“Sulutəpə hadisələri” ilə bağlı cinayət işi açıldı

“Sulutəpə hadisələri” ilə bağlı cinayət işi açıldı

20 Aprel 2012 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi Rayon Polis İdarəsinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakının Sulutəpə qəsəbəsində qanunsuz tikililərin söküntüsünü həyata keçirən zaman evləri sökülən sakinlərlə ARDNŞ əməkdaşları arasında baş verən qarşıdurma ilə əlaqədar Rayon Polis İdarəsinin istintaq şöbəsində fakta görə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisədə günahkar olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq aparılır, zəruri izahatlar alınır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 18-də ARDNŞ əməkdaşları tərəfindən, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirib və bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət alıblar. İ.Abbasov və C.Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
Daha sonra sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınıb, onlardan 10 nəfəri Binəqədi RPİ 40-cı PB-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılıblar.

O.M.