Şamaxı sakini istintaqdan 10 il yayına bildi

Şamaxı sakini istintaqdan 10 il yayına bildi

30 Aprel 2012 13:58
Bəyəndim (0) Bəyənmədim (0)
Bir neçə dəfə məhkum olunan Asif Şirinxu çoxsaylı cinayətlərdə ittiham olunur

Adam oğurluğunda ittiham olunan mütəşəkkil dəstənin sonuncu üzvü, Asif Dilavər oğlu Şirinxunun məhkəmə araşdırması başa çatıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, Asif Şirinxu 12 dekabr 1999-cu ildə dəmiryol vağzalı ərazisində şəxsi münasibətlərin pisləşməsi zəminində tanışı Yalçın Süleymanovla dalaşıb. O, həmin vaxt özündə olan bıçaqla Yalçın Süleymanova xəsarət yetirib.

Bundan başqa o, adam oğurluğu məqsədi ilə Akif Rüstəmov, Xalıq Bağırov, Fərhad Əhmədov, Gülnarə Tağıyeva və İbrahim Həmzəyevlə qabaqcadan əlbir olub G.Tağıyevanın və İ.Həmzəyevin sifarişi ilə 2000-ci il mayın 17-də Bakı şəhəri 3-cü mikrorayonda yerləşən "Arzu" şadlıq evinin yanına gəlib və həkim İsmayıl Kərimovu xəstəyə baxmaq adı ilə qaçırıblar.

Belə ki, 2000-ci ilin may ayının əvvəllərində Gülnarə Tağıyeva həmkəndlisi İ.Kərimova zəng edərək qohumunun xəstə olması ilə bağlı köməklik etməsini xahiş edib. Sonra G.Tağıyeva həmin qohumuna yardım göstərmək üçün ondan evlərinə gəlməyini xahiş edib. İ.Kərimov da G.Tağıyeva ilə razılaşıb.

G.Tağıyeva İ.Həmzəyev adlı şəxslə İ.Kərimovun oğurlanmağı barədə əvvəlcədən plan qurub. G.Tağıyeva bu barədə Xaliq Bağırovla danışıb və onu oğurlayandan sonra Xaliqə pul verəcəklərini vəd edib. Bununla bağlı Xaliq Bağırov tanışları olan Akif Rüstəmovu, Fərhad Əhmədovu və Asif Şirinxunu İ.Kərimovu oğurlamaq üçün göndərib.

İ.Kərimovu A.Rüstəmovun idarə etdiyi "QAZ 24" markalı avtomobilə mindiriblər. Avtomobildə F.Əhmədov əlindəki açılıb - qatlanan bıçaqla, Asifin əlində isə silah qismində istifadə etdiyi "Makarov" tipli uşaq tapançası ilə İ.Kərimovun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək qorxudublar. Onlar İ.Kərimov getdikləri yeri görməsin deyə yolda onun gözlərini bağlayıblar.

Girov götürdükləri həkimi X.Bağırovun Hövsan qəsəbəsində yerləşən evinə gətiriblər. İ.Kərimovu həmin evdə mayın 19-na kimi saxlayıblar.

G.Tağıyeva İ.Kərimova mobil telefonu verərək qardaşı Abı Kərimova zəng etməsini istəyib. O, İ.Kərimovdan qardaşına girov götürüldüyünü və azadlığa çıxması müqabilində 350.000 ABŞ dolları verməsini tələb edib. Bütün bunlardan ev sahibi, dəstənin üzvü Xaliq Bağırovun xəbəri olmayıb. O, dəstənin digər üzvlərindən xəbərsiz İ.Kərimovun qardaşı Abı Kərimovla əlaqə yaradaraq, 2000-ci il mayın 18-də onunla görüşüb. Abı ilə görüşən X.Bağırov ondan 25.000 ABŞ dolları məbləğində pul alıb. Pulu alandan sonra 2000-ci il mayın 19-da gecə saatlarında Xaliq, Akif, Fərhad və Asif İ.Kərimovu Xaliqin idarə etdiyi "Moskviç" markalı avtomobillə yaşadığı evə gətirib ailəsinə təhvil veriblər.

Əldə etdikləri puldan A.Rüstəmov, F.Əhmədov və A.Şirinxunun hər birinə 3000, qalan 16.000 dollar X.Bağırov çatıb.

Oğurluq işini planlayan G.Tağıyevaya və İbrahim Həmzəyevə puldan heç nə çatmayıb.

