“Mahmudovçu” generalların həbsinin sirri

“Mahmudovçu” generalların həbsinin sirri

7 Aprel 2021 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sərəncamında olan 2 general - nazirliyin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri Nizami Şirinov Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə məsuliyyətə cəlb olunublar. Generallar aprelin 5-də İstintaq İdarəsində dindiriləndən sonra barələrində həbs qərarı çıxarılması üçün Nəsimi Rayon Məhkəməsində aparılıblar. Hakim onların istintaq dövründə həbsdə saxlanması barədə prokurorun təqdimatını təmin edib. Hər 2 generalın barəsində həbs qətimkan tədbiri seçilib.

Oxuməni.az axar.az-a istinadən xəbərə verir ki, Həm Şıxəliyev, həm də Şirinov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslər sayılırdı. 2015-ci ilin oktyabrında MTN-dəki məlum əməliyyatdan - Mahmudovun nazir postundan uzaqlaşdırılmasından, nazirliyin 20-yə qədər vəzifəlisinin, o cümlədən 5 generalın həbsindən sonra Mövlan Şıxəliyev və Nizami Şirinov da vəzifədən çıxarılmışdılar. MTN vəzifəlilərinin haqda cinayət işində özəlliklə Mövlan Şıxəliyevin adı çox hallanırdı. Zərərçəkmiş şəxslərin bir çoxu onunla bağlı ittiham xarakterli ifadələr veriblər. Bu səbəbdən Mövlan Şıxəliyev məhkəmədə şahid qismində də dindirilmişdi. Hətta məhkəmə 2017-ci ildə onunla bağlı araşdırma aparılması üçün xüsusi qərar da çıxarmışdı. Aylar illəri əvəzləsə də, Mövlan Şıxəliyev istintaqa cəlb olunmamışdı. Buna görə də əksəriyyət düşünürdü ki, “MTN işi” bitdi. Mahmudovçu generalların, nazirlərin bir qismi həbsdən qurtuldu... Lakin qəfildən 2 generalın qandallanması çoxlu suallar yaradır. Əcəba, bu simalar niyə indi həbs olundu? Bu həbslərin son zamanlar daxili siyasətdə baş verənlərlə, xüsusilə intim videoların yayılması ilə hansı bağlantıları var, ya da ola bilər? 65 ay sonra MTN işi təkrar niyə aktivləşsin? Eldar Mahmudov və onun çetesi mütləq və mütləq bir sıra hərəkətlər, sabotaj və dövləti qızdıran əməllər etməsəydilər, bu generallar həbsə atılmazdı. “5-ci kolon”a qarşı adekvat addımlar başladı, demək olarmı?

Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl musavat.com-a açıqlamasında həbs edilən hər 2 şəxsin açar fiqurları olduğunu bildirib:

“Nizami Şirinov MTN-də Hərbi Əks-Kəşfiyyat İdarəsinin, Mövlan Şıxəliyev isə İstintaq Baş İdarəsinin rəisi idi. Bu həbslər perspektivdə Eldar Mahmudovun həbsinə apara bilər. Azərbaycanda belə bir ənənə var, hətta zamanında tədbir görülməsə də, material toplanılıb saxlanılır. Biz bunu Rövşən Əkbərovun işində də gördük. Onu 20 il sonra Ukraynada törətdiyi cinayətə görə həbs etdilər. Eldar Mahmudovun da törətdiklərinə görə həbs ediləcəyini də istisna etmirəm”.

İlham İsmayıl deyir ki, Eldar Mahmudovun yaxın ətrafına daxil olan bu şəxslərin həbsi “5-ci kolon”la əlaqələndirənlər var:

“Ola bilər ki, bu adamların ”5-ci kolon"la əlaqələri olub. Amma bu əlaqələr daha çox pul əldə etmək, mənimsəməkdən ibarət olub. Bu adamlar daha çox orduda 2005-ci, 2007-ci və 2017-ci ildə baş verən cinayətlərə görə həbs ediliblər. Eldar Mahmudovun dövründə Nizami Şirinov orduya nəzarət edirdi. Onların orduda baş verənlərdən xəbəri olub. Sadəcə, pul alıb və ört-basdır ediblər. Orduda isə bu işlərin aparılmamasının nəticəsi olaraq cinayət tərkibli əməllərin baş verdiyi sonralar üzə çıxdı. Ona görə də əgər hərtərəfli istintaq işi aparılarsa, cəmiyyət yalnız dediyiniz adamların deyil, başqalarının da əməllərinin ifşasının şahidi ola bilər. Mövlan Şıxəliyevə gəlincə isə onu istintaqa cəlb etməyəndə 40-a yaxın DTX-iı müraciət edərək onun həbsini istəmişdi. Qeyd olunurdu ki, bu adam bütün işləri pulla görüb. Bu adamların “5-ci kolon”la əlaqələri də istisna olunmur. Ortada bir arzuolunmaz şəxs var, bu gün bunların əksəriyyəti onunla əlaqə qurmağa çalışırlar. İstədikləri də budur ki, həmin şəxsi üzərindən digər ölkənin gücündən istifadə etməklə hakimiyyətə gəlmək istəyirlər".

Qeyd edək ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında 5 general da vardı.