Dövlət Arxivinin Bakı filialının direktoru rüşvət alarkən tutuldu

Dövlət Arxivinin Bakı filialının direktoru rüşvət alarkən tutuldu

17 May 2012 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Baş Prokurorluğu mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Arxivinin Bakı filialının direktoru Şükürov Şahsuvar Ağahüseyn oğlunun paytaxtın Xəzər rayonu ərazisində yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması haqqında sərəncamın təsdiq olunmuş surətinin verilməsinə görə Bakı şəhər sakinindən 1.000 manat pul tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə məlumat daxil olub.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ş.Şükürov 15 may 2012-ci il tarixdə arxivin Bakı şəhəri, Z.Bünyadov küçəsi 3 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında 800 manat pulu vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. Ş.Şükürovun xidməti otağına keçirilmiş baxış zamanı vətəndaşın təqdim etdiyi sorğu və bununla bağlı hazırlanmış sənədlər aşkar edilərək götürülüb. Fakta görə Ş.Şükürov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. Ş.Şükürov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O.M.