"Sən demə, kiçik qardaşımın arvadı ortancıl qardaşımın şəklini göstərərək, onu atası kimi təqdim edib..." - QALMAQAL

"Sən demə, kiçik qardaşımın arvadı ortancıl qardaşımın şəklini göstərərək, onu atası kimi təqdim edib..." - QALMAQAL

9 İyul 12:44
2 229
Bəyəndim (0) Bəyənmədim (0)

Görün, insanlar nə qədər mədəniyyətsiz olublar ki, deyirəm ki, icazə vermirəm, amma mənimlə dirəşirlər, hələ sözləşirlər də...

“2020-ci ilin may ayında “Ictimai” Televiziya kanalında “Gəl, qonaq ol!” verilişinin efirindən sonra mənə bir neçə nəfər zəng edib, təəccübləndirici suallar verdi. Hamı soruşurdu ki, niyə həmin verilişin qonağı Təranə Muradova mənim ortancıl qardaşım Saleh Cəlilovun şəklini göstərərək “Mənim atamdır” deyib? Mən inana bilmirdim, bu cür əsl incəsənətə yad insanlar haqqında verilişlərə baxmadığıma görə, xəbərim yox idi. Amma həmin verilişə özüm baxanda, şok yaşadım. Siz demə, kiçik qardaşımın arvadı bizim ortancıl qardaşımızın şəklini göstərərək, onu atası kimi təqdim edib və 2-ci dünya müharibəsində iştirak etdiyini söyləyib. Qardaşım Saleh Cəlilov həmin şəkili Culfa şəhərində, Sovet-İran sərhədində 50-ci illərdə hərbi xidmət zamanı çəkdirmişdi. Onun ABŞ-da yaşayan oğlu - İsmayıl Cəlilov - bu məsələni biləndə bütün sosial şəbəkələri ayağa qaldırdı, həmin qadını da biabır etdi. Sarkazmla deyirdi ki, “Heç bilmirdim ki, Bakıda bu cür bacım var, hələ üstəgəl kiçik dayımın arvadı olan. O həmçinin deyirdi ki, atamın ölümünün səbəbi olan, atamdan qalan vəsiyyəti oğurlayan və mənə qalan mənzili qanunsuz zəbt edən qadın indi də atamın şəklini göstərərək, öz atası kimi təqdim edir?!””

Oxuməni.az xəbərverir ki, bunu Moderator.az-a açıqlamasında ustad rəqqasə, Xalq artisti, “Şöhrət”, “Şərəf” ordenli Roza Cəlilova deyib. O, daha sonra əlavə edib.

“Bu biabırçılıq nədən irəli gəlirdi? Bir insan ki, özü öz ailəsini tanımır. İllər keçib, biz nə onun anasını, nə də ki, atasını heç bir dəfə də görməmişik. Amma o demək deyildi ki, mənim qardaşımı öz atası kimi təqdim etsin, sonra da yalandan “Səhv oldu” desin. İnsan da öz doğma atasının şəklini səhv göstərə bilər?

Həmin verilişdə bir sıra digər yalanlar da var idi. Onlardan biri də o idi ki, mən bu qadını öz qardaşımla tanış etmişəm və ansamblda rəhbər olan vaxtında qardaşım üçün öyrənirdim “Bu qız kimdi və necədir?”. Birincisi, mən onları əlbəttə ki, tanış etməmişəm. İkincisi, o illərdə mən artıq ansambla rəhbərlik etmirdim. Yenə də yalan danışıb. Keçən il həmin məsələ ilə bağlı dərhal “İctimai” Televiziyanın rəhbərliyi ilə əlaqə saxladım. Xahiş etdim ki, bu verilişdə mənim adım ilə bağlı bütün yalan hissələr çıxarılsın. Onlar söyləmişdilər ki, həll edəcəklər. 2021-ci ilin may ayında “Youtube” saytında “İctimai TV” kanalının səhifəsində həmin yalanlarla dolu verilişin 1 dəqiqə 44 saniyəlik hissəsi təzədən yüklənildi. Özü də ki, məhz mayın 17-si, mənim ad günümdə. Həmin o dövrdə də kiçik qardaşım hospitalda, komada idi. Mayın 26-sı isə rəhmətə gedib. Videonun başlığı belə idi - “T.M.həyat yoldaşı ilə necə tanış oldu?”. Və həmin o hissə, hansında ki, bu qadın deyir: “Roza xanım bizi tanış elədi”. Ömründə belə bu baş verə bilməzdi. O vaxt kiçik qardaşım Ramizin gözəl ailəsi və böyüyən uşağı vardı. Bu qadın isə onun ailəsini dağıtdı və zorla bizim ailəyə girdi. Rəhmətlik anam onu qəbul etmirdi. Yadına salardı bunları, verilişdə bu cür nağıl danışmaqdan əvvəl. Onun danışdıqları sadəcə gülüncdür!

