Bu gün Eldar və Nigarın ilk mətbuat konfransı keçiriləcək

Bu gün Eldar və Nigarın ilk mətbuat konfransı keçiriləcək

2 May 2011 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camalın bu gün Düsseldorfun "Fortuna Arena"sında ilk məşqləri baş tutacaq. Eldar və Nigar dueti, eləcə də nümayəndə heyəti ötən gecə müsabiqənin keçiriləcəyi Düsseldorf şəhərinə gediblər. Düsseldorf hava limanında Azərbaycan təmsilçilərini müxtəlif ölkələrin KİV nümayəndələri qarşılayıb. Avropa mediası Eldar və Nigara onları maraqlandıran sualları ünvanlayıb, təmsilçilərimizin maraqlı cavablarını alıblar. Bu gün Almaniya saatı ilə 17:00, yerli vaxtla 20:00-da təmsilçilərimizin ilk məşqi keçiriləcək. Azərbaycan təmsilçilərinin ilk məşqindən dərhal sonra isə duetimizin ilk mətbuat konfransı baş tutacaq. Xatırladaq ki, Düsseldorf "Fortuna Arena"sında "Eurovision-2011" müsabiqəsinin iştirakçılarının məşqlərinə ötən gündən start verilib. Dünəndən etibarən bir neçə ölkə təmsilçisi artıq bu səhnədə ilk məşqlərini ediblər. Ötən gün Türkiyəni müsabiqədə təmsil edən "Yüksək Sadakat" rok qrupunun da məşqləri, eləcə də mətbuat konfransları baş tutub. Bu gün Azərbaycan təmsilçiləri ilə bərabər Malta, San-marina, Xorvatiya, İslandiya, Macarıstan, Portuqaliya, Litva və Yunanıstan təmsilçilərinin də məşqləri başlayır. Mayın 1-dən Düsseldorfun "Fortuna Arena"sı, eləcə də xüsusi partilərin keçirilməsi üçün hazırlanan və 1200 nəfərlik tutumu olan "Eurodom"lar qonaqların ixtiyarına verilib. Qeyd edək ki, Azərbaycan təmsilçiləri Eldar və Nigar mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcəklər. Təmsilçilərimiz "Running Scared" mahnısı ilə Avropa ictimaiyyəti qarşısında çıxış edəcəklər.


Təlimdə tər tökən, döyüşdə qan tökməz...


Tofiq Əliyev.


O.M.