Dilimizin adı və özü: Türk dili!

Dilimizin adı və özü: Türk dili!

16 May 2021 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Karamanoğulları bəyliyinin başçısı Mehmet bəyin 1277-ci ilin mayın 13 də Türk dilini həmin bəyliyin rəsmi dili elan etməsi bir ilk deyil. Çünki Karamanoğullarına qədər tarixdə onlarla Türk imperiyası, dövləti olmuşdur ki, onların da böyük çoxluğunda Türk dili əsas dil kimi keçərli olub. Məsələn, miladdan öncə var olmuş Kutilərin, Subarların, Turukkumun, Midiyanın, Hunların və başqa Türk dövlətlərinin dilinin Türk dili olması barədə tarixi faktlar yetərli olmasa da, ancaq bunun belə olması elm aləmində də kifayət qədər ortaya qoyulub.
Məhz bu amildən çıxış edərək, Türkiyədə də bir çoxları hesab edirlər ki, Türk dili gününü ən azından Hunlardan, özəlliklə də Mete xanın hakimiyyəti dövründən başlamaq lazımdır. Qeyd edək ki, eyni prizmadan çıxış edərək Türkiyədə ordu günü Mete xanın hakimiyyəti dövründən hesablanır.
Bizcə, Hunların dövrü bir qədər erkən dövr olsa da, ancaq ən azından Türk dövlətçiliyinin orta əsrlərdən başlaması ənənəsinə zərbə olmuşdur. Bu anlamda Türk dili gününün də dövlət dili günü kimi 13-cü əsrdən başlaması kökündən yanlışdır. İndiyə qədər bizlərin şüurlarına yeridilən saxta tarixçilikdən imtina etməliyik. Çünki saxta tarixçilik Türkün dövlətçilik ənənələrini qəsdən gəncləşdirməklə məşğuldur.
Bizcə, orta əsrlərdəki Türk dövlətlərində, xüsusilə İslam dinini qəbul edən imperiya və dövlətlərimizdə zamanla Türk dili ilə yanaşı ərəb və fars dillərinin də işlədilməsini, hətta bəzən onların Türk dilindən önə çıxmasını idrak etməliyik. Məhz zaman zaman Türk imperiyalarında Türk dilinin arxa plana keçməsindən rahatsız olan Türk bəylikləri buna qarşı çıxmışdır ki, onlardan biri də Karamanoğullarıdır. Hər halda Səlcuqlar imperiyasının son dönəmlərində fars və ərəb dillərinə həddən artıq üstünlük verilməsi buna səbəb olmuşdur. Yoxsa, bu bəzilərinin iddia etdiyi kimi Səlcuqlar imperiyasının, o cümlədən Anadolu Səlcuqlarınln dövlət dilinin fars dili, ya da ərəb dili olması anlamına gələ bilməz.

Biz əslində bu gün də orta əsrlərdə mövcud olmuş Türk imperiya və dövlətlərimizdə bir çox səbəblərdən, önə keçirdiyimiz yad dillərin qurbanına çevrilmişik. Əslində atalarımızın bəlkə niyyətləri heç də Türk dilini kölgədə qoymaq deyil, sadəcə islam dinindən irəli gələn ərəb dilinə və şeir, yazı dili kimi fars dilinə zaman zaman çox yer vermələri dövrün şərtləri ilə bağlı olmuşdur.
Ancaq nə olursa olsun, bu gün bizlər vaxtilə Türk imperiya və dövlətlərimizdə Türk dili ilə müqayisədə ərəb və fars dillərinə bəzən həddən çox dəyər verilməsinin əziyyətini çəkirik.
Doğrudur, 20. əsrin əvvəllərində öncə Azərbaycan Cümhuriyyəti, daha sonra da Türkiyə Cümhuriyyəti dövlət dili olaraq Türk dilini rəsmi dil kimi qəbul etdılər. Türküstanda da bu addımlar atıldı. Ancaq Sovet Rusiyasının işğalı nəticəsində bütün bunlar yarımçıq qaldı, yalnız Türkiyə Cümhuriyyəti dövlət dilinin adı kimi Türk dilinə sahib çıxa bildi.
Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycan Respublikası yenidən dövlət dili olaraq Türk dili adını qəbul etsə də, bu çox uzun çəkmədi. Digər Türk dövlətləri isə Sovetlər Birliyi dövründə qəbul etdikləri özbək dili, türkmən dili, qazax dili, qırğız dili anlayışlarına sadiq qaldılar.
Beləliklə, hələlik dövlət dili olaraq ana dilini Türk dili adlandıran Türkiyə Cümhuriyyətidir.

Digər tərəfdən, ana dili məsələsində ən çox əziyyət çəkən xalqlardan biri Güney Azərbaycan türkləridir. Hər halda Səfəvilər və Qacarlar dövründə xüsusilə də, fars dilinin əsasən ön planda olması bu gün ümumi işimizin zərərinə olmaqdadır. Doğrudur, Səfəvilər və Qacarlar dövründə Türk dili əsasən öz layıqlı yerini də qoruyub saxlaya bilib. Ancaq son nəticə bizlər üçün ağrılı oldu. Xüsusilə də, Qacarların son dönəmlərində Türklüyə qarşı fars aryançı şovinistlərin apardığı mübarizə nəticəsində Türk dili fars dili qarşısında məğlub duruma düşdü. İran Pəhləviləri və İran İslam rejimləri dövründə isə Türk dili olduqca zor dövrünü yaşayır.
İndi bizim mübarizəmiz Azərbaycanın quzeyində Türk dilinin Ana Qanunda adının bərpası, Azərbaycanın güneyində isə milli dövlətçiliyin bərpası ilə öz layıqlı yerini tutmasıdır.

Doç., dr. Faiq Ələkbərli, AMEA Fəlsəfə və Sosiologiya institutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk dünyası ilə əlaqələr üzrə müavini