Azərbaycanda 24 mayın kriminal xronikası

Azərbaycanda 24 mayın kriminal xronikası

25 May 2012 12:16
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 43 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 33-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.

Qeyri-rəsmi nikah münasibətlərində olduğu Elnarə Niftəliyevaya bıçaqla xəsarət yetirmiş Azər Əliyev tutulmuşdur

24.05.2012

Mayın 24-də Yasamal rayonu ərazisində yaşayan Azər Əliyev qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Elnarə Niftəliyevaya bıçaqla xəsarət yetirmişdir. A.Əliyev Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən tutulmuşdur.

Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi

24.05.2012

Mayın 24-də saat 12.00 radələrində Cəlilabad rayonu ərazisində Masallı rayon sakini Xəlil Mirzəyevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomaşınla, Füzuli rayon sakini Musa Süleymanovun idarə etdiyi "MTZ-82" markalı traktor toqquşmuşdur. Nəticədə X.Mirzəyevin sərnişinlərindən Bəhruz Əliyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini İlkin Əliyev, habelə X.Mirzəyev və M.Süleymanov isə xəstəxanaya yerləşdirilmişlər. M.Süleymanova tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

24.05.2012

Mayın 24-də saat 09.00 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində, Lerik rayon sakini Ruslan Əkbərov "Mersedes" markalı avtomaşını idarə edərkən onu işıq dirəyinə vuraraq aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Quba rayonunun Aşağı Atuc kəndinin ərazisində yol-nəqliyyat hadisəsi

24.05.2012

Mayın 24-də saat 10.00 radələrində Quba rayonunun Aşağı Atuc kəndinin ərazisində, rayon sakini Heydər Ağabalayev "Mercedes-180" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişin Nurəddin Məmmədov aldığı xəsarətdən hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

24.05.2012

Mayın 24-də saat 07.00 radələrində Mingəçevir şəhəri ərazisində, şəhər sakini Kamran Qurbanov "Mercedes-Benz" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

24.05.2012

Mayın 24-də saat 21.30 radələrində Abşeron rayonu ərazisində, 28 May qəsəbə sakini Eyvaz Miriyev "Mercedes" markalı avtomaşını idarə edərkən Xırdalan şəhər sakini 3 yaşlı Amil İsgəndərov vurmuşdur. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

24.05.2012

Mayın 24-də saat 14.00 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Kamil İbrahimov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ edən Ramana qəsəbə sakini Elmira Süleymanova və Sabunçu qəsəbə sakini Rüfət Nəsirov saxlanılmışlar

24.05.2012

Mayın 24-də Sabunçu qəsəbəsi ərazisində qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ edən kitab və jurnalları yaymaqla məşğul olan Ramana qəsəbə sakini Elmira Süleymanova və Sabunçu qəsəbə sakini Rüfət Nəsirov saxlanılmışlar.

Qax rayon sakini Qalib Sultanovun evindən qanunla qadağan olunmuş dini vəsaitlər götürülmüşdür

24.05.2012

Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 24-də rayon sakinləri arasında qanunsuz dini təbliğatla və radikal yönümlü dini təriqətləri yaymaqla məşğul olan rayon sakini Qalib Sultanovun evinə baxış keçirilmiş və oradan 4 ədəd dini məzmunlu kitab, 10 ədəd broşura aşkar edilərək götürülmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Ülviyyə Hüseynova ölmüşdür

24.05.2012

Mayın 23-də saat 22.30 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Həbib Bağırzadə "VAZ-21214" markalı avtomaşını idarə edərkən Ülviyyə Hüseynovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada mayın 24-də orada ölmüşdür.

Ağdam rayon Çəmənli kənd sakini Əli Abdullayevə bıçaqla xəsarət yetirmiş Tural Abbasov tutulmuşdur

24.05.2012

Mayın 24-də Ağdam rayonunun Mahrızlı kəndi ərazisində, kənd sakini Tural Abbasov münaqişə zəminində Çəmənli kənd sakini Əli Abdullayevə bıçaqla xəsarət yetirmişdir. T.Abbasov Ağdam RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

O.M.