“Azərenerji” ASC-nin vəzifəli əməkdaşı rüşvət alarkən həbs edildi

“Azərenerji” ASC-nin vəzifəli əməkdaşı rüşvət alarkən həbs edildi

17 May 2012 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beyləqan rayon Enerji Şəbəkəsinin baş mühəndisi Feyziyev Vahid İbrahim oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon sakininin elektrik enerjisindən istifadəsi ilə əlaqədar qanunsuzluq hallarına yol verildiyi müəyyən edilib. Belə ki, V.Feyziyevin qanunazidd hərəkətləri barədə Beyləqan rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, rayonun Talıbxanlı kənd sakini yaşadığı kəndin ərazisində icarəyə götürdüyü 0,5 ha torpaq sahəsində inşa etdirdiyi tikiliyə enerji sayğacının quraşdırılması üçün texniki şərtin alınmasına görə V.Feyziyevə müraciət etdikdə sonuncu ondan 200 manat rüşvət tələb edib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində V.Feyziyev 8 may 2012-ci il tarixdə şəbəkənin inzibati binasında xidməti otağında vətəndaşdan 200 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. V.Feyziyev həmin pulları prokurorluq əməkdaşlarına təqdim etmiş və pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Törətdiyi cinayət əməlinə görə V.Feyziyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. V.Feyziyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

O.M.