Müəllim işləmək istəyənlər üçün yaxşı fürsət yaranıb

Müəllim işləmək istəyənlər üçün yaxşı fürsət yaranıb

4 İyul 2012 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il ötən ilkindən fərqli olaraq Azərbaycanda müəllim işləmək istəyən namizədlər daha çox vakant yer seçə biləcəklər.

Bu barədə Apa -ya açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib. Onun sözlərinə görə ötən il namizədlər 4 vakant yer seçə bilirdilərsə, bu il bu rəqəm 8 olacaq: "Seçim imkanını ona görə artırmışıq ki, daha çox vakant yerlərə sənəd verilsin və həmin yerlər dolsun".
F. Qədirov deyib ki, bu il imtahanların nəticələrinə əsasən, keçid balları da dəyişdirilə bilər: " Reqlamentdə nəzərdə tutulub ki, imtahan suallarının 80 faizinə, ucqar kənd məktəblərində olan vakant yerlər üçün isə sualların 60 faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunurlar. Bu il yenilik tətbiq ediləcək. Belə ki, əgər müsabiqə zamanı görsək ki, vakant yer qalıb o zaman keçid balına dəyişiklik ediləcək. Yəni vakant yerlərin sayı çox olarsa, keçid balını müəyyən qədər aşağı salacağıq ki, daha çox müəllimlər işlə təmin olunsun və vakant yerlər dolsun".
F. Qədirov onu da deyib ki, bu il ali və orta ixtisas məktəblərini bitirən, hələ təhsil sənədlərini almayan məzunlar da müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Onun sözlərinə görə, təhsil sənədlərini almayan məzunlar arayış vasitəsilə vakant yerlər üçün elektron ərizə verə bilərlər: "Onlara da imkanlar yaradırıq ki, ərizə verib, imtahanlara qatıla bilsinlər. Lakin müsabiqədən keçib işə qəbul olunduqdan sonra onlardan təhsil sənədləri tələb ediləcək".

O.M.