Ərdoğan, xoş gəldin Azərbaycana

Ərdoğan, xoş gəldin Azərbaycana

23 İyul 13:39
1 634
Bəyəndim (1) Bəyənmədim (0)

Yaxşı insanın müsbət mənəvi keyfiyyətləri onu yaxşılıq müstəvisinə çıxarır. Yaxşı, müsbət iş-hərəkət, xeyirxahlıq, qayğıkeşlik, imkansızlara kömək yaxşı insanların əsas məqsədidir. Yaxşılıq və xeyirxahlıq hec vaxt itmir. Edilən yaxşılıqlar da gec-tez yaxşılıq edən şəxsin özünə qayıdır, onu əsl insan kimi tanıdır və ucaldır. Atalar demiş: “Ömrün bərəkəti yaxşı əməl ilədir”. Və “Dünyada ən yaxşı şey yaxşılıqdır”. Bu mənada, istedadlı şair-publisist Eldar Həsənli də bütün yaxşılıqları öz insan xarakterində cəmləşdirib. Onun «Ərdoğan, xoş gəldin Azərbaycana!» əsəri də bir yaxşılıq faktıdır; yəni edilən mənəvi köməyə o səpkidə qarşılıq vermək bu komponentin göstəricisidir...
Yaxşı, mətanətli, dürüst, eyni zamanda geniş təfəkkürlü olmaq o qədər asan iş deyil... Bu müstəvidə biz Eldar Həsənlinin şeirlərində bir əsas nüans tapmışıq: İnsanlığımızı itirdiyimiz yerdə dostlarımızı, yaxınlarımızı, bir sözlə həyatımızı itirmiş oluruq. Əbəs yerə deyilməyib: “Həqiqətən də insanların ən ləyaqətlisi, ən yetkini əxlaqı gözəl olanlar və ailə üzvlərinə (cəmiyyətə) qarşı böyük ehtiramla yanaşanlardır”. İstedadlı şairimizin adıçəkilən əsəri də Türk dünyasının böyük öndəri Ərdoğanın timsalında bir ehtiram nümunəsidir. Əsərdə təlqin edilir ki, Vətəni, torpağı, eli-obanı sevmək hər bir insanın məqsədi olmalıdır.
Maraq baxımından əsəri geniş auditoriyaya təqdim edirik.

Bütöv kainatı nura bələsin,
Uçan durnaları göydə əyləsin,
İzmirə-İzmitə salam söyləsin,
Mənim bu deyimim yetişsin Vana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Bəli, zamanın tarixə istinadları bəzən mümkün reallığı əks etdirib. Bu reallığın ən doğru gerçəkləri şəxsiyyət amilidir. O şəxsiyyət ki, zamanın bayraqdarına çevrilir. Əsrimizin zaman və tarix reallığı da böyük şəxsiyyətlərin ucalığı ilə xarakterizə olunub. Məhz

istedadlı şair Eldar Həsənli əsərdə türkün uca lideri Ərdoğanı böyük şəxsiyyət və şöhrətli insan kimi poetikləşdirir, onun timsalında bu kodeksi ictimai zəminlər üçün bir həyat qaynarlığı hesab edir.