Hadisən bir neçə gün sonra İ.Kərimovun şikayəti əsasında dəstə üzvləri tutulublar. Lakin həmin şəxslərdən Asif Şirinxu gizləndiyi üçün onu tutmaq mümkün olmayıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 2000-ci ildə dəstə üzvlərinə hökm oxunub. Dəstənin azadlıqda gəzən üzvü A.Şirinxu barəsində isə həmin vaxtdan axtarış elan olunub. Nəhayət, o, 2009-cu ilin sentyabrında Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

Ekstradisiya olunandan sonra onun daha bir cinayət əməli törətməsi üzə çıxıb. Belə ki, o, 12 dekabr 1999-cu il tarixdə Bakı şəhəri, dəmiryolu vağzalının ərazisində şəxsi münasibətlərin pisləşməsi zəminində tanışı Süleymanov Yalçın Ələsgər oğlu ilə dalaşaraq ona həmin vaxt özündə olan bıçaqla ağır xəsarətlər yetirib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Şirinxu Asif Dilavər oğlu - 1975-ci ildə Şamaxı rayonunda anadan olub. Əvvəllər məhkum edilib. Orta təhsillidir. Subaydır. Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. AR CM-nin 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"İlk dəfə Moskvada tutuldum"

Təqsirləndirilən şəxs qismində dindirilən Asif Şirinxu ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 1994-cü ildə Moskva şəhərində oğurluq etdiyinə görə həbs olunub və məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, 1995-ci ildə azadlığa buraxılıb. Onun sözlərinə görə, azadlığa buraxılandan sonra Bakı şəhərinə qayıdıb: "Azadlığa buraxılandan sonra Azərbaycana qayıtdım. Bakı şəhərində fərdi işdə işləyərək müxtəlif ünvanlarda kirayə tutduğum evdə yaşayırdım. 2000-ci ilin may ayında Bakı - Sumqayıt yolunda yanacaqdoldurma məntəqəsində işləyirdim".

"Bakıya etap olundum"

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2001-ci ilin əvvəllərində yenidən Rusiya Federasiyasının Moskva şəhərinə qayıdıb və həmin şəhərdə yaşayıb. Onun sözlərinə görə, 2008-ci ilin martında Moskva şəhərində olan zaman polis əməkdaşları tərəfindən saxlanıb və üstündə silah aşkar olunduğu üçün 2 il müddətinə azadlıqdan məhrum edilib: "Təxminən 2001-ci ilin əvvəllərində yenidən Moskvaya qayıdıb orada yaşamağa başladım. 2008-ci ilin mart ayında Moskva şəhərində olan zaman polis əməkdaşları tərəfindən saxlanıldım. Üstümdə silah aşkar olunduğu üçün 2 il müddətinə azadlıqdan məhrum edildim. 2009-cu ilin sentyabr ayında isə Bakı şəhərinə etap olundum.

Yalçın Süleymanovu uşaqlıqdan tanıyıram. Onunla münasibətim yaxşı olub. 12 dekabr 1999-cu ildə Yalçın Süleymanovla görüşməmişəm. Onunla mübahisə etməmişəm, bıçaqla vurmamışam. Yalçın Süleymanovun kim tərəfindən bıçaqla vurulmasından xəbərim yoxdur.

"Bu cinayətdən mənim xəbərim yoxdur"

Dəstənin üzvü Fərhad Əhmədovu uşaqlıqdan bir qonşu kimi tanımışam. Fərhadla doğulduğum Şamaxı rayonunda qonşu olmuşam. Heç vaxt Fərhad Əhmədovla adam oğurluğunda, yəni İsmayıl Kərimovun oğurluğunda iştirak etməmişəm. Ümumiyyətlə, İsmayıl Kərimovu və ona elan olunmuş ittihamda adları qeyd olunan Gülnarə Tağıyevanı, İbrahim Həmzəyevi, Xaliq Bağırovu, Akif Rüstəmovu tanımıram. Heç vaxt həmin şəxsləri görməmişəm. Onlarla heç bir cinayətin törədilməsində, eləcə də İsmayıl Kərimovun oğurlanması və əvəzində pul alınmasında iştirak etməmişəm".

"Məhkəmə göz yaşlarına inanmır"

Təqsirləndirilən şəxsin 12 dekabr 1999-cu ildə Yalçın Süleymanovu görməməsi, onunla mübahisə etməməsi, onu bıçaqla vurmaması, həmçinin Fərhad Əhmədov və qeyriləri ilə İsmayıl Kərimovun oğurluğunda və əvəzində pul alınmasında iştirak etməməsi, zərərçəkmiş şəxs İsmayıl Kərimovu və ona elan olunmuş ittihamda adları qeyd olunan Gülnarə Tağıyevanı, İbrahim Həmzəyevi, Xaliq Bağırovu, Akif Rüstəmovu tanımaması kimi ifadəsinə məhkəmə tənqidi yanaşaraq bu ifadəni iş materiallarına uyğun olmayan, özünümüdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirib və inandırıcı hesab etməyib.

