Azərbaycanda 05-06 mayın kriminal xronikası

Azərbaycanda 05-06 mayın kriminal xronikası

7 May 2012 12:59
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində 98 cinayət faktı qeydə alınmışdır

05.05.2012-ci il – şənbə günü ərzində 59 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 38-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur

Etibar Ovçuyevə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Aqil Məhərrəmov tutulmuşdur

05.05.2012

Mayın 5-də saat 05.15-də Bakının Nizami rayonu ərazisindəki barların birində Bakı şəhər sakini Aqil Məhərrəmov sərxoş halda münaqişə zəminində Etibar Ovçuyevə bıçaqla xəsarət yetirmişdir. A.Məhərrəmov Nizami RPİ 25-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisələri

05.05.2012

Mayın 5-də saat 21.00 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Yusif Vəliyev "Mercedes" markalı avtomaşını idarə edərkən Samir Bağırovu vurmuş, sonradan idarəetməni itirərək avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış piyada, avtomobildəki sərnişinlər Məhəmməd Vəliyev və Rasim Ağayev xəstəxanaya yerləşdirilmişlər. Piyada orada ölmüş, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.05.2012

Mayın 5-də saat 13.55 radələrində Yasamal rayonu ərazisində Masallı rayon sakini Şahin Eynullayev "Mercedes" markalı avtomaşını idarə edərkən Şərur rayon sakini Esmira Babayevanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Bakı şəhər sakini Emin Əbilov tutulmuşdur

05.05.2012

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də Nərgiz Əliyevaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını ondan almış Bakı şəhər sakini Emin Əbilov tutulmuşdur.

Novxanı bağlar sahəsində yaşayan Həsənağa İbrahimovun evinə baxış zamanı silah aşkar edilərək götürülmüşdür

05.05.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı bağlar sahəsində yaşayan Həsənağa İbrahimovun evinə baxış zamanı 1 ədəd pnevmatik tapança, 1 ədəd pnevmatik tüfəng və 1 ədəd ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Oğurluğa cəhd göstərilmiş Gəncə şəhər sakinləri Aydın Qurbanov, Ülfət Qədimov və Tural Həsənov tutulmuşlar

05.05.2012

Kəpəz RPİ və Nizami (Gəncə) RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində, şəhər sakini Rövşən Əmirova məxsus "UAZ" markalı avtomaşından oğurluğa cəhd göstərilmiş şəhər sakinləri Aydın Qurbanov, Ülfət Qədimov və əvvəllər məhkum olunmuş Tural Həsənov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların mayın 5-nə keçən gecə Gəncə şəhər sakinləri Eldəniz Məmmədhəsənova məxsus "Mitsubishi", Elsevər Abdullayevə məxsus "VAZ-2106", Fiqan Tağıyevə məxsus "VAZ-2106", Vüsal Hüseynova məxsus "ZİL", İspəndiyar Əliyevə məxsus "VAZ-2106", Zirəddin Həsənova məxsus "VAZ-2107" markalı avtomaşınlardan oğurluq etmələri də müəyyən edilmişdir.

Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Leyla Qələndərova tutulmuşdur

05.05.2012

Cari ilin fevral ayının 29-da Gəncə şəhər sakini Aqil İmanov ŞBPİ-nə müraciət edərək şəhərin Mərkəzi Bazarında ona məxsus 90 manat pul və mobil telefonun itməsini bildirmişdir. Araşdırmalar zamanı A.İmanova məxsus 90 manat pul və mobil telefonun şəhər sakini Leyla Qələndərova tərəfindən oğurlanması müəyyən edilmişdir. Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Qələndərova tutulmuş və ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin mart ayının 9-da şəhər sakini Vəfa Əsgərovaya məxsus mobil telefonu, habelə aprel ayının 14-də Naftalan şəhər sakini Elnarə Hacıbəyliyə məxsus 50 manat pul və sənədləri oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini Cavid Mədətov tutulmuşdur

05.05.2012

Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də Hüseynağa Mirzəyevə məxsus anbardan 1 ədəd maqnitofon, 1 ədəd televizor, 1 ədəd akkumulyator və 600 manat dəyərində elektrik avadanlığı oğurlamış Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Mədətov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Cahid Nəcəfov və Laçın rayon sakini Cavid Məmmədov tutulmuşlar

05.05.2012

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-də Zakir Cəbrayılovun evindən məişət əşyaları oğurlamış həmyerlisi Cahid Nəcəfov və Laçın rayon sakini Cavid Məmmədov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində mayın 5-də onların Saday İsayevə məxsus 1 baş inəyi oğurlamaları da müəyyən edilmişdir.

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

05.05.2012

Mayın 5-də saat 04.00 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakini Hüseynağa Alılının idarə etdiyi "KamAZ" və Gürcüstan vətəndaşı Mirian Sucaşvilinin idarə etdiyi "VAZ-21214" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Suzaşvili hadisə yerində ölmüşdür.

İmişli şəhər sakini Məhəmməd Məmmədov və Zirə qəsəbə sakini Zaur Xudiyev elektrik cərəyanı vurmasından ölmüşlər

05.05.2012
Mayın 5-də İmişli şəhər sakini Məhəmməd Məmmədov şəhər sakini Namiq Səfərovun evində qaynaq işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Mayın 5-də Xəzər rayonunun Zirə qəsəbəsində, Zaur Xudiyev evində hamamda çimərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Xırdalan şəhər sakini Amaliya Ələkbərova dərmandan zəhərlənmişdir

05.05.2012

Mayın 5-də Abşeron rayonunun Xırdalan şəhər sakini Amaliya Ələkbərova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

06.05.2012-ci il – bazar günü ərzində 39 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmış, onların da 15-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

Qonşusu Vasif Muradova bıçaqla xəsarət yetirmiş Kürdəmir rayonunun Sığırlı kənd sakini Mirqasım Ağayev tutulmuşdur

06.05.2012

Mayın 6-da Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində kənd sakini Mirqasım Ağayev münaqişə zəminində qonşusu Vasif Muradova bıçaqla xəsarət yetirmişdir. M.Ağayev Kürdəmir RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.05.2012

Mayın 6-da saat 16.00 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Cəlal Abıyev vurulmuşdur. Nəticədə, xəsarət almış C.Abıyev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

06.05.2012

Mayın 6-da saat 15.00 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Mehralı Verdiyev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Göygöl rayon sakinləri Emin Məmmədov və Əmir Həsənov tutulmuşlar

06.05.2012

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 6-na keçən gecə Gəncə şəhər sakini Ramil Abdullayevə məxsus "VAZ-2107" markalı avtomaşından ehtiyat təkərini, qaldırıcı qurğunu və maqnitofonunu oğurlamış, Göygöl rayon sakinləri, əvvəllər məhkum olunmuş Emin Məmmədov və Əmir Həsənov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların mayın 6-na keçən gecə Samux şəhəri ərazisində, Culfa rayon sakini Məmmədəli Nəsirova məxsus "VAZ-2107" markalı avtomaşının faralarını və maqnitofonunu sökərək oğurlamaları da müəyyən edilmişdir.

Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.05.2012

Mayın 6-da saat 21.20 radələrində Şəki rayonu ərazisində Vüsal Məmmədovun idarə etdiyi "VAZ-2107" və Türkiyə vətəndaşı Kurt Doğanın idarə etdiyi "TİR Reno" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Məmmədov orada ölmüşdür.

O.M.