Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verdi

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verdi

15 May 2012 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saat 05:00 radələrində Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Siyəzən yolunun Ataçayın üzərindən keçən hissəsində qeydə alınıb. APA-nın məlumatına görə, Siyəzəndən Bakı istiqamətində hərəkət edən 37 yaşlı Siyəzən şəhər sakini Valeh Ağayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək çaya düşüb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Siyəzən rayon sakinləri - 45 yaşlı Tehran Məmmədov və 40 yaşlı Yalçın Dadaşov ağır xəsarətlər alıb. Onlar hadisə şahidlərinin köməkliyi ilə avtomobildən çıxarılaraq Siyəzən Regional Müalicə Diaqnostika Xəstəxanasına çatdırılıblar.

Tibb müəssisəsindən verilən məlumata görə, yaralılardan Valeh Ağayev və Yalçın Dadaşovun vəziyyəti ağır olduğu üçün onlar reanimasiya şöbəsinə yerləşdirilib. Digər zərərçəkən Təhran Məmmədovun isə vəziyyəti normal olduğundan müalicəsini palata şəraitində davam etdirir. Faktla bağlı avto-texniki ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

O.M.