Azərbaycanda 26 aprelin kriminal xronikası

Azərbaycanda 26 aprelin kriminal xronikası

27 Aprel 2012 12:49
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 62 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 62 cinayət faktı qeydə alınmış, onların da 38-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.

Ağstafa rayonu ərazisində sürücü N.Əmrahova qarşı zor tətbiq edərək avtomaşınını ondan almış rayon sakini D.Mustafayev tutulmuşdur

26.04.2012

Aprelin 26-da saat 23.35 radələrində Ağstafa rayonu ərazisində rayon sakini Nurəddin Əmrahovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturmuş naməlum şəxs sürücüyə qarşı zor tətbiq edərək onu düşürüb, avtomaşını sürüb getmişdir. Avtomaşın aprel ayının 27-də saat 00.15 radələrində rayon ərazisində tapılmışdır. Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Dərviş Mustafayev tutulmuşdur.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

26.04.2012

Aprelin 26-da saat 21.00 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "VAZ-2121" markalı avtomaşın müəyyən edilməmiş avtomaşınla toqquşmuşdur. Xəsarət almış E.Məmmədova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Şamaxı şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Z.Hacıyeva vurulmuşdur

26.04.2012

Aprelin 25-də saat 16.05 radələrində Şamaxı şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini 9 yaşlı Zərifə Hacıyeva vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Şamaxı şəhərində yaşayan B.Allahyarlıya məxsus evdə yanğın baş vermişdir

26.04.2012

Aprelin 27-də saat 01.45 radələrində Şamaxı şəhərində yaşayan Balayar Allahyarlıya məxsus evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılmışdır.

E.Fərəcova məxsus avtomaşını qaçırmış Babək rayon sakini G.Abdullayeva saxlanılmışdır

26.04.2012

Çevik Polis Alayı və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də Elnur Fərəcova məxsus "Toyota" markalı avtomaşını qaçırmış Babək rayon sakini Günay Abdullayeva aprelin 26-da saat 15.20 radələrində avtomaşını idarə edərkən saxlanılmışdır.

A.Fərhadova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Y.Babayev tutulmuşdur

26.04.2012

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Fərhadova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Babayev tutulmuşdur.

Sumqayıt şəhər sakinləri X.Əliyev və T.Paşayev tərəfindən dələduzluq törədilməsi müəyyən edilmişdir

26.04.2012

Cari ilin yanvar-fevral ayları ərzində Sumqayıt şəhər sakinləri Xəyyam Əliyev və Taleh Paşayev, Etibar Məmmədovun etimadını qazanaraq ona məxsus "VAZ-2106" markalı və "VAZ-21099" markalı avtomaşınlara saxta sənəd düzəldərək satmaları müəyyən edilmişdir.

Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla A.Səfərov vurulmuşdur

26.04.2012

Aprelin 26-da Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Gürcüstan vətəndaşı Azim Səfərov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Zaqatala rayonu ərazisindən silah-sursat tapılmışdır

26.04.2012

Zaqatala RPŞ əməkdaşları tərəfindən rayonun Aşağı Tala kəndi ərazisindən 1 ədəd "AKM" avtomatı, 6 ədəd qumbara, 1 ədəd tüstüverici şaşka, 1 ədəd süngü bıçağı, 335 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılmışdır.

Quba rayonu ərazisindən silah tapılmışdır

26.04.2012

Quba RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd "Naqan" tipli tapança, 2 ədəd "TOZ" markalı ov tüfəngləri tapılmışdır.

Axtarışda olan Nüsrət Həşimov saxlanılmışdır

26.04.2012

Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyanın CM-nin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nüsrət Həşimov saxlanılmışdır.

Qusar rayonu ərazisindən silah-sursat tapılmışdır

26.04.2012

Qusar RPŞ əməkdaşları tərəfindən Lənqu qəsəbəsi ərazisindən 1 ədəd "AKSU" avtomatı, 60 ədəd avtomat patronu və 1 ədəd patron darağı tapılmışdır.

Bakının Nizami rayonu ərazisində Sumqayıt şəhər sakini E.Cahangirov hündürlükdən yıxılması nəticəsində ölmüşdür

26.04.2012

Aprelin 26-da saat 17.30 radələrində Bakının Nizami rayonu ərazisində, "Kamran Kompleks" MMC-nin emalatxanasında, orada işləyən Sumqayıt şəhər sakini Elçin Cahangirov qaynaq işləri apararkən, hündürlükdən yıxılmış və xəstəxanaya aparılarkən yolda ölmüşdür.

3 nəfər zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

26.04.2012

Aprelin 26-da Sumqayıt şəhər sakini Nərminə Oruclu, Abşeron rayon sakinləri 3 yaşlı Zaur Şirəliyev və Əkbər Əliyev öz evlərindən dərmandan, sirkə turşusundan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

26.04.2012

Aprelin 26-da saat 01.30 radələrində Qaradağ rayonu ərazisində Masallı rayon sakini Əfqan Əliyev "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Lənkəran rayon sakini Tarqulu Tahirovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə, "VAZ-21015" markalı avtomaşında yanğın baş vermiş və Ə.Əliyev hadisə yerində ölmüşdür.

O.M.