Azərbaycanda 02 mayın kriminal xronikası

Azərbaycanda 02 mayın kriminal xronikası

3 May 2012 11:30
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 49 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmış, onların da 20-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.

Qohumları - Təhməz Hüseynovu qətlə, onun oğlu Tariyelə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Laçın rayon sakini Əli Mərdanov tutulmuşdur

02.05.2012

Mayın 2-də Ağdam rayonunun Quzanlı qəsəbəsində, Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Əli Mərdanov münaqişə zəminində qohumları Təhməz Hüseynov və onun oğlu Tariyelə bıçaqla xəsarət yetirmişdir. T.Hüseynov aldığı xəsarətdən xəstəxanada ölmüş, Tariyelin vəziyyəti isə orta-ağırdır. Ə.Mərdanov Ağdam RPŞ əməkdaşalrı tərəfindən tutulmuşdur

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.05.2012

Mayın 2-də saat 16.00 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Elnarə Tağıyeva vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

02.05.2012

Mayın 2-də saat 12.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Cəlilabad şəhər sakini Ramil Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış sərnişinləri Gülər Şükürlü, 2012-ci il təvəllüdlü Ruqiyyə Məmmədli, Xəyalə Babayeva və 1 yaşlı Pərvin Babayeva xəstəxanaya yerləşdirilmişlər. Hər iki uşaq orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.05.2012

Mayın 2-də saat 10.00 radələrində Bakının Nizami rayonu ərazisində şəhər sakini Niyazi Əliyev "BMW" markalı avtomaşını idarə edərkən yolu keçən Nahidə Sadıqovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.05.2012

Mayın 2-də saat 17.40 radələrində Yasamal rayonu ərazisində "İsuzu" markalı avtobusu idarə edən naməlum sürücü onu ağaca vurmuşdur. Nəticədə xəsarət almış sərnişinlər Bakı şəhər sakinləri Almaz Hacıyeva, Mina Əliyeva, Yasəmən Həsənli, Tahirə Hüseynova, onun qızı Günel, Gülnarə Eynullayeva, Salyan rayon sakini Nicat Hüseynov və Sumqayıt şəhər sakini Nərminə Bayramlı xəstəxanaya yerləşdirilmişlər. Onlara tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Axtarışda olan Bəxtiyar Qurbanov tutulmuşdur

02.05.2012

Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının CM-nin 112-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Bəxtiyar Qurbanov tutulmuşdur.

Naxçıvan şəhər sakini Nüşabə Əsədova və Maşallah Quliyev qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışlar

02.05.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər sakini Nüşabə Əsədova və Maşallah Quliyev gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışlar.

Zirə qəsəbə sakini Mürşüd Kərimov 21 kq gümüşü rəngli civəni satarkən tutulmuşdur

02.05.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zirə qəsəbə sakini Mürşüd Kərimov 21 kiloqram gümüşü rəngli civəni satarkən tutulmuşdur.

Avtobusda Bakı şəhər sakini Zahid Şıxəliyevin cibindən 100 manat pul oğurlamış Məmməd Bağırov tutulmuşdur

02.05.2012

Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də 95 №-li xətt avtobusunda Bakı şəhər sakini Zahid Şıxəliyevin cibindən 100 manat pul oğurlamış Məmməd Bağırov tutulmuşdur.

Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.05.2012

Mayın 2-də saat 22.30 radələrində Ağstafa rayonu ərazisində Qazax şəhər sakini Ariz Əliyevin idarə etdiyi "Mercedes" və Türkiyə vətəndaşı Boztaş Gülaminin idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Əliyevin xəsarət almış sərnişinlərindən Xəqani Muradov hadisə yerində ölmüş, digər sərnişini Vüsalə Dünyamalıyeva isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Ceyranbatan qəsəbə sakini Arzu Musayeva dəm qazından zəhərlənmişdir

02.05.2012

Mayın 2-də Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Arzu Musayeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Sabirabad rayonunun Suqovuşan kəndi ərazisində yol-nəqliyyat hadisəsi

02.05.2012

Mayın 2-də Sabirabad rayonunun Suqovuşan kəndi ərazisində kənd sakini Fyodor Ukleinin idarə etdiyi traktoru kollektorun içərisinə aşırmışdır. Nəticəsində o, boğularaq ölmüşdür.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.05.2012

Mayın 2-də saat 00.25 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Mikayıl İsrafilov "Nissan" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış sürücü və sərnişinləri Rinad Zahidov və şəxsiyyəti müəyyən edilməmiş 20-25 yaşlı kişi xəstəxanaya yerləşdirilmişlər. Həmin kişi orada ölmüş, sürücünün vəziyyəti ağır, R.Zahidova isə tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

O.M.