Gəncədə iki qardaş 61 yaşlı qonşunu dəyərək bıçaqladı

Gəncədə iki qardaş 61 yaşlı qonşunu dəyərək bıçaqladı

18 May 2012 12:30
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Cinayətə yersiz söz-söhbət və bayağı hərəkətlər səbəb oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə sui-qəsddə ittiham olunan Gəncə şəhər sakinləri Amil və Ramil Aslanov qardaşlarının məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Amil Aslanov 11 may 2009-cu ildə qonşusu Xanqulu İmamquliyevin onun qardaşı Ramillə mübahisə etdiyini, binanın qarşısında yüksək səslə danışıb-güldüyünü, söyüş söydüyünü, qızlara sataşdığını deyərək, ona irad tutmasından əsəbiləşib. O, Xanqulu İmamquliyevə nalayiq söyüşlər söyüb, daha sonra isə qardaşı Ramillə əlbir olaraq hər ikisi ona hücum ediblər. Amil Aslanov dizini 61 yaşlı Xanqulu İmamquliyevin qarnına dirəyib, onu binanın qarşısındakı "setkaya" sıxaraq əlindəki bıçaqla qarın nahiyəsinə zərbə endirib. Həmin vaxt orada olan Zöhrə və digər qonşular onu tutaraq mane olublar. Yaralı vaxtında xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

MÜTTƏHİMLƏR HAQDA QISA ARAYIŞ:

1. Aslanov Amil Sərdar oğlu - 1984-cü ildə Gəncə şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Orta təhsillidir. Subaydır. Gəncə şəhəri, 1-ci mikrorayon, bina 2, mənzil 19-da yaşayır. AR CM-nin 29,120.2.1, 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinir.

2. Aslanov Ramil Sərdar oğlu - 1983-cü ildə Gəncə şəhərində anadan olub. Əvvəllər məhkum edilməyib. Orta təhsillidir. Subaydır. Gəncə şəhəri 1-ci mikrorayon, bina 2, mənzil 19-da yaşayır. AR CM-nin 29,120.2.1., 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Sənin qızına heç kim söz atmayıb"

Təqsirləndirilən şəxs qismində dindirilən Amil Aslanov ifadəsində zərərçəkmiş şəxslə qonşu olduqlarını göstərib: "Aramızda normal qonşuluq münasibətləri olub. Hadisə baş verən gün evdə namaz qılırdım. Bu vaxt həyətdən dava-dalaş səsi gəldiyini eşitdim. Eyvandan həyətə baxanda Xanqulunun Aidə adlı qadınla dalaşdığını, arvadı Zöhrənin isə onu sakitləşdirdiyini gördüm. Xanqulu dartınaraq Aidəni vurmağa çalışırdı. Xanquluya heç nə deməyib evə girdim. Təxminən 5-10 dəqiqə sonra böyük qardaşım Ramil əsəbi halda içəri girdi. Ondan nə baş verdiyini soruşdum. Ramil kompüter salonunda Xanqulunun onunla mübahisə etdiyini dedi. Xanqulu deyirmiş ki, guya gədə-güdələr, yəni mən, Ramil və digərləri İlqarın kompüter salonuna gəlir, səs-küy salır, söyüş söyür, onun qızına sataşır, söz atırıq. Eyvana çıxıb Xanqulunu çağırdım. Dedim ki, sənin qızına söz atan kimdir, get işinlə məşğul ol. Xanqulu mənimlə yekə-yekə danışıb, "səninlə sabah söhbət edərik", dedi. Aramızda mübahisə düşdü, daha sonra mən evə girdim. Təxminən 5 dəqiqə sonra Ramil, dalınca isə mən həyətə düşdüm. Biz evdə olanda Xanqulu İlqarı da qızışdırmışdı ki, guya biz İlqarın xəstə anasının yanına gəlib-gedən qadın qohumlarına da sataşırmışıq.

"Mənə gədə-güdə deyənin..."

