İstintaq materialından: Bir ailənin faciəsi

İstintaq materialından: Bir ailənin faciəsi

2 May 2012 14:53
Bəyəndim (0) Bəyənmədim (0)
Arvadını azyaşlı uşaqlarının gözü qarşısında öldürən astaralı gənc həbsxanada intihar etdi

BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ

Haqqında söhbət açacağımız cinayət hadisəsi 22 oktyabr 2010-cu ildə Binə qəsəbəsi Rəhman Əşrəfov küçəsi döngə 1-də baş verib. Ailə münaqişəsi zəminində baş verən bu qətl hadisəsi 5 yaşlı qız və 3 yaşlı oğlanın gözü qarşısında törədilib. Astara rayon sakini Rövşən Əsədullayev münaqişə zəminində həyat yoldaşı Kəmalə Zərbəliyevaya 17 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib, qaynanası Zərxanımı isə döş qəfəsindən bir neçə bıçaq zərbəsi vuraraq ağır yaralayıb.

Daha sonra isə özünü öldürmək məqsədi ilə bıçaqla damarını kəsərək intihara cəhd edib. (R.Əsədullayev sonradan bu məqsədinə istintaq təcridxanasında nail olub. Bu haqda bir qədər sonra- red.) Həmin vaxt hadisə yerinə gələn polis əməkdaşları yaralıların hər ikisini xəstəxanaya yola salıblar.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Əsədullayev Rövşən Dairə oğlu - 1974-cü ildə Astara rayonunun Şahağacı kəndində anadan olub. Ailəlidir. Orta təhsillidir. Əvvəllər məhkum olunmayıb. Bakı şəhəri, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsi, döngə 1, ev 7-də yaşayıb.

AR CM-nin 120.2.4 və 29, 120.2.10-cu maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Qayınanam imkan vermirdi ki, yaşayaq"

Təqsirləndirilən şəxs qismində dindirilən Rövşən Əsədullayev ifadəsində sözügedən cinayət hadisəsinin baş verməsinin günahını qayınanasında görüb: "Kəmalə ilə 2004-cü ildə ailə qurmuşduq. Birgə yaşadığımız dövrdə iki uşağımız olmuşdu. Onlardan biri oğlan, digəri isə qızdır. Rəsmi nikahımız yoxdur, kəbinimiz var. Kəmalə ilə evlənəndən sonra qayınatam evlərinin yaxınlığında olan torpaq sahəsindən bizə pay verdi. Həmin torpaqda ev tikdim, Kəmalə ilə birgə orada yaşayırdıq. Biz çox mehriban idik. Ancaq qaynanam imkan vermirdi ki, yaşayaq. Daim ailə işlərimizə müdaxilə edirdi.

"Arvadımın həbs olunacağından qorxurdum"

Qayınlarım - Elxanla Balaəli narkotik alverinə görə həbs olunmuşdular. Onlar həm narkotik alverçisi, həm də istifadəçisi idilər. Qayınlarımın həbsindən sonra evdə qalan heroini qayınanam Zərxanım arvadımın vasitəsi ilə satışa çıxarmaq istəyirdi. Mənsə arvadıma belə işlər görməsini qadağan etmişdim. İstəmirdim ki, arvadım da qardaşları kimi həbsə atılsın.

"Mən də, arvadım da heroin vururduq"

Mən özüm də narkotik qəbul edirəm, hətta iynə də vururam. Sonuncu dəfə narkotiki hadisədən 8 gün əvvəl vurmuşdum. Narkotiki mənə arvadım gətirmişdi. Yoldaşım da, mən də damarımıza heroin vururduq. Bəzən elə vaxtlarımız olurdu ki, heroini uşaqların gözü qabağında vurduğumuzun belə fərqinə varmırdıq. Artıq narkotiksiz qala bilmirdik. Kəmalə məndən xəbərsiz heroin satmağa başlamışdı. Belə ki, 21 oktyabr 2010-cu ildə axşam saatlarında evdə yatmışdım. Yuxudan oyananda gördüm ki, arvadım yoxdur. Onu axtarmağa başladım. Qaynanamgilə gəldim. Bu zaman gördüm ki, arvadım həyətə daxil oldu. Bildim ki, kiməsə narkotik satıb. Məhəlləyə çıxdım, arxadan bir nəfərin getdiyini gördüm. Kəmalənin həmin adama narkotik satdığına əmin oldum. Arvadımdan cibində narkotik olub-olmadığını soruşdum. Bunu deyən kimi Kəmalə qışqıraraq anasına onu güddüyümü dedi".