Sağlam bir bədənik, sağlam qanadıq,
Belə bir görüşə ürəkdən şadıq,
Sevinci sizinlə birgə yaşadıq,
Sanki öz oğluna qovuşdu ana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Sizi gözləyirik hər həftə, hər ay,
Yerdə sürünənlər salsa da haray,
Günəşin qoynunda qurmusan saray,
Dayanıb bu yoldan çəkilmə yana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!
“İki millət, bir dövlət” fikri təkcə sadə söz yığını deyil, əməldə fövqəllik yaradan meyardır. Bunu əsər boyu aydın şərh edirik. İstedadlı şair Eldar Həsənli əsərdə Türkiyə və Azərbaycanın bu çağa kimi yaşadıqları siyasi həyatı dərin ədəbi parametrlərdə çözür, bir növ, bu kodeksi həyat salnaməsi kimi mənalandırır. Bu mənada həm Azərbaycan liderinin, həm də Ərdoğanın xalqlarımız üçün gördükləri işlər çoxşaxəliliyi ilə diqqət çəkir. Əsasən, zəhmətkeş, xeyirxah insan kimi rəğbət qazanmış, milli-mənəvi dəyərlərin təbliğatçısı olmuş, bu gün də xalqın və dövlətin yanında olmaqdan zövq alan Ərdoğan ucalığı mənəvi zənginliyin bariz təcəssümüdür. Eldar Həsənli onu bir Vətən övladı, Vətən - Xalq ucalığında təcəlla edən böyük qüdrət sahibi kimi təlqin edir.
Digər tərəfdən, ölkə prezidentinin Davosdakı müdhiş çıxışı, “Qarabağ Azərbaycandır!” fikri, həmçinin, “əgər Ərdoğan burda yoxdursa, biz varıq” deməsi bütün dünyada ölkəmizə, Qarabağa. eyni zamanda Türk dünyasına münasibəti yaxşı mənada dəyişdi, bu da erməni və havadarlarını bərk narahat etdi. Nəticədə, Ali Baş Komandanın və Ordumuzun zəfər hissi Qarabağda məşəl yandırdı. Eldar Həsənli “Sizi gözləyirik hər həftə, hər ay, Yerdə sürünənlər salsa da haray” fikri ilə məhz həmin situasiyaya diqqət çəkib.

Qan-qada bu yerdə çıxmışdı dizə,
Göydən od yağırdı cığıra, izə,
Nə yaxşı özünü yetirdin bizə,
İllərdi təşnəydik biz bu fərmana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Yurdun sərvətiyik, yurdun varıyıq,
Yurdun qeyrətiyik, yurdun arıyıq,
Doğma bir atanın övladlarıyıq,
Artıq yerimisən iliyə, qana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Sənin ətrafında dünya birləşər,
Önündə əriyib muma dönər şər,
Tək səni dinləyir, tək səni, bəşər,
Nələr söyləmisən, nələr, cahana,
Ərdoğan, xoş gəldin Azərbaycana!

Ərdoğanın böyük öndər olması təkcə dünyada yaratdığı fövqəl əməllə deyil, sözdə də zahir olur. İstedadlı şair Eldar Həsənli bu vacib poetik nüansı elə o şəkildə də qabartmaqla Türk dünyasının sınmaz olduğuna işarə vurub. Həm də bu, bütün dünyaya bir mesajdır. “Tək səni dinləyir, tək səni, bəşər” fikrindəki mahiyyət bu kateqorik zərurəti özündə ifadə edir.

Rədd etdi biryolluq tam əsarəti,
Bu yolda əridi sümüyü, əti,
Asan olmasa da yeni dövləti,
Öndər cürətiylə saldı səhmana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Ölkəmizin qazandığı mükəmməl siyasi təcrübə artıq bütün dünyada qəbul olunur. Eldar Həsənli dahi şəxsiyyət Heydər Əliyev siyasi qüdrətini geniş anlamda xarakterizə etməklə həm də demək istəyir ki, dövlətçiliyimizin möhkəmlənməsi bu gün həmin strateji işin sayəsindədir.

Sizsiz ötüb keçmir bircə anım da,
Dolanıb gəzirsən inan, qanımda,
Yerin ayrıcadı mənim yanımda,
Səni bənzətmirəm sultana, xana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Əsərdə ifadə olunur ki, hamımızın Azərbaycan adlı bir Vətəni var və bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.

Səngiməz bu yolda közü İlhamın,
Hələ yerindədi sözü İlhamın,
Özü cavab verdi, özü İlhamın,
Bizdən yurd umana, torpaq umana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Bu misralarda ölkəmizin dövlətçilik ənənələri, dövlətçilik prinsipləri həyat meyarları kimi uğurla təsbit olunur. Müəllif ölkə prezidentinin humanist fəaliyyətinin mühüm istiqamətlərinə diqqət çəkir, onun müasir Azərbaycan üçün böyük bir ucalıq olduğunu xarakterizə edir. Bu da o anlama gəlir ki, Azərbaycan vətəndaşının tarixdə müstəsna yeri və rolu var. Zaman-zaman tarix ictimai həyatda şəxsiyyətlərin inkişafı üçün hər cür şərait yaradıb. Bununla da ölkələr şəxsiyyət məsələlərinə böyük önəm verməklə, həm də ona cəmiyyətdə məxsusi dəyər vermişlər. Bu gün Azərbaycanda da şəxsiyyət həyatın aparıcı qüvvələrindəndir. Və heç bir şübhə yoxdur ki, ölkə prezidentinin vətəndaşlıq duyğularında bu amil başlıca amildir.
Eləcə də Eldar Həsənli “Hələ yerindədi sözü İlhamın...” deməklə bildirir ki, 2003-cü ildə İlham Əliyev prezident seçkiləri ərəfəsində “Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyəndə xalqı tam əmin edirdi ki, gün gələcək, torpaqlarımızın bütövlüyü uğrunda əlimizdən gələni edəcəcyik və o gün yetişdi.