İlqar da bizim dalımızca nalayiq söyüşlər işlədərək bizi "cındır, gədə-güdə" adlandırıb. Ramil binanın həyətində "mənə gədə-güdə deyən oğlanın .... belə-belə edərəm" dedi. Bu səbəbdən də İlqar onun üstünə cumub yaxasından tutdu. Oradakı uşaqlar onları araladılar. İlqara dedim ki, başımı çevirmə, sonra pis olar. Lakin İlqar mənə əhəmiyyət vermədən pencəyini soyunaraq Ramilin üstünə cummaq istədi. İlqara "kişisənsə, burada gözlə" deyib, bıçaq götürmək məqsədi ilə evə qalxdım. İlqarın arvadı, bacısı, xalası və digərləri bizə doluşub məni həyətə düşməyə qoymadılar. Təxminən 5 dəqiqə sonra Ramil də evə qalxdı.

"Kişisənsə, get qızına yiyəlik et"

Ramilin paltarlarında təpik izləri vardı. Qardaşım Xanqulu ilə İlqarın həyətdə onu təkləyib döydüklərini dedi. Eyvana çıxıb qardaşımı döydüyünə görə Xanqulu ilə mübahisə etdim. Dedim ki, kişisənsə, get qızına yiyəlik et. Bundan sonra Xanqulu nalayiq söyüş söyüb əlinə dəmir parçası alıb bloka tərəf gəldi. Mən qapıya tərəf getdim. Bir neçə dəqiqədən sonra Xanqulu əlində dəmir parçası blokdan çıxıb yenə də nalayiq söyüşlər söydü. Əsəbiləşib mətbəxdən bıçaq götürüb həyətə düşdüm. Blokda İlqarın bacısının əri və digər qonşular qabağımı kəsib həyətə düşməyimə mane olmağa çalışdılar. Lakin onlara əhəmiyyət vermədən həyətə düşdüm.

"Boğazımdan tutub boğmağa başladı"

Blokun qarşısında Xanqulu ilə rastlaşdım. Məni görən kimi üstümə cumub boğazımdan yapışaraq boğmağa başladı, əlindəki dəmir parçası ilə zərbələr endirdi. Sol əlimi qabağa verdiyimdən zərbələr sol qoluma dəydi. Xanqulunu bıçaqla vurmaq fikrim olmayıb. Lakin boğulduğumu görüb bıçaqla Xanqulunun harasına gəldi zərbələr endirdim. Zənnimcə Xanquluya altı bıçaq zərbəsi vurmuşam. Amma konkret harasına dəydiyini bilmirəm. Həmin vaxt orada olan qonşular bizi araladılar. Ramil Xanquluya zərbə endirməyib. Xanqulu ilə məni aralayandan sonra Ramilin blokdan çıxdığını, Xanquluya cummaq istədiyini gördüm. Lakin həmin vaxt Ramili dartıb kənara apardım. Ramili kənara dartanda onun əlindəki bıçaq yerə düşdü.

"Onu öldürmək fikrim olmayıb"

Ramildən düşən bıçağı götürməmişik. Onu sonradan polislər götürüblər. Xanqulunun əlindəki dəmir parçası, ya turba, ya da armatur olub. Xanqulunu öldürmək məqsədim olmayıb. Ondan canımı qurtarmaq üçün vurmuşam. Ramil Xanqulunun əlinə, ayağına və ya bədəninin hər hansısa yerinə zərbə endirməyib. Xanquluya tək cumub və ona bıçaqla tək zərbələr endirmişəm. Xanqulu yeriyərək meyvə satdığı yerə gedib orada stolda oturdu. Mənsə evə qalxdım. Evdə anam bıçağın qanını yudu. Eyvandan taksi ilə Xanqulunun xəstəxanaya aparıldığını gördüm. Təxminən yarım saat sonra polislər gəldi. Xanqulunu vurduğum bıçağı polislərə könüllü təhvil verdim. Polislər blokun qarşısında Ramildən düşmüş digər bıçağı da götürdülər".

