Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri rüşvət alarkən həbs edildi

Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri rüşvət alarkən həbs edildi

17 May 2012 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri İsrafilov Rəhman Gülağa oğlunun qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən araşdırmalar nəticəsində müəyyən edilib ki, Rəhman İsrafilov Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri işləyərkən həmin kənd sakininin istifadəsində olan 0,06 ha torpaq sahəsinin, eləcə də həmin sakinin yaşadığı evin qarşısındakı 0,03 ha torpaq sahəsinin qardaşının adına rəsmiləşdirilməsinə görə vətəndaşdan 1.700 ABŞ dolları məbləğində rüşvət tələb edib. Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 14 may 2012-ci il tarixdə tələb etdiyi məbləğin qalan 1.200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb. R.İsrafilov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O.M.