Yenə də “İctimai TV” kanalının rəhbərliyi ilə əlaqə saxladım, yenə də təkrar olaraq xahiş etdim ki, bu videonu silsinlər. Deməli, kim nə etmək istəyir, edir, kim nə yalan demək istəyir, deyir. Və buna heç kim fikir vermir? Bu cür səviyyəli, baxımlı telekanalda yalanlara necə yol verilə bilərdi?

Bu bir böyük səhv idi.

“İctimai” telekanalın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm! Mənim xahişimi eşitdilər, mənim sözlərimə hörmətlə yanaşdılar və o yalanlarla dolu verilişi və videoları axır ki, sildilər! Sağ olsunlar. Arzum odur ki, gələcəkdə bu cür xoşagəlməz hadisələr bir də təkrarlanmasın. Mən öz adımı istedadımla, sənətimə hörmət və sevgi ilə, işimə diqqət və tələbkarlığımla qazanmışam. Xalq da bunları görüb, məni sevmişdi və sevir də. Mən qəti şəkildə istəmirəm ki, hansısa tərbiyəsiz, əxlaqsız, incəsənətdən uzaq olanlar, incəsənəti ləkələyən şəxslər mənim adımdan istifadə etsinlər. Mənim adımla özlərinə bəraət qazandırırlar, reklam edirlər. Bu gün qardaşımın ailəsinin dağılma və həyatda vaxtından tez getməyinin səbəbi o qadındır. Bir insan ki, bacısı həbsxanada ölüb, qardaşı dəlixanada, amma o özünü nümünəvi ailə insanı, incəsənət adamı kimi göstərsin?! Elə qardaşımın xəstəxanaya aparılması da onların planı idi. Hələ bu hadisələr baş verə-verə eşitdim ki, Təranə Muradova “alim” olmaq eşqinə düşüb, dissertasiya yazdırır. Orada da mənim haqqımda yazırlar! Mənim xəbərim, icazəm olmadan! Adətən tərbiyəli, mədəniyyətli tanınmış müxbirlər belə məndən müsahibə almaq, məqalə yazmaq, ya da veriliş çəkmək üçün əvvəlcədən zəng edib, icazə alırlar. Sonra çapa/efirə getməzdən əvvəl mənə göstərirlər, mən yoxlayıram. Çünki xasiyyətimi bilirlər. Əvvəlcədən xəbər edin, sonra yazın. Bunlar isə icazəsiz adımdan istifadə edirlər, reklam üçün. Dissertasiya yazan qadınla - Nailə Rəhimbəyli ilə əlaqə saxladım, özü də iki dəfə. Xəbərdarlıq etdim ki, bir cümlə də olmasın orda mənim haqqımda. “Siz bizim fəxrimizsiz, amma yox, mənəm elmi rəhbər, özüm bilərəm saxlayım, ya yox”.

Görün, insanlar nə qədər mədəniyyətsiz olublar ki, mən, 92 yaşlı canlı korifey deyirəm ki, icazə vermirəm, amma mənimlə dirəşirlər, hələ sözləşirlər də. Allahdan istəyirəm ki, o saxta dissertasiyada o hissə qalsın. Bir insan ki, ali təhsili saxta diplomlarla bitirsin, indi də elmi dərəcə almaq istəyir? Gülməli gəlir mənə. Mən onu nə tanıyırdım, nə səhnəyə gətirmişəm, bir dənə də rəqs qurmamışam. Nədir onun ixtisası? Mədəni-maarif öz fəaliyyət klublarında? O zaman öz məharətini o sahədə göstərsin. Qəti icazə vermirəm ki, mənim adımla mənim səviyyəmə çatmayan insanın adı bir yazılsın. Təəssüflər olsun ki, tədris ocağında işləyən birisi mədəniyyətsizlik göstərərək nəinki iş yoldaşlarının arasında intriqalar yaradaraq, anonim məktublar yazaraq, həmçinin də ailənin üzvlərini məhv etdi. Yalan danışmaq, böhtanlarla dolu, riyakarlıq, ikili həyat aparmaq həyatda ən böyük günahlardan biridir. Bu cür hərəkətlərlə özünə bəraət qazandırmaq istəyən insanlar nüfüzsuzdurlar. Və onları dəstəkləyən insanlar da onlardandır!

Adını, vəzifəsini pulla alan, istedadlara yol verməyən, rüşvətxorluğa dəstək edən, balaca uşaqların valideynlərinin xəbəri olmadan restoranlara pul naminə aparan və daha nələr-nələr edən kəsləri insan, özü də incəsənət adamı saymıram. Təranə Muradova incəsənətdə təsadüfi insandır” - deyə böyük sənətkar bildirib.