Təqsirləndirilən şəxsin zərərçəkmişin onu dəmir parçası ilə vuraraq xəsarət yetirməsi kimi ifadəsinə məhkəmə tənqidi yanaşıb və onun ifadəsinin bu hissəsini həqiqətəuyğun hesab etməyib.

Digər qardaş susmağa üstünlük verib

Təqsirləndirilən şəxs qismində dindirilən Ramil Aslanov AR CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək məhkəmə iclasında ifadə verməkdən imtina edib. Lakin suallara cavab olaraq onda hər hansı bir bıçağın olmadığını, hadisə yerindən götürülmüş bıçağın zərərçəkmiş Xanqulu İmamquliyevə məxsus olmasını və Xanqulu İmaquliyevin həmin bıçaqla qardaşı Amilin qoluna zərbə endirərək xəsarət yetirməsini göstərib.

Təqsirləndirilən şəxsin hadisə yerindən aşkar edilmiş bıçağın zərərçəkmiş şəxsə məxsus olması, həmin bıçaqla qardaşı Amil Aslanovu vurub ona xəsarət yetirməsi kimi ifadəsinə məhkəmə tənqidi yanaşıb və onun bu ifadəsini həqiqətəuyğun hesab etməyib.

Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, hadisə baş verən gün axşamüstü Xanqulu əvvəlcə öz oğluna, daha sonra qonşu Aidənin oğlu Cəfərə əsəbiləşib. Cəfərin anası Aidə də oğluna görə Xanqulu ilə mübahisə edib: "Xanqulu mənimlə də mübahisə etməyə başladı ki, guya binanın qabağında lağlağı edirik, söyüş söyürük, onun qızlarına baxırıq. Saat 21-22 radələrində binanın qabağındakı kompüter salonunu işlədən İsmayılla danışıb gülürdük. Qonşumuz İlqarın anası ölümcül vəziyyətdə olduğundan qohum-əqrəbaları onlara gəlib gedirdilər. Xanqulu İsmayılla mənim danışıb-gülməyimə əsəbiləşdi. İsmayılla mən idmandan danışırdıq. Bir-birimizə lağ edərək idmançı deyirdik. Xanqulu da elə başa düşüb ki, biz onun idmana gedən qızına sataşırıq. Xanqulunun kiçik qızı həndbolla məşğul olur. Ona görə də Xanqulu mənimlə mübahisə etdi, vurmaq istədi, lakin arvadı və orada olan uşaqlar bizi araladılar.

"Mənim qardaşımı qovanın..."

Evə qalxıb bir az evdə qalandan sonra yenidən həyətə düşdüm. Qardaşım Amil həmin vaxt evdə idi. Bir azdan İlqar da həyətə düşdü. Xanqulu İlqara narazılıq edərək "Niyə kompüter salonunu açmısan, bunlar bura yığılıb səs-küy salırlar, söyüş söyürlər, qızlara sataşırlar", - dedi. İlqar Xanqulunun sözlərinin təsiri altında İsmayıla "Sənə min dəfə demişəm gədə-güdələri bura yığma" dedi. İlqarın bu sözü mənə çox pis təsir etdiyindən onunla mübahisə edərək "Ağzının danışığını bil, gədə sözünü başqa adamlara deyirlər",- dedim. İlqar da mənə "kompüter salonu mənim deyil? Mənim kompüter salonuma gəlmə, burada dayanma", - dedi. İlqarla mübahisə edəndən sonra evə qalxdım. Amil İlqarla mübahisə etməyimi, İlqarın məni kompüter salonunun qabağından qovmağını eşidib balkona çıxaraq "Mənim qardaşımı qovanı belə-belə edərəm" dedi.

