Azərbaycan Daxili İşlər Nazirliyi “Eurovision-2012” mahnı müsabiqəsinə ciddi hazırlaşır

Azərbaycan Daxili İşlər Nazirliyi “Eurovision-2012” mahnı müsabiqəsinə ciddi hazırlaşır

19 Aprel 2012 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, aprelin 18-də respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov may ayında ölkəmizdə keçiriləcək "Eurovizion" beynəlxalq mahnı müsabiqəsi ərəfəsində Azərbaycan paytaxtında ictimai təhlükəsizliyin təmini ilə bağlı görülmüş işlərlə tanış olmaq və bu sahədə fikir mübadiləsi aparmaq üçün Bakıya gəlmiş Avstriya Respublikası Daxili İşlər Nazirliyinin və Vyana polisinin nümayəndələri ilə görüşmüşdür.

Qonaqları salamlayan nazir müavini DİN-in əsas hüquq və vəzifələri, eləcə də əlverişli kriminogen durum, ölkəmizdə cinayətkarlıqla aparılan mübarizə, ictimai qaydanın, əmin-amanlığın etibarlı təmin edilməsi barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, ölkə Prezidentinin rəhbərliyi ilə daxili işlər, digər hüquq-mühafizə və təhlükəsizlik orqanlarının birgə səyləri ilə ölkəmizdə sabitliyin dönməzliyi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması təmin edilmiş, xarici investorların normal fəaliyyət göstərmələri, vətəndaşlarımızla bərabər onların da təhlükəsiz və rahat şəraitdə işləyib yaşamaları üçün hər cür şərait yaradılmışdır.
Polis general-leytenantı Oruc Zalov mahnı müsabiqəsi ilə əlaqədar hazırlıq işlərinin vəziyyəti barədə danışmış və bunun dövlət başçısının şəxsi nəzarətində olduğunu vurğulamışdır.
Diqqətə çatdırılmışdır ki, bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür və bu istiqamətdə xüsusi Tədbirlər Planı hazırlanaraq icra edilməkdədir. Polisin qarşısında duran əsas vəzifə isə müsabiqə ərəfəsində və dövründə paytaxtda ictimai asayişin və əmin-amanlığın nümunəvi qorunması, təhlükəsizlik baxımından digər analoji tədbirlər kimi bu beynəlxalq yarışmanın da ən yüksək səviyyədə keçirilməsini təmin etməkdir ki, həmin məqsədlə nazirliyin rəhbərliyi bütün zəruri tədbirləri görür.
Nazir müavini iki gün ərzində DİN-in Çevik Polis Alayında təşkil olunmuş təlimlərdə iştiraklarına və müsabiqə öncəsi xidməti fəaliyyətin səmərəliyinin daha da artırılması məqsədi ilə verdikləri təkliflər üçün qonaqlara minnətdarlığını bildirmişdir.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Avstriya Daxili İşlər Nazirliyinin idarə rəisi Aleksander Marakovits səfərlərinin məqsədinin Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi və genişmiqyaslı digər tədbirlər zamanı ictimai asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində polis əməkdaşları üçün təlimin keçirilməsi olduğunu diqqətə çatdırmış, bu istiqamətdə DİN tərəfindən bütün zəruri təşkilati-praktik tədbirlərin görüldüyünü, həmin nüfuzlu yarışma öncəsi asayiş keşikçilərinin peşəkarlığının yüksək səviyyəyə çatdığını qeyd etmişdir.

O.M.