Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məhkəmə iddiasına əsasən “Həyatverici lütf” dini icmasının fəaliyyəti dayandırıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məhkəmə iddiasına əsasən “Həyatverici lütf” dini icmasının fəaliyyəti dayandırıldı

27 Aprel 2012 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) "Həyatverici lütf" dini icmasının ləğvi ilə bağlı iddiası təmin olunub. Qarşı tərəfin Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyi gözlənilir.

DQİDK "Həyatverici lütf" dini icması ilə bağlı məhkəməyə müraciət etməsinin səbəblərini açıqlayıb. "Həyatverici lütf" dini icması 21 aprel 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb: "Lakin 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu dini icma Dövlət Komitəsində qeydiyyatdan keçməyib. 2009-cu ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanununa edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 1 yanvar 2010-cu il tarixinədək sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim etməli idilər. Ancaq həmin müddət bitənədək "Həyatverici lütf" dini icması yenidən qeydiyyatdan keçmək üçün müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunçuluğa uyğun olaraq sözügedən dini icmanın ləğvi üçün məhkəməyə müraciət edib".

O.M.