Azərbaycanda 25 aprelin kriminal xronikası

Azərbaycanda 25 aprelin kriminal xronikası

26 Aprel 2012 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 51 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 14 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.

Tərtər şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

25.04.2012

Aprelin 25-də Tərtər şəhəri ərazisində Laçın rayon sakini Pərviz Hacıyev sərxoş halda rayon sakini Çingiz Abbasova məxsus "VAZ-2106" markalı avtomaşını qaçırmış və rayon ərazisində idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə xəsarət almış sərnişinləri Xaliq Abdullayev və Elşən Quliyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Siyəzən rayonunun Zarat kəndi ərazisində yol-nəqliyyat hadisəsi

25.04.2012

Aprelin 25-də saat 19.00 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Bakı şəhər sakini Məzahim Nağıyevin idarə etdiyi "Mercedes-200" və Şabran rayon sakini Zaur Qarayevin idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Qarayev hadisə yerində ölmüşdür.

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi

25.04.2012

Aprelin 25-də saat 08.00 radələrində Sabunçu rayonu ərazisində Gədəbəy rayon sakini Sakit Quliyev "VAZ-21043" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Abdulcabbar İsrailzadəni vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi

25.04.2012

Aprelin 24-də saat 14.30 radələrində Səbail rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Cavid Rəşidovu vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Xızı rayon sakini Valentin Stavsev saxta əsginasları satarkən yaxalanmışdır

25.04.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində kirayədə yaşayan Xızı rayon sakini Valentin Stavsev 80.000 manat saxta 100 manatlıq əsginasları 36.000 dollara satarkən yaxalanmışdır. V.Stavsevin yaşadığı mənzilə baxış zamanı əlavə 51.400 manat saxta 100 manatlıq əsginas aşkar edilərək götürülmüşdür.

Bakı şəhərində yaşayan Tapdıq Həmzəyev qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır

25.04.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində yaşayan Tapdıq Həmzəyev gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır.

Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Aysel Məmmədova tutulmuşdur

25.04.2012

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart və aprel ayları ərzində Cəmilə Ağamaliyevanın çantasından 2030 manat pulu, Leyla Nurəddinovanın çantasından 240 manat pul və sənədləri, Ülviyyə Kərimovanın çantasından isə 900 manat pul, ümumi dəyəri 350 manat olan 3 ədəd brilyant qaş, şəxsi sənədlər və bankomat kartını oğurlamış Sumqayıt şəhər sakini Aysel Məmmədova tutulmuşdur.

Yevlax rayon sakini Yaşar Cəfərovdan odlu silah və vasitələri götürülmüşdür

25.04.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Cəfərovdan 1 ədəd "AKSU" markalı avtomat, 1 ədəd patron darağı və 6 ədəd patron götürülmüşdür.

Avtomaşın qaçırmış Natiq Hüseynli saxlanılmışdır

25.04.2012

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də Təranə Əfəndiyevaya məxsus "Pejo" markalı avtomaşını qaçırmış Natiq Hüseynli aprelin 25-də saat 20.00 radələrində avtomaşını idarə edərkən saxlanılmışdır.

DİO əməkdaşları tərəfindən silah-sursat tapılmışdır

25.04.2012

Balakən RPŞ əməkdaşları tərəfindən rayon ərazisində 1 ədəd "AKS" avtomatı, 1 ədəd "TOZ-8" tüfəngi, 2 ədəd ov tüfəngi, 1 ədəd patron darağı və 419 ədəd müxtəlif çaplı patron tapılmışdır.
Qusar RPŞ əməkdaşları tərəfindən rayon ərazisində 1 ədəd pnevmatik tüfəng, 1 ədəd "Revolver-Naqan" tipli tapança, 1 ədəd idman tapançası, 1 ədəd "Karabin" markalı silahı, 2 ədəd süngü-bıçaq və 8 ədəd pulemyot patronu tapılmışdır.

Sumqayıt şəhəri Polad konstruksiya Quraşdırma ASC-də 10 nəfər kimyəvi maddədən zəhərlənmişlər

25.04.2012

Aprelin 25-də Sumqayıt şəhəri Polad konstruksiya Quraşdırma ASC-nin ərazisində, Türkiyə vətəndaşı Çengiz Tisin icarə əsasında işlətdiyi kağız emalı sexində, özü və orada fəhlə işləyən Xaçmaz rayon sakini Kamran Məlikməmmədov, Sumqayıt şəhər sakinləri Yalçın Hüseynov, Mais Həmzəyev, Rəvan Səlimov, onun qardaşı, Rahid, Bəylər Qocamanov, Bəxtiyar Əsgərov, Vüqar Salmanov və Mirmehdi Fəttayev kimyəvi maddədən zəhərlənmişlər. Xəstəxanaya aparılarkən K.Məlikməmmədov yolda ölmüş, Ç.Tisin, Y.Hüseynovun və M.Həmzəyevin vəziyyətləri ağır, M.Fəttayevin vəziyyəti orta-ağır, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Lerik rayonunun Rvarud kəndi ərazisində olan su anbarının bəndinin 5 metrlik hissəsi dağılmışdır

25.04.2012

Aprelin 25-də Lerik rayonunun Rvarud kəndi ərazisində, uzunluğu 45 eni isə 30 metr olan su anbarının torpaqdan çəkilmiş bəndinin 5 metrlik hissəsi dağılmışdır. Nəticədə kənd daxili uzunluğu 6 eni isə 4 metr olan dəmir-beton konstruksiyalı körpü yararsız hala düşmüş, digər uzunluğu 6, eni isə 3 metr olan 2 dəmir konstruksiyalı körpünü su dağıtmış, eləcə də Çayrud kənd sakinləri Dilşad Kərimovanın, Şəmşir Mirzəyevin və Elşad Abdullayevin həyətyanı sahələrini su basmışdır.

Gəncə şəhərində yaşayan Rahid Mirzəyev yıxılaraq ölmüşdür

25.04.2012

Aprelin 25-də Nizami (Gəncə) rayonunda yaşayan Rahid Mirzəyev qəsəbə sakini Valeh Qafarova məxsus evin damını təmir edərkən yıxılaraq ölmüşdür.

Sumqayıt şəhərində yaşayan Səkinə İsmayılova yıxılaraq ölmüşdür

25.04.2012

Aprelin 25-də Sumqayıt şəhərində yaşayan Səkinə İsmayılova 4-cü mərtəbədən yıxılaraq ölmüşdür.

Dərmandan zəhərlənmiş Göygöl rayonunun Üçtəpə kənd sakini Günel Ələsgərova xəstəxanaya yerləşdirilmişdir

25.04.2012

Aprelin 25-də Göygöl rayonunun Üçtəpə kənd sakini Günel Ələsgərova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

O.M.