"Məni saxta pulla tutdurmaq istəyirdi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra ər-arvad arasında dava-dalaş düşür. Arvadının narkotik satmasına mane olduğunu görən qayınanası Rövşəni tutdurmaq istəyir. Belə qərara gəlir ki, Kəmalənin rahat narkotik alveri eləməsi üçün Rövşənin həbsdə olması daha məqsədəuyğundur. Belə ki, o, Kəmaləyə saxta pul verərək onları Rövşənə verməsini tapşırır. Rövşənin pulu xırdalayan zaman polis tərəfindən həbs olunacağını fikirləşir. Kəmalə də anası ilə razılaşır. Lakin Rövşən bunlardan xəbər tutur. Qaynanasıgilə gedərək Kəmalənin narkotik satmağa məcbur etməyə son qoymasını tələb edir: "Qayınanamla mübahisə edərkən o, evdə olan ayaqqabıları mənim başıma tulladı, həyətdən qovdu. Evə gəldim, təxminən yarım saatdan sonra Kəmalə də gəlib çıxdı. Uşaqlar evdə idilər. Balaca oyaq idi, böyük yatmışdı. Kəmalə evə gələn kimi soruşdum ki, bu nə narkotikdir, sən satırsan. Arvadım heç nəyi boynuna almadı. Birdən gözüm soyuducunun yanında olan pul kisəsinə sataşdı. Pul kisəsini götürəndə Kəmalə mənim üstümə cumdu. Pul qabının içərisində çoxlu saxta pullar vardı. Pulların qaynanama məxsus olmasını bilirdim. O, bu pulları Kəmaləyə vermişdi ki, mənə versin, mən də mağazada xırdalayanda tutulum. Kəmalə yalvardı ki, pul qabını qaytar, mən vermək istəmirdim. Arvadım bədəncə məndən böyük olduğundan məni vurmağa başladı, məcbur olub pul qabını qaytardım.

"Artıq bezmişdim"

Arvadım pul qazanmaq üçün narkotik satacağını dedikdə, əsəblərimi cilovlaya bilmədim. Aramızda yenidən dava-dalaş düşdü. Kəmalə qab-qacağı mənim başıma vurmağa başladı. Artıq bezmişdim, onunla əlbəyaxa oldum. Səs-küyə uşaqlar gəldilər. Birdən gözüm soyuducunun üstündəki bıçağa sataşdı. Uşaqların gözü qabağında mətbəx bıçağı ilə Kəmaləyə zərbələr endirməyə başladım. Kəmaləni ilk əvvəl mətbəxdə vurmuşam, o mənim əlimdən qaçmaq istəyirdi. Həyət qapısının yanında əlbəyaxa olduq. Orada da ona bir neçə bıçaq endirdim. Kəmalə həyət qapısının qarşısında yerə yıxıldı. Orada da öldü. Vurduğum zərbələrdən 4-ü yadımda qalıb, qalanlarını xatırlamıram.

"Özüm də intihar etmək istədim"

Kəmalənin qışqırıq səsinə Zərxanım bizə gəldi. Qapının qarşısında onu da həmin bıçaqla vurdum. Zərbənin təsirindən yerə yıxıldı. Elə bildim ki, ölüb. Hər ikisinin öldüyünü düşünüb özümü də öldürmək qərarına gəldim. Arvadımı qətlə yetirdiyim bıçaqla qarnımdan vurdum, sonrasa damarlarımı doğradım. Gerisini xatırlamıram. Ayılanda gördüm ki, xəstəxanadayam. Özümü ona görə bıçaqla vurdum ki, daha yaşamaq istəmirdim. Arvadım Kəmaləni bıçaqla vuran zaman səsə uşaqlarım da oyanmışdılar və onlar bu hadisəni görmüşdülər".

Beş yaşlı şahid

Hadisənin şahidi olan beş yaşlı qızcığaz qonşuya qaçıb, anası və nənəsinin öldürüldüyünü söyləyərək təcili yardım çağırmalarını xahiş edib. Qonşu beş yaşlı uşağın sözlərinə inanmasa da, dərhal hadisə yerinə gəlib. Bütün bunlardan dəhşətə gələn qonşu hadisə yerinə polis və təcili yardım çağırıb. Hadisə yerinə gələn təcili yardım əməkdaşları yaralı olan Zərxanımı və damarlarını doğrayan Rövşəni xəstəxanaya aparıblar. Onların hər ikisinin həyatını xilas etmək mümkün olub.

"Qızımın narkoman olduğunu ölümündən bir az əvvəl bilmişəm"

Zərərçəkmiş şəxs qismində dindirilən Zərxanım Zərbəliyeva ifadəsində övladlarının narkoman olduqlarını bildirib: "Ərim Zərbəli Hava Limanında Qazanxanada maşinist işləyir. Mənim 3 oğlum, 1 qızım var idi. Oğlanlarımdan biri 16 yaşında rəhmətə getdi. İki oğlum qalıb, onlardan böyük oğlumun adı Balaəli, kiçik oğlumun adı isə Elxandır. Oğlanlarımın hər ikisi narkomandır və hər ikisi narkotik satışı ilə bağlı həbs olunublar. Qızım Kəmalə da narkoman idi. Qızımın narkotik vasitəni damarına vurmasını ölməmişdən təxminən iki ay əvvəl bilmişəm. Qızım Kəmalə əri Rövşənlə birlikdə evlərində özlərinə narkotik vururlarmış.

