Xoreoqraf Şəhriyar Cəfərov: “Afaq Məlikovanın quruluşları sıfır səviyyəsindədir”

Xoreoqraf Şəhriyar Cəfərov: “Afaq Məlikovanın quruluşları sıfır səviyyəsindədir”

5 Fevral 2013 13:45
Bəyəndim (0) Bəyənmədim (0)
“Nazir Əbülfəz Qarayev bu gün mədəniyyətlə deyil, turizmlə məşğuldur”

Beynəlxalq müsabiqələr laureatı, rəqqas, xoreoqraf Şəhriyar Cəfərov Azərbaycanın milli rəqslərinin uçurum astanasında olduğunu bildirir. O, vəziyyətin son dərəcə gərgin olduğunu qeyd edərək həyəcan təbili çalır. Görəsən, doğrudanmı vəziyyət bu qədər acınacaqlıdır? Bu və digər suallara cavab tapmaq üçün əvvəlcə Ş.Cəfərovun "Azadlıq" qəzeti vasitəsilə müvafiq qurumlara ünvanlandırdığı tənqidi fikirləri sizlərə təqdim edirik.

Milli rəqslərimiz məhv olur

"Folklor rəqslərimiz bu gün bərbad vəziyyətdə təqdim olunur. Bunun günahı da ansamblın, Balet Teatrı və Filarmoniyanın rəhbərindədir. Milli folklor rəqslərimiz uçurum astanasındadır. Dövlət Rəqs Ansamblın baş baletmeysteri xalq artisti Afaq Məlikovadır. Peşəkar baletmeyster olaraq deyirəm ki, onun quruluşları sıfır səviyyəsindədir. Çox böyük nöqsanlar var. "Vağzalı-Mirzəyi" rəqsində xalq artisti səhnəyə çıxanda onun ətrafında 20 nəfər rəqqas kişi olur. Bu xanımın hansı obrazda olmasını sual edirəm. Əgər gəlin obrazındadırsa, o, 20 nəfər kişinin ətrafında nə gəzir? Toyda olan bir rəqqasəni təqdim edirsə, bizdə kişi məclislərində qadın rəqqasə rəqs etməyib. Bu fakt milli rəqslərimizi düzgün təqdim etməməkdir. Üzeyir Hacıbəyovun musiqisinə yazılan "Cəngi" rəqsi vətənpərvərlik mövzusunda, igidliyi tərənnüm edən, qılınc-qalxanlarla olan, kişilərin oynadığı bir rəqsdir. Çünki bu rəqs musiqisinin dramaturji xətti budur. Afaq Məlikova, Dövlət Rəqs Ansamblı həmin rəqsi tamaşaçılara oğlanlarla qızların kütləvi bir bayram rəqsi kimi təqdim edir. "Şalaxo" rəqsinin daxilində slavyan mənşəli həqiqətlər təqdim olunur. Belə yad ünsürlər milli rəqslərimizə xələl gətirir. Bir çox dövlət tədbirləri və qastrol səfərlərində bu rəqslər bərbad, nöqsanlı quruluşlarda göstərilir. Mədəniyyət Nazirliyinin məmurları anlayır ki, bu quruluşlar səhvdir. Amma nə fayda. Nəticədə milli rəqslərimiz məhv olur".