Bağrımın başında ney göynəyirdi,
Bəzən asta-asta, key göynəyirdi,
Çirk verən yaramız hey göynəyirdi,
İsti məlhəm çəkdin ağrıyan cana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Neyləyər bizlərə qurulsa tələ?
Qardaşın İlhamla versən əl-ələ?
Maralvurulanı demirəm hələ,
Çoxdan gözləyirdi səni Topxana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!


Açığı, Ərdoğanın varlığı ölkəmizin ərazi bütövlüyünə, dövlət təhlükəsizliyinə olan ciddi təhdidlərə sinə gərmək, respublikanı uçuruma sürükləyən daxili çəkişmələri dəf etmək, beynəlxalq arenada xalqımıza və dövlətimizə qarşı yaranmış informasiya blokadasını yarmaq üçün bir vəsilə oldu. Ölkə prezidentinin ali dünyagörüşü və siyasi bacarığı bu yöndə fövqəladə aktuallıq kəsb edir.
Bu, bir daha onu göstərir ki, Ali Baş Komandan İlham Əliyev gələcək strategiyaların dərin ictimai əsaslarını, mövcud reallıqları çox düzgün cızıb. Bu da xalqın həmrəy düşüncələrinin, yaşayış tərzinin vəhdət təşkil etməsində həlledici rol oynayır və bundan sonra da mühüm rol oynayacaq.

İkiyə bölünməz can-ciyar dedin,
Hər iki dövlətə bir diyar dedin,
Mehmet Akif dedin, Bəxtiyar dedin,
Bal qatdın yenidən dilə, dahana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Eldar Həsənli bu misralar vasitəsilə bəyan edir ki, hətta Vətənimiz uğrunda sözümüz, qələmimiz də haray çəkir, çünki biz Cavanşirlər, Xaqanilər nəsliyik.

Əllərinlə yazdın sən bu varağı,
Bülbülün, Rəşidin gəldi sorağı,
Mənsumun, Təyyarın sönməz çırağı,
Yenidən can verdin tara, kamana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Yatdı məcrasına dəniz də, çay da,
Yeridi səcdənə bahar da, yay da,
Nurundan nur aldı günəş də, ay da,
Əbədi söykəndin təmiz vicdana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Laçının, Qırxqızın dəyişdi halı,
Qartal sərhədində gəzər havalı,
Təkcə Şuşanı yox, bütöv mahalı,
Yenidən gətirdin dinə, imana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Biz Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Yalnız bu halda ölkə prezidentinə dayaq ola bilərik. Şuşada keçirdiyimiz “Xarı bülbül” festivalı da bu işin mahiyyətini açır...
Artıq hər kəs bilir ki, Azərbaycan 27 sentyabrda başladığı əks hücum-əməliyyatını uğurla icra edib və ordumuz tarixi zəfərlərə imza atıb. Şuşada bayrağımız dalğalanır. Azərbaycan bununla bir daha bütün dünyaya öz vahid siyasətini, öz parlaq örnəyini, ordu qurmaq bacarığını göstərdi. Bu, həm də müasir dövrdə müstəqil siyasət kimi çox çətin bir işin öhdəsindən layiqincə gələ bilmək əzmidir.

