonun idarə və təşkilatlarının, ümumtəhsil məktəbləri kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin aylardan bəri hazırladıqları əl işlərindən ibarət sərgi göz oxşayırdı.

Yaradıcı yanaşma, ən yaxşı kompozisiya, ən yaxşı gül rəsmi, ən yaxşı tətbiqi sənət nümunəsi, ən gözəl gül geyimi, gül mövzusunda ən yaxşı müəllif fotosu nominasiyalarının qalibləri mükafatlandırılmışlar.

Xətai rayonunun idmançılarının bayraq nümayişi də böyük maraqla qarşılanmışdır.

Gül bayramında rayonun bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Paytaxtın Nizami rayonunda da Gül bayramı keçirilmişdir. Rayon məktəblilərinin güllərdən hazırladıqları müxtəlif kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Məlumat verilmişdir ki, nümayiş olunan kompozisiyalarda minlərlə qərənfil, çobanyastığı və digər güllərdən istifadə olunmuşdur. Bayram əhval-ruhiyyəsində bəzədilmiş parkda nümayiş olunan əsərlər insanlara yüksək estetik zövq bəxş etmişdir.

Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin qiymətləndirmə komissiyası tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilmişdir.

Tədbirdə rayonun musiqi məktəblərinin və mədəniyyət evlərinin kollektivləri konsert proqramı ilə çıxış etmişlər. Sonda xalq gəzintisi təşkil olunmuşdur.


Gül bayramı hamımızın ömrünü gül kimi təravətli, ətirli etsin...

Tofiq Əliyev

O.M.