Hippokrat andına sadiq həkim

Zərərçəkmiş şəxs qismində dindirilən İsmayıl Kərimov ifadəsində bildirib ki, o, 2000-ci ildə 1 saylı Dəmiryol xəstəxanasında həkim-psixiatr işləyib. Onun sözlərinə görə, işi ilə bağlı ona müraciət edən şəxslərə həmişə tibbi yardım göstərib, ehtiyacı olanların isə evlərinə gedərək yardım edib: "2000-ci il may ayının əvvəllərində həmkəndlim Gülnarə Tağıyeva zəng vuraraq qohumunun xəstə olması ilə bağlı köməklik etməyimi və evlərinə gəlməyi xahiş etdi. Gülnarənin təklifini qəbul etdikdən sonra 17 may 2000-ci ildə saat təxminən 12 radələrində 3-cü mikrorayonda yerləşən "Arzu" şadlıq evinin yanında görüşməyi qərara aldıq. Razılaşdığımız vaxtda şadlıq evinin yanında dayandım, adı sonradan mənə məlum olan Asif Şirinxu yaxınlaşaraq, həkim olub-olmadığını soruşdu. Asifə həkim olduğumu bildirdikdən sonra o, məni Akif Rüstəmovun idarə etdiyi QAZ 24 markalı avtomobilə əyləşdirdi. Avtomobildə məndən başqa Asif Şirinxu, Fərhad Əhmədov və avtomobili idarə edən Akif Rüstəmov əyləşmişdi. Yolda olan zaman həmin şəxslər gözümə içi izolentlənmiş eynək taxdılar. Fərhad Əhmədov mənə bıçaqla, Asif Şirinxu isə tapança ilə hədə-qorxu gəlməyə başladı. Məni Xaliq Bağırovun yaşadığı Hövsan qəsəbəsi, Çöllük küçəsi 14 A saylı evə apardılar. Orada məlum oldu ki, Gülnarə Tağıyeva İbrahim Həmzəyev adlı şəxslə mənim oğurlanmağım barədə əvvəlcədən plan qurub, bu barədə Xaliq Bağırovla danışıb, məni oğurlayandan sonra Xaliqə pul verəcəklərini vəd edib. Xaliqin evində qaldığım müddət ərzində qardaşım Abı Kərimov mobil telefon vasitəsi ilə mənimlə əlaqə saxlayıb, məni oğurlayan şəxslərin ondan 350.000 dollar məbləğində pul tələb etdiklərini dedi. Evin sahibi Xaliq Bağırovun bundan xəbəri olmadığı üçün mən İbrahim və Gülnarədən xəbərsiz özüm qardaşım Abı Kərimovla əlaqə yaratdım. 18 may 2000-ci ildə Abı ilə görüşüb ondan 25.000 dollar pul aldım. 18 may 2000-ci ildə gecə Xaliq, Akif, Fərhad və Asif məni avtomobillə yaşadığım evə apardılar".

Həkim ifadəsinin sonunda qeyd edib ki, onun oğurlanmağını təşkil edən şəxslərdən - Gülnarə Tağıyeva, İbrahim Həmzəyev, Xaliq Bağırov, Akif Rüstəmov və Fərhad Əhmədov hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa təhvil veriliblər. Lakin həmin şəxslərdən Şirinxu Asif gizləndiyi üçün tutulmayıb.

Qeyd edək ki, cinayət işində adı hallanan şəxslər Xaliq Bağırov, Gülnarə Tağıyeva, Akif Rüstəmov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 5 dekabr 2000-ci il tarixli hökmü ilə məhkum ediliblər.

"Məni vurub qaçdı"

Zərərçəkmiş şəxs qismində dindirilən Yalçın Süleymanov ifadəsindən:

- 12 dekabr 1999-cu ildə saat təxminən 14 radələrində Bakı dəmiryolu vağzalında uşaqlıqdan tanıdığım Asifin qolumu burması səbəbindən aramızda mübahisə baş verdi. Mübahisə zamanı Asif özündə olan bıçaqla qarnımdan zərbə vurdu və hadisə yerindən qaçdı. Xəstəxanada olduğum müddət ərzində Asif yanıma gəlmədi, maddi yardım göstərmədi və sonradan tutulacağından qorxaraq qaçıb gizləndi".

QEYD: Məhkəmənin hökmü ilə Asif Şirinxu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhkum edilib.

Son söz əvəzi: Cinayət ilk növbədə onu törədən insanın azadlığına qəsd edir...

İnarə Rafiqqızı

O.M.