Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

21 May 2012 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən səhər saatlarında Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsindən keçən ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın verdiyi məlumatına görə, Şəmkirdən Gəncəyə gələn 20-CA-543 dövlət nömrə nişanlı "PAZ" markalı kiçik tutumlu avtobus səhər saatlarında Dövlət Yol Polisinin Şəmkir rayonu ərazisində yerləşən postuna yaxın ərazidə aşıb. Hadisə sürücünün "Qadağandır" işarəsinə məhəl qoymayaraq təmirə dayanmış yola daxil olması və nəticədə avtobusun yolda qazılmış dərin çuxura düşərək aşması nəticəsində baş verib. Qəza nəticəsində 6 nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlər arasında mikroavtobusun sürücüsü, Şəmkir rayonu Seyfəli kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Elnur İmamverdi oğlu da var. Bundan başqa avtobusda olan Tovuz rayon sakini, "N" saylı hərbi hissənin giziri, 1980-ci il təvəllüdlü Əsgərov Afiq Əhməd oğlu, Aşağı Seyfəli kənd sakinləri - 1971-ci il təvəllüdlü Aslanov Habil Nəsib oğlu, 1972-ci il təvəllüdlü Qurbanəliyev Aqil Frunze oğlu, 1960-cı il təvəllüdlü Qənbərov Məhəmməd Əmirxan oğlu və onun oğlu, 1997-ci il təvəllüdlü Qənbərov Əmirxan Məhəmməd oğlu hadisə yerində dünyasını dəyişiblər. Qəza zamanı avtobusda olan sərnişinlərdən yalnız bir nəfər - Şəmkir rayon, Aşağı Seyfəli kənd sakini, 1985-ci il təvəllüdlü Osmanov Anar Zahid oğlu sağ qalıb. Qəzada yaralanan Anar Osmanov Şəmkir rayon mərkəzi xəstəxanasına çatdırılıb, ambulator müayinədən sonra o evə buraxılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.