Azərbaycanda 15 mayın kriminal xronikası

Azərbaycanda 15 mayın kriminal xronikası

16 May 2012 12:52
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 60 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmış, onların da 36-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.

Qonşusunu münaqişə zəminində qətlə yetirmiş Yevlax şəhər sakini T.Əliyev könüllü olaraq polis şöbəsinə gəlmişdir

15.05.2012

Mayın 15-də Yevlax şəhərində yaşayan Məhəmməd Məmmədovun həyətinə gəlmiş qonşusu Taleh Əliyev münaqişə zəminində bıçaqla onu qətlə yetirmişdir. T.Əliyev könüllü olaraq Yevlax RPŞ-yə gəlmişdir.

Gədəbəy rayon sakini Ə.Tağıyevə məxsus avtomaşını qaçırmış rayon sakini R.Katibli saxlanılmışdır

15.05.2012

Mayın 15-nə keçən gecə Gədəbəy rayonunun Nağılar kəndi ərazisindən, kənd sakini Əflatun Tağıyevə məxsus "Niva" markalı avtomaşın qaçırılmışdır. Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Rafiq Katibli avtomaşınla birgə rayon ərazisində saxlanılmışdır.

Nərimanov rayonu ərazisində "Mercedes" markalı avtomaşınla şəhər sakini R.Quliyeva vurulmuşdur

15.05.2012

Mayın 15-də saat 22.40 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Namiq Babayev "Mercedes" markalı avtomaşını idarə edərkən şəhər sakini Rəbiyyə Quliyevanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.05.2012

Mayın 14-də saat 14.30 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Tural Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşın toqquşmuşdur. Nəticədə T.Əliyevin xəsarət almış sərnişini - qardaşı Ceyhuna xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini R.Hüseynov vurulmuşdur

15.05.2012

Mayın 15-də saat 17.00 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Rəvan Hüseynov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Nəqliyyat vasitəsini qaçırdığına görə tutulmuş Q.Bayramovun digər şəxslə birgə mağazalardan oğurluqlar törətməsi müəyyən edilmişdir

15.05.2012

Mayın 14-də Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən nəqliyyat vasitəsini qaçırdığına görə tutulmuş Qiyaməli Bayramovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Nazim adlı şəxslə birgə Tural Əhmədova, Emin Hüseynova, Fariz Nəcəfova və Murad Məhərrəmova məxsus mağazalardan geyim, bəzək əşyaları, 156 cüt ayaqqabı, 800 manat pul və tütün məmulatı oğurlamaları müəyyən edilmişdir.

Axtarışda olan Azad Rüstəmov tutulmuşdur

15.05.2012

2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının CM-in 95-ci maddəsi (qəsdən adam öldürmə) ilə Mingəçevir ŞPŞ tərəfindən axtarışda olan Azad Rüstəmov Zabrat qəsəbəsindəki evində Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən tutulmuş, üzərinə baxış zamanı onun fotoşəkili yapışdırılmış, lakin Bakı şəhər sakini İldırım Sərdarova məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür.

Sumqayıt şəhəri ərazisində avtomaşından oğurluğa cəhd göstərmiş şəhər sakini S.Musayev tutulmuşdur

15.05.2012

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də Sumqayıt şəhər sakini Rafiq Cahangirova məxsus "VAZ-2107" markalı avtomaşından oğurluğa cəhd göstərmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Sakit Musayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun İnşaatçılar qəsəbəsi ərazisindəki qazpaylayıcı qutunun içərisində gizlətdiyi 8,53 qram marixuana və təxminən 1 ay bundan əvvəl şəhər ərazisində 101 saylı xətt avtobusunda naməlum şəxsin cibindən oğurladığı 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür.

"Bank of Baku"nun Sumqayıt filialından saxta sənədlə pul götürülməsi faktı ilə əlaqədar cinayət işi başlanmışdır

15.05.2012

Rəsmi sənədləri saxtalaşdırmış Elmar Əliyevin saxta sənədlə "Bank of Baku"nun Sumqayıt filialından 2250 dollar pul götürməsi müəyyən edilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.

Kürdəmir rayonundakı muzeydən eksponatları oğurlamış rayon sakini F.Allahverdiyev tutulmuşdur

15.05.2012

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də rayondakı Tarix - Diyarşünaslıq Muzeyindən muzey eksponatları oğurlamış rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Allahverdiyev tutulmuşdur.

Narkotiklə saxlanılmış İmişli rayon sakini İ.Qəhrəmanovun quşçuluq fabrikindən oğurluq törətməsi müəyyən edilmişdir

15.05.2012

İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonunun Yalavac kənd sakini İlham Qəhrəmanovdan 0,608 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun mayın 9-da çilingər işlədiyi "Kristal" MMC broyler quşçuluq fabrikindən 200 ədəd broyler toyuğu oğurlaması müəyyən edilmişdir.

Biləsuvar rayonu ərazisində 12 kq həşiş qətranını satmağa cəhd göstərmiş iki şəxs tutulmuşdur

15.05.2012

Biləsuvar rayonunun Çaylı kəndi ərazisində, 12 kiloqram həşiş qətranını satmağa cəhd göstərmiş rayon sakinləri, əvvəllər məhkum olunmuş Vaqif Məmmədov və Namiq Fətullayev polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmağa cəhd göstərmişlər. Görülən zəruri tədbirlər nəticəsində V.Məmmədov və N.Fətullayev tutulmuşlar.

Binəqədi rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 8 nəfər saxlanılmışdır

15.05.2012

Binəqədi RPİ əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 8 nəfər saxlanılmış və Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilmişlər.

Abşeron rayon sakini R.Səmədova zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

15.05.2012

Mayın 15-də Abşeron rayon sakini Röyalə Səmədova evindən kimyəvi maddədən zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Lənkəran rayon sakini E.Qafarov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

15.05.2012

Mayın 15-də Lənkəran rayonunun Şilavar kəndindəki orta məktəbində, rayon sakini Elşən Qafarov elektrik işləri görən zaman cərəyan vurması nəticəsində ölmüşdür.

O.M.