Azərbaycanda 28 mayın kriminal xronikası

Azərbaycanda 28 mayın kriminal xronikası

29 May 2012 11:41
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 37 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 15-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 14 nəfər tutulmuşdur.

Yasamal rayonu ərazisində yaşayan Günel Nəsirovanı qətlə yetirmiş Pərviz Paşapur könüllü olaraq təslim olmuşdur

28.05.2012

Mayın 28-də Yasamal rayonu ərazisində yaşayan Günel Nəsirovanın bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evin qarşısından tapılmışdır. Hadisəni qısqanclıq zəminində törətmiş Bakı şəhər sakini Pərviz Paşapur könüllü olaraq Yasamal RPİ 28-ci PB-yə gəlmişdir.

Qonşusu Sadiq Orucovu bıçaqla xəsarət yetirmiş Qəbələ rayonunun Bayramkoxa kənd sakini Bülhan Mehdiyev tutulmuşdur

28.05.2012

Mayın 28-də Qəbələ rayonunun Bayramkoxa kəndi ərazisində, kənd sakini Bülhan Mehdiyev münaqişə zəminində qonşusu Sadiq Orucovu bıçaqla xəsarət yetirmişdir. B.Mehdiyev Qəbələ RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

28.05.2012

Mayın 28-də saat 21.00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakinləri Yaşar İsmayılovun idarə etdiyi "VAZ-2107" və Əziz Orucovun idarə etdiyi "Daewoo" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və onların 5 nəfər sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər.

2 baş qoyun oğurlamış Yasin Mürşüdov və Şahlar Sarıyev tutulmuşlar

28.05.2012

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Elnur Əsədova məxsus 2 baş qoyunu oğurlamış rayon sakini Yasin Mürşüdov tutulmuşdur.

Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də Qulu Quliyevə məxsus 2 baş qoyunu oğurlamış rayon sakini, əvvəllər məhkum olunmuş Şahlar Sarıyev tutulmuşdur.

Bankın qapısının şüşəsini sındıraraq içəriyə daxil olmağa cəhd göstərmiş şəxs saxlanılmışdır

28.05.2012

Mayın 28-də "Bank Respublika" ASC-nin Bakının Nizami rayonu ərazisindəki filialından daxil olmuş həyəcan siqnalı yoxlanılarkən bankın qapısının şüşəsini sındıraraq içəriyə daxil olmağa cəhd göstərmiş şəxs Baş Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq Nizami RPİ 25-ci PB-yə təhvil verilmişdir. Araşdırmalar aparılır.

Abşeron rayon sakini Pərviz Məcidov və Şamaxı rayon sakini Zərifə Dəmirova spirtli içkidən və sirkə turşusundan zəhərlənmişlər

28.05.2012

Mayın 28-də Abşeron rayon sakini Pərviz Məcidov və Şamaxı rayon sakini Zərifə Dəmirova öz evlərindən spirtli içkidən və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Bir nəfəri qətlə, digərinə isə xəsarət yetirmiş Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirhəsən Həsənov könüllü olaraq təslim olmuşdur

28.05.2012

Mayın 28-də Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayan Fazil İbrahimovun evinə gəlmiş şəhər sakini Mirhəsən Həsənov, orada qonaq olan həmyerliləri Nazim Əsmətov və onun qardaşı Ceyhuna bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş N.Əsmətov orada ölmüş, Ceyhunun vəziyyəti isə qənaətbəxşdir. M.Həsənov könüllü olaraq təslim olmuş və hadisə zamanı istifadə etdiyi bıçağı təhvil vermişdir.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

28.05.2012

Mayın 28-də saat 01.05 radələrində Binəqədi rayonu ərazisində, Hacıqabul rayon sakini Rafiq Cəfərov "VAZ-2103" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakinləri Mahirə İbrahimova və onun oğlu Elvini vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.İbrahimova orada ölmüş, Elvinin vəziyyəti isə orta-ağırdır.

Qidadan zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

28.05.2012

Mayın 28-də Abşeron rayonunda yaşayan Türkiyə vətəndaşı Tunca Nurten, Sumqayıt şəhər sakini Gülənbər Əlizadə və bacısı Aişə, Abşeron rayon sakini Sona Rəhimova və Beyləqan rayon sakinləri Maya Həsənova, Gülər Abdullayeva, Zəkiyyə Cabbarova və onun nəvəsi 10 yaşlı Vüsal Cabbarlı evlərindən qidadan (pomidor, xiyar) zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.