Bakı-Dağlıq Qarabağ-Naxçıvan qaz kəmərinin 75 metrlik hissəsi oğurlandı

Bakı-Dağlıq Qarabağ-Naxçıvan qaz kəmərinin 75 metrlik hissəsi oğurlandı

22 May 2012 12:30
682
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonu ərazisindən keçən Bakı-Dağlıq Qarabağ-Naxçıvan qaz kəmərinin 75 metrlik hissəsi oğurlanıb. "Azəriqaz" İstehsalat Birliyinin Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Mətləb Vahidov APA-ya bildirib ki, diametri 1020 millimetr olan və istismara tam yararlı strateji əhəmiyyətli magistral qaz kəmərinin bir hissəsi naməlum şəxslər tərəfindən oğurlanıb. Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Göyçayın Qarabaqqal kəndindəki meyvəçilik dayaq məntəqəsinin ərazisindən keçən kəmərin 75 metrlik hissəsi naməlum şəxslər tərəfindən kəsilərək aparılıb, 15 metr hissəsi kəsilərək kənara qoyulub. Bundan əlavə kəmərin 50 metrlik hissəsinin üzərindəki torpaq qatı açılıb, borunun çıxarılması üçün hazırlıq işləri görülüb. İdarə rəisi deyib ki, Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar istismarı müvəqqəti dayandırılan və "Azəriqaz" İB-i tərəfindən dövlət əmlakı kimi mühafizə olunan qaz kəmərinin torpağın altından çıxarılması, kəsilərək daşınması prosesində iştirak edən fərdi şəxslərə məxsus 5 müxtəlif təyinatlı ağır texnika hadisə yerində işləyərkən tutularaq Göyçay rayon Polis Şöbəsinə gətirilib, sürücü və fəhlələrin izahatı alınıb. Hadisə yerinə "Azəriqaz" İB-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. Hazırda oğurluq faktı ilə əlaqədar rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

O.M.