“Xoşbəxtəm ki, musiqi mədəniyyətimizi təbliğ edərək, xalqıma xidmət edirəm...”

“Xoşbəxtəm ki, musiqi mədəniyyətimizi təbliğ edərək, xalqıma xidmət edirəm...”

15 Aprel 2022 20:36
Bəyəndim (0) Bəyənmədim (0)

“Özbəkistana ilk dəfə üç il öncə Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Sabir Abbasov tərəfindən dəvət almışdım. Onda Azərbaycan və Özbəkistanın müstəqillik gününə həsr edilmiş tədbirdə iştirak edirdim. Həmin vaxtdan mənim üçün Samir müəllimin sayəsində Özbəkistana yollar açıldı. Orda insanların sevgisini, sənətimə, səsimə verdikləri dəyəri gördüm. Doğrudan da özbək millət çox mehriban, qonaqpərvər, musiqi, sevgidolu insanlardır, ruhları gözəldir”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib. Xanəndə bir neçə gün öncə növbəti dəfə Özbəkistan səfərindən qayıtdığını bildirib:

“Pandemiyadan sonra oktyabr ayında əzizimiz, hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva tərəfindən yenə dəvət gəldi. Daha doğrusu bu dəvətdə yenə də Samir müəllimin rolu var idi ki, Gülyanaq xanımı Özbəkistanda çox istəyirlər. Hər ikisinin dəvətini qəbul edərək Qənirə xanımla və bir çox dövlət rəhbər işçiləriylə Özbəkistana yola düşdük və orda Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti günləri keçirildi. Oktyabr ayında Daşkənddə, Xarəzim vilayətində, Urgəncdə, Xivədə və eyni zamanda Qaraqalpaqıstanda Nukas şəhərlərində konsertlərimiz olmuşdu. Yenə də orda onların böyük sevgisini gördüm, onların musiqisevərliyinə, sənətə, sənətkara verdikləri dəyərə vuruldum. Dorğrudan da heyran qaldım.

Aprelin 5-i və 12-i tarixlərində biz növbəti dəvə Özbəkistana Qənirə xanım və Samir müəllimin dəvətiylə səfərə getdik. Mən yenə bu təklifə razılıq verdim. Bu dəfə isə Daşkənddə və eyni zamanda Surxandərya vilayətində Termes şəhərində konsertlərimiz baş tutdu. Burda konsertlə yanaşı, önəmli görüşlərdən də söhbət gedirdi. Qənirə xanım Paşayevanın və Samir Abbasovun iki ölkənin dostluq naminə gördüyü işlər doğrudan da Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsində çox böyük rol oynayır. Təsəvvür edin ki, bizim Daşkənddə Nizami Gəncəvi adına Dövlət Universitetində görüşlərimiz oldu. Həm rəsmi, həm də bədii hissələrlə çıxış etdik. Eyni zamanda, Termes Dövlət Universitetində də tədbirlərimiz oldu. Universitetdə Xurşidbanu Natəvanın kitablarından ibarət muzeyinin açılışı oldu. Axşam isə böyük bir konsert proqramımız oldu. Bunlarla yanaşı, Əlişir Nəvai adına Dövlət Universitetində də gözəl görüş və konsertimiz oldu. Qənirə xanımın ədəbiyyatımızla bağlı çox möhtəşəm, bir-birindən maraqlı çıxışları oldu. Bu görüşlərin hamısında mən yeni-yeni məlumatlar öyrənirdim. Həm ədəbiyyatımızın zənginliyi, həm də istər Özbəkistan, istərsə də Azərbaycanın yaradıcı insanları haqqında bilgiləri öyrənmək mənim üçün çox önəmli idi. Eyni zamanda, hər rəsmi və bədii hissənin sonunda Azərbaycanımızın məşhur modelyeri Afaq İsmayılzadənin hazırladığı Özbəkistan və Azərbaycan milli geyimləri nümayiş olunurdu. Çox gözəl formada onları təqdim etdi.

Onu da deyim ki, Əlişir Nəvai adına Dövlət Universitetində də Xurşidbanu Natəvanın kitablarının təqdimatı oldu. Bir çox azərbaycanlı və Özbəkistanda yaşamış, Azərbaycanın milli musiqisinə, ədəbiyyatına xidmət edən insanlar var ki, onlar Özbəkistanda, Daşkənddə yaşasalar belə, özlərini bu yaradıcılığa həsr ediblər. Özbəkistanda yaşayan soydaşlarımızın baryerlərinin açılışında da iştirak etdik. Onlardan biri də Şövkət xanım idi ki, o neçə illərdir Öbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi açılandan orda milli xalq rəqslərimizi gənclərimizə öyrədib. Amma çox təəssüf ki, bir il öncə dünyasını dəyişib. Onun gördüyü işlərlə bizi Qənirə xanım tanış etdi.

Yazıçlarla da görüşlərimiz oldu. Nizaminin xəmsələrini özbək dilinə tərcümə edən tərcüməçi Camal Kamalın evində qonaq olduq. Bizim orda daha bir həmyerlimiz İlham Abdullayev mənimlə birlikdə eyni səhnəni paylaşdı. Azərbaycan milli saz ifaçısı olaraq səhnədə həm mənə dəstək oldu, həm də özü xalq musiqilərimizdən ifa etdi. Səfərə yollanan hər bir kəs çalışdı ki, Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti günlərini çox yüksək səviyyədə təqdim edək. Bu dəfəki səfərimizdə söhbət Nizami Gəncəvidən getdiyi üçün Gəncədən olan millət vəkilimiz Müşfiq müəllim və Gəncə Mədəniyyət İdarəsinin rəisi Vasif müəllim də iştirak edirdi. Mədəniyyət Nazirliyimizdən isə hörmətli Akif müəllim kitab idarəsinin rəisi kimi bizimlə səfərdə idi. Elmlər Akademiyasından isə Kərimulla müəllim iştirak edirdi. Çox gözəl kitablar təqdim olundu.

Özbəkistana olan hər bir səfərimiz maraqlı olur, bundan zövq alıram. Ölkəmizi təmsil etməyə getmişdim və yüksək səviyyədə çalışdım bunu edim. Çox şükür başıuca döndüm. İstər Qənirə xanımın işgizarlığı, istərsə də Samir müəllimin gördüyü işlər doğrudan da danılmazdır. Bizim Daşkənddəki səfirimiz Hüseyn Quliyevin də qəbulunda olduq, ona da öz təşəkürümü bildirirəm. Çünki bu tədbirlərin başında Özbəkistan tərəfdən Hüseyn müəllim durur. Çox xoşbəxtəm ki, dövlətimin musiqi mədəniyyətini təqdim edərək, xalqıma xidmət edirəm. Gördüyüm bu işdən də şərəf duyuram”.