Gördük şənliyi də, gördük vayı da,
Gördük yaxşını da, gördük zayı da,
Möcüzə baş verə, bir də qayıda,
Üzeyir yarana, Seyid yarana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Bu gün də gəzirik haqqı, divanı,
Qocanın, cavanın üzüldü canı,
Murdar siyasətin olduq qurbanı,
Üz tutduq, yol aldıq dağa, arana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Bizi məftun edən onun səsidi,
Yer də, göy də onun divanəsidi,
Qədim Qarabağın yetirməsidi,
Dünya fatehləri baş əyir xana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Keçmişdən, bu gündən biz də halıyıq,
Vətənin Səttarı, həm də Zalıyıq,
Haçansa o yerə qayıtmalıyıq,
Göz yuma birmərik biz İrəvana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Eldar Həsənli əsərdə vacib nüanslara da diqqət çəkir: Ölkə prezidentinin “Biz Zəngəzura qayıdacağıq!” deməsi dərin məna kəsb edir və günün reallığı kimi diqqət çəkir.

Bircə ürəyin var, bircə sifətin,
Həmişə hər yerdə dayandın mətin,
Sən də bir oğlusan bu məmləkətin,
Səninlə gəzirik dabandabana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Kimə bəlli deyil, kimə zatımız,
Poladdan yoğrulub bizim qatımız,
Yerisin, yürüsün Zəfər atımız,
Üzü gündoğana, üzü Turana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Müəllif Ərdoğanın 44 günlük müharibədə dövlətimizə necə dəstək olduğuna diqqət çəkir, Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasətinin uğurla davam etdiyini, bunun bariz ifadəsi olaraq 27 sentyabrda başlanan əks hücum əməliyyatı zamanı Qarabağda əldə etdiyimiz nailiyyətlər, hazırkı uğurları bu siyasətin bariz ifadəsi hesab edir. Doğrudan da ulu öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir.
Həmçinin, Eldar Həsənlinin “Yerisin, yürüsün Zəfər atımız, Üzü gündoğana, üzü Turana” fikri Türkün böyüklüyünü, Ərdoğana bağışladığımız “Zəfər” adlı atın türkə yenilməzlik gətirdiyini bərqərar edir.

Eldar Həsənliyəm hayımız sənsən,
Tanrıdan ən böyük payımız sənsən,
Günəşimiz sənsən, ayımız sənsən,
İnan bu sözümə, inan Qurana, -
Ərdoğan, xoş gəldin Azərbaycana!

Əsərdən bir daha bəlli olur ki, Ərdoğanın çəkdiyi zəhmət, sərf etdiyi əmək Vətən üçündür, çox vaxt həyatını elə Vətən üçün təhlükələr qarşısında qoyub. Və bütün bunların Vətən üçün olduğunu bildiyinə görə Ərdoğanın ürəyi həmişə rahatdır, qəlbi sakitlik tapır.

Sonluq

Səmimi deyək ki, son illər məzmunlu, poetik, qismən də fəlsəfi salxarı olan şeir (və xüsusən də) poema demək olar ki, çox az yazılır. Bu, bəlkə də onunla əlaqədardır ki, mühit poeziyaya sadəcə önəm vermək gücünü itirib. Biz Eldar Həsənli yaradıcılığında intişar tapan ideal səmt gördüyümüz üçün onun irihəcmli əsərlərində məzmunu, salxarı da elə öz həcmində müşahidə edirik. Onun sistemli yanaşdığı bu mövzu oxucu marağına səbəb olur. “Ərdoğan, xoş gəldin Azərbaycana!” əsərində ovqat güclü, oxucuya toxunan hislər çoxdur. İstedadlı şair Eldar Həsənli qaynar ilhamı ilə duyğularını cilalayıb, poetik cəhdlərini xoşovqat missiya kimi diqqətə çəkib. Bu duyğularda cəmiyyət reallığı da var, ictimai çək-çevir də.
İlk baxışdan sərt təbəssümdə görünən bu əsər əslində, içində acı bir həyat, rəngsiz bir tale vulkanı çırpınan poetik hisdir. Eldar Həsənli həyatın ləngərində təlatümə gələn vadiləri insan ömrünə sığa bilən sərhədlərlə əhatələyib, sanki ürək yanğılarına su səpməyin fəlsəfəsini tapıb. Biz adıçəkilən əsər boyu bu aşkar isbatı görmək iqtidarındayıq...

Azər Rəsul,
Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, doktor-professor