Şəxsi ambisiyalara görə teatrın repertuarını bərbad günə salıblar

Ş.Cəfərov bildirib ki, hansısa səbəbdən Mədəniyyət Nazirliyi milli rəqslərimizlə bağlı festival keçirməyə həvəsli görünmür: "Mədəniyyət Nazirliyi muğam, caz, Rastropoviç adına musiqi festivalı keçirir, lakin uzun illər ərzində rəqslərə biganə münasibət göstərir. Niyə bir dəfə də folklor rəqs, klassik balet rəqs müsabiqəsi keçirilməyib? Bunun səbəbi Mədəniyyət Nazirliyinin rəqs sənətinə barmaqarası baxmasıdır. Diqqət edin, milli rəqslərimizin banisi olan Əlibala Abdullayevin adına rəqs festivalı keçirmək olmazmı? Eləcə də Qəmər Almaszadə adına klassik balet müsabiqəsi keçirilsin.
Opera və Balet Teatrının rəhbərliyi teatrın daxilində düzgün yaradıcı siyasət yürütmür. Şəxsi ambisiyalarına görə teatrın repertuarını bərbad günə salıblar. 25 il ərzində şəhidlər, Xocalı, Qarabağ mövzusunda bir dəfə də olsun balet tamaşası qoyulmayıb. Niyə? Cəmiyyətə, ictimaiyyətə vətənpərvərlik mövzusu lazımdır. Mən beş dəfə şəhidlər mövzusuna müraciət edən baletmeysterəm. Bunu da dövlət televiziyası çəkib. Bu mövzunu 20 Yanvar şəhidləri İlhamla Fərizəyə ithaf etmişəm. Eləcə də Xocalı faciəsini əks etdirən xoreoqrafik kompozisiyaya mövzu olaraq ilk dəfə mən müraciət etmişəm.
Vətənpərvərlik mövzusu olan "Babək" baleti bu gün repertuarda yoxdur. Bu baletin quruluşçusu Rəfiqə Axundova ilə Afaq Məlikovadır. Teatrın direktoru Akif Məlikov R.Axundovanın repertuarında olan bütün baletləri silib. Nazir Əbülfəz Qarayev bu gün mədəniyyətlə deyil, turizmlə məşğuldur. Mədəniyyət onun müavini Ədalət Vəliyevin əlindədir. O da Polad Bülbüloğlu komandasının yetirməsidir. Opera və Balet Teatrının rəhbəri şəxsi ambisiyası üçün balet tariximizi zərbə altına qoyub. Rəfiqə Axundova teatrdan gedəndən sonra 13 il "Yeddi gözəl" də repertuardan yığışdırıldı. Əbülfəz Qarayev nazir olandan sonra yenidən həmin baletə müraciət edildi. Moskvadan dəvət edilən bir baletmeyster ona quruluş verdi. Mən peşəkar kimi həmin quruluşu tənqid edirəm. Bu gün milli sərvətimiz olan "Humay", "Nəsimi", "Məhəbbət əfsanəsi" və s. baletlərimiz tamaşaya qoyulmur. Bu barədə olan tənqidi müraciətimə təhqirlə cavab verirlər. Buna görə bir ildir Opera və Balet Teatrı ilə məhkəmə prosesim gedir. Məhkəmələr isə sadə vətəndaşın deyil, dövlət məmurlarının arxasında duraraq onlara sərf edən qərarlar çıxarır".

Rəqqaslarla bağlı absurd əmr

Rəqqasın sözlərinə görə, filarmoniyada Murad Adıgözəlzadənin imzası ilə absurd əmr imzalanıb: "Həmin əmrdə deyilir ki, teatr rəqqaslarının əlavə olaraq işdə çalışmadan əldə etdiyi gəlirin 20 faizini teatra ödənməlidir. Bu, rəhbərlərin rəqqaslara ucuz, alçaldıcı münasibətinin göstəricisidir. Mədəniyyət Nazirliyi xaricdən baletmeyster dəvət edib dövlətin pulunu ona ödəyincə, istedadlı gəncləri təkmilləşdirmə kurslarına göndərmək, kadr yetişdirmək olar. Bu gün gənc baletmeysterimiz yoxdur. Biganə münasibətə görə teatrın direktoru Akif Məlikovu, filarmoniyanın direktoru Murad Adıgözəlzadəni, Dövlət rəqs ansamblının bədii rəhbəri Afaq Məlikova və Mədəniyyət Nazirliyinin incəsənətə cavabdeh məmurlarını günahlandırıram. Folklor, milli klassik rəqslərimizi qorumaq lazımdır, mənim mübarizəm budur".
Yazıda adıçəkilən şəxslərin mövqeyini də dərc etməyə hazırıq.

O.M.