Azərbaycanda 18 mayın kriminal xronikası

Azərbaycanda 18 mayın kriminal xronikası

19 May 2012 10:38
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 62 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 62 cinayət faktı qeydə alınmış, onların da 29-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

Xətai rayonunun Köhnə Əhmədli kənd sakini Rəşad Əzizov münaqişə zəminində Ağaxan Rüstəmovu qətlə yetirməkdə şübhəli bilinərək tutulmuşdur

18.05.2012

Mayın 18-də Xətai rayonunun Köhnə Əhmədli kəndi ərazisində kənd sakini Rəşad Əzizov münaqişə zəminində Ağaxan Rüstəmova bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş A.Rüstəmov orada ölmüş, R.Əzizov Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.

Ağdaş rayon sakini Roman Rəhimova bıçaqla xəsarət yetirmiş Emin Hüseynov tutulmuşdur

18.05.2012

Mayın 18-də Mingəçevir şəhərində yaşayan Emin Hüseynov münaqişə zəminində Ağdaş rayon sakini Roman Rəhimova bıçaqla xəsarət yetirmişdir. E.Hüseynov Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Zaqatala rayonunun Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi

18.05.2012

Mayın 18-də saat 19.30 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində, kənd sakini Fərid Hacıömərov "Volksvagen Passat" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

18.05.2012

Mayın 18-də saat 20.30 radələrində Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində Neftçala şəhər sakini Babək Həsənov "VAZ-2121" markalı avtomaşını idarə edərkən onu su kanalına aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

18.05.2012

Mayın 19-da saat 05.10 radələrində Nizami (Gəncə) rayonunun Gülüstan qəsəbəsi ərazisində, Gəncə şəhər sakini Ramin Qəhrəmanovun idarə etdiyi "Hyundai" və Göygöl rayon sakini Rizvan Qəmbərovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, R.Qəhrəmanov hadisə yerində ölmüşdür.

Bakı şəhərində intihar hadisəsi

18.05.2012

Mayın 18-də gecə saatlarında Bakının Nərimanov rayonunun Əlizadə küçəsi, ev 36 a, mənzil 34-də yaşayan, 20 yaşlı Orxan Vahid oğlu Kərimli yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atmışdır. Mərhum aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişmişdir.

Avtomaşın qaçırdığına görə tutulmuş Amil Ramazanovun digər cinayət əməlləri də müəyyən edilmişdir

18.05.2012

Mayın 17-də avtomaşın qaçırdığına görə tutulmuş Amil Ramazanovun ətrafında aparılmış tədbirlər nəticəsində onun həmin gün Bakı şəhər sakini Qiyaməli Bayramovla birgə İlkin Məlikova məxsus "VAZ-2106", Fikrət Hidayətova məxsus "VAZ-2106" və Akif Vəliyevə məxsus "QAZ-24" markalı avtomaşınları qaçırmaları Nizami (Bakı) və Suraxanı RPİ əməkdaşları tərəfindən müəyyən edilmişdir. Q.Bayramov da tutulmuşdur.

Oğurluq etmiş Yevlax rayon sakini Tural Məmmədov tutulmuşdur

18.05.2012

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da Rəhim Mahmudovun evindən məişət və geyim əşyalarını oğurlamış rayon sakini Tural Məmmədov tutulmuşdur.

Cəlilabad rayon Qarakazımlı kənd sakini Famil Həsənovdan saxta əsginaslar götürülmüşdür

18.05.2012

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarakazımlı kənd sakini, əvvəllər məhkum olunmuş Famil Həsənovdan 62 ədəd saxta 100 manatlıq əsginas götürülmüşdür.

Salyan rayon Xalac kənd sakini İlham Dadaşovun həyətyanı sahəsindən narkotik bitkilər aşkar edilərək götürülmüşdür

18.05.2012

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalac kənd sakini İlham Dadaşovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 54 kiloqram olan 2493 ədəd xaş-xaş kolu və 400 qram xaş-xaş qozası aşkar edilərək götürülmüşdür.

Avtomaşından oğurluq etmiş Şirvan şəhər sakini Coşqun Kərimov tutulmuşdur

18.05.2012

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Qədimşah Qədimova məxsus "VAZ-2103" markalı avtomaşından oğurluq etmiş Şirvan şəhər sakini Coşqun Kərimov tutulmuşdur.

Avaraçılıq və dilənçiliklə məşğul olan 10 nəfər saxlanılmışlar

18.05.2012

Səbail RPİ 39-cu PB və Nizami (Bakı) RPİ əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 10 nəfər saxlanılaraq Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilmişlər

Astara rayonunun Şümrüd kənd sakini Abdul Xanhüseynov aldığı xəsarətdən ölmüşdür

18.05.2012

Mayın 18-də Astara rayonunun Şümrüd kəndində çayın kənarında daş sürüşərək kənd sakini Abdul Xanhüseynova dəymişdir. O, aldığı xəsarətdən ölmüşdür.

Dərmandan zəhərlənmiş Gəncə şəhər sakini Vəfa Babayeva xəstəxanaya yerləşdirilmişdir

18.05.2012

Mayın 18-də Gəncə şəhər sakini Vəfa Babayeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmişdir.

5 yaşlı Miryusif Bağırov üstünə şkaf aşması nəticəsində ölmüşdür

18.05.2012

Mayın 18-də Lənkəran rayonunun Şağlasevər kənd sakini 5 yaşlı Miryusif Bağırovun üstünə şkaf aşması nəticəsində ölmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Paşa Şahvələdov ölmüşdür

18.05.2012

Mayın 17-də saat 09.00 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Vüqar Qədirov "Hyundai" markalı avtomaşın idarə edərkən yolu keçən Atyalı qəsəbə sakini Paşa Şahvələdovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada mayın 18-də orada ölmüşdür.

Tovuz rayonunun Sarıtala kənd sakini Əli Abdullayev ehtiyatsız davrandığından ov tüfəngindən açılan atəşlə özünü yaralamışdır

18.05.2012

Mayın 17-də Tovuz rayonunun Sarıtala kənd sakini Əli Abdullayev evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən sifət nahiyəsindən xəsarət almışdır. Ə.Abdullayev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Hadisə yerindən müvafiq sənədləri olan 1 ədəd ov tüfəngi götürülmüşdür.

O.M.