Xalq Şairi Nəriman Həsənzadənin 80 illiyinə həsr olunmuş tədbir

Xalq Şairi Nəriman Həsənzadənin 80 illiyinə həsr olunmuş tədbir

6 May 2011 12:07
Bəyəndim (0) Bəyənmədim (0)


Kürdəmir Rayon İcra Hakimiyyəti və AMEA-nın N.Gəncəvi adına Milli Ədəbiyyat Muzeyi Aran Regional Şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmirdə müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Nəriman Həsənzadənin həyat və yaradıcılığı barədə məlumat vermişdir. Filologiya elmləri doktoru Qara Namazov, filologiya elmləri namizədi, tənqidçi Vaqif Yusifli, N.Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin əməkdaşı, filologiya elmləri doktoru Şəfəq Əliyeva, filologiya elmləri namizədi İbrahim Qurbanov, yubilyarın Almaniyadan gəlmiş şair dostu Simax Şeyda tədbirdə çıxış etmiş, N.Həsənzadənin yaradıcılığının məziyyətlərindən danışmışlar. Çıxışlarda azərbaycançılığın, Vətənə, xalqa bağlılığın N.Həsənzadə yaradıcılığında xüsusi əhəmiyyət daşıdığı vurğulanmışdır.


Yubilyarın həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilmiş, məktəblilərin ifasında onun poema və şeirlərinin motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya göstərilmişdir. Sonda Xalq Şairi Nəriman Həsənzadə tədbirin təşkilatçılarına, ünvanına xoş sözlər söyləyən elm xadimlərinə, yaxın dostlarına, öz ifaları ilə məclisə şirinlik və xoş ovqat gətirən sənətkarlara təşəkkürünü bildirmişdir.


Şeir qəlbin kağıza köçürülmüş bədii təzahürüdür. O gün qəlblərdən qəlbə yollar salındı...

Tofiq Əliyev

O.M.