"Kişisənsə, boynuna al"

Bundan sonra yenə də həyətə düşdüm, mağazadan pivə alıb yenidən kompüter salonunun qabağında dayanıb pivə içməyə başladım. Bu vaxt qardaşım Amil də həyətə düşüb mənim yanımda dayandı. Amil məni qovanın kim olduğunu soruşdu. İlqarla aramızda olan mübahisə yenidən başladı. Xanqulu İlqarı kənara çəkərək guya mənim İlqargilə gələn qızlarla da him-cimləşdiyimi, qızlara baxdığımı dedi. Xanqulunun bu sözlərindən sonra İlqar daha da qızışdı, məni kənara çəkib iradını bildirdi. Ona Xanqulunun yalan dediyini, heç kimin qızına baxmadığımı dedim. Bu vaxt Amil İlqarın yaxasından tutub, "burda dur, indi qayıdıram",- deyib evə qalxdı. İlqarın arvadı, xalalarım və digər qadınlar Amili tutub evdə saxladılar, həyətə düşməyə qoymadılar. İlqarla mübahisə edən zaman Xanqulu yaxınlaşıb qaş-göz edərək, "Kişisənsə, boynuna al İlqargilə gələn qızlara sataşdığını" dedi. Xanquluya dedim ki, yalan danışma, bayaq deyirdin sənin qızına sataşmışam, indi də deyirsən ki, İlqargilə gələn qızlara sataşırdım.

Beləliklə də Xanqulu ilə aramda mübahisə yarandı. Onunla əlbəyaxa olduq. Xanqulunun arvadı və qonşu qadınlar bizi aralaşdırdılar.

"Əlində dəmir parçası ilə bloka girdi"

Evə qalxıb Xanqulunun ara qarışdırdığını anama danışdım. Amil bunları eşidib balkona çıxıb Xanqulu ilə mübahisə etməyə başladı. Amil Xanquluya, Xanqulu da qardaşıma nalayiq söyüşlər söydü. Həmin vaxt mətbəxdə siqaret çəkirdim. Bu vaxt Amilin pəncərəni çırpıb qaçdığını gördük. Anamla birlikdə Amili dartıb evə saldım, sakitləşdirmək istədim. Mübahisə zamanı Amil Xanquluya "Kişisənsə, get qızına yiyəlik et" demişdi. Bundan sonra Xanqulunun əlində dəmir parçası bloka gəlib girdiyini gördüm. 2-3 dəqiqə sonra evdəki qadınların qışqırdığını eşitdim. Anam Amilin bıçaq götürüb Xanqulunun üstünə getdiyini dedi. Balkondan baxanda aşağıda dava düşdüyünü, Amillə Xanqulunun əlbəyaxa olduqlarını gördüm. Dərhal aşağı düşdüm, blokdan çıxanda Xanqulunun Amili "setkaya" sıxıb boğduğunu, əlində olan bıçaqla Amilin sol qoluna zərbə endirdiyini gördüm.

"Anam qanlı bıçağı yudu"

Xanqulunun arvadı Zöhrə də Amili vururdu. Aralaşdırmaq üçün onlara tərəf qaçdım. Lakin bibim oğlu Qalib məni tutub kənara çəkdi. Xanqulunu isə Amildən qonşular araladılar. Aralaşandan sonra Amil "vurdum, vurdum" deyə qışqırırdı. Amillə evə qalxdıq. Evdə anam onun əlindəki qanlı bıçağı yudu. Təxminən yarım saat sonra polis əməkdaşları gəldilər. Amil Xanqulunu vurduğu bıçağı polislərə verdi. Qardaşımı polis şöbəsinə apardılar. Mən də onlarla getdim. Blokdan çıxan zaman Amillə Xanqulunun dalaşdığı yerdə setkanın yanında bıçaq vardı. Bıçağı götürüb polislərə verdim. Əsəbi olduğumdan bıçağın bizə məxsus olduğunu, dalaşma zamanı düşdüyünü dedim. Amma o bıçaq Xanquludan düşmüşdü. Polislər Amillə məni polis şöbəsinə apardılar. Gecə məni buraxdılar. Amil isə polis şöbəsində qaldı.