"Qızım iynə vurmağı tərgitmək istəyirdi"

Bu pis vərdişi tərgitməyi qızımdan tələb etdikdə deyirdi ki, çalışıram iynə vurmayım, lakin alınmır. Hadisə baş verən gün oğlanlarımın yanına türməyə ərzaq aparmışdım. Saat 14:00 radələrində evə qayıtdım. Axşamtərəfi Rövşən gəldi bizim həyətə, başladı qışqır-bağır salmağa ki, sən məni tutduracaqsan. Soruşdum ki, axı mən səni nəyə görə tutdurmalıyam. Kəmalə onu götürüb evə apardı. Səsə ərim Zərbəli də çıxdı həyətə, nə olduğunu soruşdu. Dedim ki, Rövşəndir də, yenə qızışıb düşüb ortaya. Bir azdan ərimlə mən qızımgilə getdim. Rövşən bizi görən kimi başladı ərimə şikayətlənməyə ki, arvadın məni tutdurmaq istəyir. Onun hay-küy saldığını görən Kəmalə dedi ki, siz gedin evinizə, o sizi görəndə bir az da qızışır. Ona görə də ərimlə mən evə qayıtdıq.

"Qızımı səslədim, cavab vermədi"

Saat təxminən 23:00 radələri olardı, televizora baxırdım, gördüm həyətdən qışqırıq səsi gəlir. Rövşənin səsi idi. Məni çağırırdı. Əvvəl əhəmiyyət vermədim, sonra "qızını bıçaqla vurub öldürmüşəm", - dediyini eşitdim. Əvvəlcə inanmadım. Həyətə düşdüm. Gördüm Rövşən küçədə o tərəf bu tərəfə qaçır. Ona yaxınlaşanda məni bir neçə dəfə bıçaqla vurdu. Sağ tərəfimdən qan axdığını hiss elədim. Əlimi yaranın üstünə qoyub evə tərəf gəlmək istəyərkən Kəmaləni öz qapılarının qarşısında yerdə uzanan gördüm. Ona yaxınlaşdım, səslədim, cavab vermədi. Evə gəlib yaramın üstünə dəsmal basdım. Rövşənin qızımla məni vurduğunu ərimə dedim. Kəmalənin 5 yaşlı qızı qonşu Mehribana deyib ki, atam anamı öldürdü və nənəm deyir ki, təcili yardım çağırsın. Təcili yardımı qonşumuz çağırıb. Mən dəsmalı yaramın üstünə basıb küçəyə çıxanda gördüm ki, Rövşən öz qapılarından bir az aralıda yerdə uzanmış haldadır, ona nə olduğunu bilmədim".

"Nə kürəkənimin, nə də qızım Kəmalənin narkotik qəbul etmələrini bilmirəm"

Zərərçəkmişin hüquqi varisi qismində dindirilən Zərbəli Zərbəliyevin ifadəsindən:

- Qızım təxminən on ilə yaxın idi ki, Rövşənlə ailə həyatı qurmuşdu. Nə kürəkənimin, nə də qızım Kəmalənin narkotik qəbul etmələrini bilmirəm. Hadisə baş verən gün yenicə işdən evə gəlmişdim. Həyətdə Rövşənin səsini eşitdim. Bayıra çıxdım, gördüm ki, artıq evlərinə gedib. Arvadım Zərxanım həyətdə idi. Ondan nə olmasını soruşdum. Dedi ki, Rövşəndir, gəlib həyətdə axmaq-axmaq danışır, qışqırıq salır. Onların evlərinə getdim ki, soruşam görüm nə olub. Rövşən dedi ki, arvadın məni tutdurmaq istəyir. Nəyə görə Zərxanımın onu tutdurmaq istəməsini soruşduqda isə heç nə demədi...

Zərxanımın qışqırıq səsinə yuxudan oyandım. Gördüm ki, Zərxanım sağ böyrünü tutub, nə olmasını soruşduqda, Rövşənin onu bıçaqladığını dedi. Bayıra çıxanda gördüm ki, Kəmalə qapılarının qarşısında qan içində uzanıb. Səslədim, gördüm cavab vermir, əlimi boğazına söykədim, gördüm nəfəsi artıq yoxdur, yəqin etdim ki, ölüb. Təxminən 15-20 metr aralıda Rövşən yerə uzanmış vəziyyətdə idi, ona nə olmasını bilmədim. Bir azdan polis işçiləri gəldilər, polislər gələndən sonra təcili yardım maşını gəldi. Arvadım Zərxanımı və Rövşəni xəstəxanaya apardılar. Hadisə barədə bildiklərim bu qədərdir".

QEYD: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2011-ci il tarixli hökmü ilə Rövşən Əsədullayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

P.S. Rövşən arvadını öldürdükdən sonra özünü də öldürmək istəsə də, buna nail ola bilməmişdi. Lakin hadisədən düz 9 ay sonra ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan Rövşən Əsədullayev saxlanıldığı müəssisənin hamamında özünü mələfə ilə dəmir borudan asaraq intihar edib.

İnarə Rafiqqızı

O.M.