Azərbaycanda 07 mayın kriminal xronikası

Azərbaycanda 07 mayın kriminal xronikası

8 May 2012 11:18
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 40 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 40 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Ürək nahiyəsindən xəsarət almış Tovuz rayon sakini Ələddin Məhərrəmov ölmüşdür

07.05.2012

Mayın 7-də Yevlax rayonunun Nemətabad kəndində, kənd sakini Telman Novruzova məxsus fermanın ərazisində yaşayan və işləyənlər Tovuz rayon sakini Ələddin Məhərrəmov ilə Kəlbəcər rayon sakinləri Mübariz Muxtarov və onun arvadı Şəhla Muxtarova arasında münaqişə baş vermişdir. Bu zaman Şəhla qayçı ilə Ə.Məhərrəmova ürək nahiyəsindən xəsarət yetirmiş və o, aldığı xəsarətdən hadisə yerində ölmüşdür. Ş.Muxtarova Yevlax RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

07.05.2012

Mayın 7-də saat 23.00 radələrində Mingəçevir şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla yolda velosiped sürən şəhər sakinləri Aslan Mirzəyev və Vicay Şəfiyev vurulmuşlar. Nəticədə hər iki velosipedçi hadisə yerində ölmüşlər. Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "VAZ-2109" markalı avtomaşının sürücüsü şəhər sakini Emin Sadıqov tutulmuşdur.

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

07.05.2012

Mayın 7-də saat 19.00 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində, Sumqayıt şəhər sakini Vidadi Məmmədovun idarə etdiyi "Mercedes C-200" və Laçın rayon sakini Hafiz İsayevin idarə etdiyi "VAZ-21062 markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə H.İsayev hadisə yerində ölmüşdür.

Bakı şəhər sakini Samir Rzayevin qumarxana təşkil edilməsi müəyyən edilmişdir

07.05.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Rzayevin Yasamal rayonu ərazisində işlətdiyi internet klubda "On-line" sistemi ilə qumarxana təşkil edilməsi müəyyən edilmişdir. İnternet kluba baxış zamanı 11 dəst kompüter, 10 ədəd kompüter drayveri, 7 ədəd sərt disk, 152 vərəqədə mühasibatlıq sənədləri aşkar edilmişdir.

Oğurluq etmiş Bakı şəhər sakinləri Amin Heydərli, Əli Quliyev və Novruz Novruzov tutulmuşlar

07.05.2012

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 6-da Mərdəkan qəsəbəsinin Qızıl Qum bağlar sahəsində yaşayan İsmət Cavadovun evindən məişət və geyim əşyaları oğurlanmış Bakı şəhər sakinləri Amin Heydərli, Əli Quliyev və Novruz Novruzov tutulmuşlar.

Neft borusunun 99 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini Şahin Nəsibov tutulmuşdur

07.05.2012

Mayın 7-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Dövlət Neft şirkətinə məxsus işlək vəziyyətdə olmayan neft borusunun 99 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini Şahin Nəsibov şirkətin mühafizə xidmətinin əməkdaşları tərəfindən tutularaq Xəzər RPİ-yə təhvil verilmişdir.

Avtomaşınlardan oğurluq etmiş Culfa rayon sakini Etibar Tağıyev, Ağsu rayon sakini Əmir Rəhimov və Bakı şəhər sakini Rauf Orucov tutulmuşlar

07.05.2012

Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fərman Cavadova, İlkin Qasımova, Samir Nəcəfova, Qabil Əhmədova, Muqabil Hüseynova, Mübariz Rüstəmova, Əli Qaracayevə məxsus avtomaşınlardan maqnitofon, təkər və digər əşyalar oğurlamış Culfa rayon sakini Etibar Tağıyev, Ağsu rayon sakini Əmir Rəhimov və Bakı şəhər sakini Rauf Orucov tutulmuşlar.

İlham Nağıyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Habil Nəsibov tutulmuşdur

07.05.2012

Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 6-da İlham Nağıyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Habil Nəsibov tutulmuşdur.

1 baş inək oğurlamış Göyçay rayon Qarabaqqal kənd sakini Əhməd Rəsulov tutulmuşdur

07.05.2012

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 6-da Çingiz Əliyevə məxsus 1 baş inəyi oğurlamış Qarabaqqal kənd sakini Əhməd Rəsulov tutulmuşdur.

Binə qəsəbə sakini Vidadi Quliyevə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Hilal Əbilov tutulmuşdur

07.05.2012

Mayın 7-də Xəzər rayonunu Binə qəsəbə sakini Vidadi Quliyev boyun nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Hilal Əbilov tutulmuşdur.

Neftçala rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.05.2012

Mayın 7-də saat 01.10 radələrində Neftçala rayonu ərazisində, rayon sakinləri Ceyhun Həmzəyevin idarə etdiyi "VAZ-2101" və Qulam Məcidovun idarə etdiyi "KamAZ-5511" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış C.Həmzəyev və sərnişinləri Kənan İbrahimov və Samir Rüstəmov xəstəxanaya yerləşdirilmişlər. C.Həmzəyev orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisələri

07.05.2012

Mayın 7-də saat 01.00 radələrində Hacıqabul rayonu ərazisində Zaqatala rayon sakini Zeynal Rəsulovun idarə etdiyi "Mercedes" markalı avtobusla, Hacıqabul rayon sakini Əbülfəz Həsənovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Rəsulov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Həmid Hüseynov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

O.M.