"Nə dostuq, nə də düşmən"

Zərərçəkmiş şəxs qismində dindirilən Xanqulu İmamquliyev ifadəsində ailəsi ilə birlikdə Gəncə şəhəri, 1-ci mikrorayon, bina 2-də yaşadıqlarını, Amil və Ramil qardaşları ilə qonşu olduqlarını göstərib: "Aramızda dostluq və ya düşmənçilik münasibəti olmayıb. Hadisə baş verən gün yaşadığım binanın həyətində göy-göyərti satdığım piştaxtanın yanında dayanmışdım. Qonşumuz İlqarın anası ölüm ayağında olduğundan o, işlətdiyi kompüter salonunun yanında kədərli halda oturmuşdu. Həmin vaxt Ramil Aslanov bir neçə cavan oğlanla kompüter salonunun qabağında dayanıb uca səslə danışıb-gülürdü. Ramilgilə iradımı bildirərək, "Görürsünüz ölüm ayağında olan var, nəyə hırtıldayırsınız, burda gülməli nə var ki?" dedim. Ramil də cavabında "yaxşı edirəm gülürəm, sən kimsən?!" dedi. Ramilin cavabından sonra İlqar, "Ay dayı, fikir vermə, bunlar gədələrdir", - dedi. Bu sözdən sonra Ramillə İlqar mübahisə etdilər.

"İlqarı baltalayacağını dedi"

İlqar ona kompüter salonunun qabağında dayanmamağını bildirdi. Ramil israrla dayanacağını söylədi. Daha sonra isə evlərinə getdi. Təxminən 5-10 dəqiqə sonra geri qayıdanda Ramilin İlqarla tutaşdığını gördüm. Onları araladıq. Ramil İlqardan aralanandan sonra çıxıb getdi. Ramil evə qalxandan sonra evdə nə danışıbsa, qardaşı Amil eyvana çıxıb, eyvanın pəncərəsini vurub sındıraraq İlqarın ünvanına nalayiq söyüşlər söyməyə başladı, onu baltayla öldürəcəyini dedi. Lakin İlqarın bacısı, arvadı, digər qohumları onu sakitləşdirdilər. Bir qədər sonra Amil eyvanlarına çıxıb mənim və ailəmin ünvanına nalayiq söyüşlər söyməyə başladı. Bloka girib evə qalxdım. Yuxarı qalxanda Amilgilin qapılarının qabağında dayanıb Amilin və Ramilin ünvanına "sizə ayıb olsun, utanmırsınız, bu nə hərəkətlərdir edirsiniz?" dedim, daha sonra həyətə düşdüm.

Hava artıq qaralmışdı

Həyətə düşən kimi arvadım bankada mənə süd verib evə qalxmağımı dedi. Bloka girmək istəyəndə qəfildən Ramil və Amil üstümə cumdular. Ramil məni itələyərək blokun qabağındakı setkaya dirəyib dizini qarnıma qoydu. Sonra hər ikisi mənə zərbələr endirməyə başladılar. Əlimdəki süd bankası yerə düşüb qırıldı. Arvadımın qışqırıq səsinə Namiq, İsmayıl, Fazil, İlqar və digərləri Ramillə Amili məndən dartıb araladılar. Əlimi qarnıma aparanda gördüm ki, qan axır. Məni bıçaqladıqlarını başa düşdüm. Bundan sonra məni xəstəxanaya apardılar.

QEYD: Məhkəmənin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Amil Aslanov 11, Ramil Aslanov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Son söz əvəzi:

Məktəbdə əbəs yerə şagirdlərə öyrətmirlər: "Nitq insanlar arasında yeganə ünsiyyət vasitəsidir". Həyatın da bir məktəb olduğunu nəzərə alsaq, bu fikrin dərin məntiqini anlaya bilərik.

İnarə Rafiqqızı

O.M.