Azərbaycanda 17 mayın kriminal xronikası

Azərbaycanda 17 mayın kriminal xronikası

18 May 2012 11:53
763
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 59 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

Bakı şəhər sakini A.Əfəndiyevə məxsus bağ evində baş vermiş yanğından sonra ev sahibinin qətlə yetirmiş meyiti tapılmışdır

17.05.2012

Mayın 17-də Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində Bakı şəhər sakini Akim Əfəndiyevə məxsus bağ evində yanğın baş vermişdir. Nəticədə evdəki əşyalar qismən yanmışdır. Yanğın söndürüldükdən sonra A.Əfəndiyevin bıçaqla qətlə yetirmiş meyiti tapılmışdır. Faktla əlaqədar cinayət işi başlanmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Şamaxı RPŞ tərəfindən aparılır.

Xəzər rayonu ərazisində R.Rəşidova bıçaqla xəsarət yetirmiş V.Hüseynov tutulmuşdur

17.05.2012

Mayın 17-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Vaqif Hüseynov münaqişə zəminində Rauf Rəşidova bıçaqla xəsarət yetirmişdir. V.Hüseynov Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Münaqişə zəminində qonşularına bıçaqla xəsarət yetirmiş Şabran rayon sakinləri Ramiz və Elman Musayevlər tutulmuşlar

17.05.2012

Mayın 17-də Şabran rayonunun Ağbaş kəndi ərazisində, kənd sakinləri Ramiz Musayev və onun oğlu - Elman münaqişə zəminində qonşuları Hikmət Səmədova və onun qardaşı Elçinə bıçaqla xəsarət yetirmişlər. R.Musayev və Elman Şabran RPŞ əməkdaşları tərəfindən tutulmuşlar.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

17.05.2012

Mayın 17-də saat 16.20 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakinləri Firudin Balakişiyevin idarə etdiyi "Mercedes" markalı və İmran Əliyevin idarə etdiyi "İsuzu" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə F.Balakişiyevin sərnişinlərindən Rasim Əhmədov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri Tahirə Əhmədova və onun oğlu Ramin isə xəstəxanaya yerləşdirilmişlər.

Xəzər rayonu ərazisində Bakı şəhər sakini K.Kozıreva avtomaşını idarə edərkən Kürdəmir rayon sakini N.Əhmədovanı vurmuşdur

17.05.2012

Mayın 17-də saat 21.40 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Kristina Kozıreva "Honda" markalı avtomaşını idarə edərkən Kürdəmir rayon sakini Nazilə Əhmədovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Abşeron rayonu ərazisində Bakı şəhər sakini İ.Mahmudov avtomaşını idarə edərkən Ə.Xudayarovu vurmuşdur

17.05.2012

Mayın 17-də saat 18.30 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini İmran Mahmudov "VAZ-2103" markalı avtomaşını idarə edərkən Əsəd Xudayarovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Axtarışda olan Ruslan Məmmədov tutulmuşdur

17.05.2012

Baş Cinayət-Axtarış İdarəsi və Samux RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının CM-nin 131 (zorlama), 132 (seksual xarakterli zorakılıq hərəkətləri) və 161-ci maddələri (quldurluq) ilə axtarışda olan Ruslan Məmmədov tutulmuşdur.

Bakı şəhər sakini İ.Mixaylova məxsus avtomaşından şəxsi sənədləri oğurlamış şəhər sakini Ş.Əhmədov tutulmuşdur

17.05.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 17-nə keçən gecə Bakı şəhər sakini İqor Mixaylova məxsus "VAZ-21051" markalı avtomaşından qapını sındırmaq yolu ilə şəxsi sənədləri oğurlamış şəhər sakini Şəmsi Əhmədov tutulmuşdur.

Mayın 16-da S.Hüseynova məxsus avtomaşını qaçırmış Bakı şəhər sakini A.Ramazanov tutulmuşdur

17.05.2012

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Sahib Hüseynova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Amil Ramazanov tutulmuşdur.

Mayın 15-də T.Əzizova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış M.Orfanidis tutulmuşdur

17.05.2012

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də Telman Əzizova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Orfanidis Mixail tutulmuşdur.

Səbail rayonu ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 37 nəfər saxlanılmışdır

17.05.2012

Səbail RPİ 39-cu PB, Nizami RPİ, Binəqədi RPİ əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 37 nəfər saxlanılmış və Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə təhvil verilmişlər.

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi

17.05.2012

Mayın 17-də saat 00.15 radələrində Səbail rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Şirvan şəhər sakini Mirabbas Səfərovu vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

O.M.