Azərbaycanda 18 aprelin kriminal xronikası

Azərbaycanda 18 aprelin kriminal xronikası

19 Aprel 2012 11:31
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 51 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

18.04.2012

Aprelin 19-da saat 01.50 radələrində Qaradağ rayonu ərazisində - Yeni Dairəvi yolda, Masallı rayon sakini Saməddin Ələkbərov "Mercedes" markalı avtomaşını idarə edərkən yolun kənarında dayanmış 30-35 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Hövsan qəsəbəsindəki uşaq bağçasının zirzəmisində kişi meyiti tapılmışdır

18.04.2012

Aprelin 18-də Suraxanı rayonunun Hövsan qəsəbəsindəki uşaq bağçasının zirzəmisində qismən yanmış, sifət nahiyəsində sıyrıq xəsarəti olan 50-55 yaşlı kişi meyiti tapılmışdır.

Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Əli Əliyevin evində yanğın baş vermişdir.

18.04.2012

Aprelin 18-də saat 16.00 radələrində Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Əli Əliyevin evində yanğın baş vermişdir. Nəticədə evin tavanı, 1 otağın yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Ə.Əliyev Zaqatala RPŞ-yə ərizə ilə müraciət edərək, evinin qardaşı Cəlaləddin tərəfindən qəsdən yandırılmasını bildirmişdir.

Avtomaşından 509 manat pul oğurlamış Abşeron rayon sakini Tural Quliyev tutulmuşdur

18.04.2012

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il avqustun 24-də Fazil Məmmədova məxsus "Honda" markalı avtomaşından 509 manat pul oğurlamış Abşeron rayon sakini Tural Quliyev tutulmuşdur.

Bakı şəhər sakinləri Ruslan Musayevdən və İsrafil Məmmədovdan narkotik vasitə götürülmüşdür

18.04.2012

Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ruslan Musayevdən 1,321 qram tiryək götürülmüşdür. R.Musayevin və aprelin 17-də narkotik vasitə ilə tutulmuş Zöhrab Bağırovun narkotik vasitəni Bakı şəhər sakini İsrafil Məmmədovdan almaları müəyyən edilmiş və ondan 506 qram tiryək götürülmüşdür.

Astara rayon sakini Rasim Məmmədovdan 173,630 qram heroin götürülmüşdür

18.04.2012

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədovdan 173,630 qram heroin götürülmüşdür.

Oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini İlqar İmanov tutulmuşdur

18.04.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il noyabrın 1-də Şamil İbrahimova məxsus "Mercedes" markalı avtomaşından 1 ədəd mobil telefon oğurlamış Kürdəmir rayon sakini İlqar İmanov tutulmuşdur.

Dələduzluq etmiş Şamaxı rayon sakini Anar Qədirov tutulmuşdur

18.04.2012

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da M.Qədirova qarşı dələduzluq etmiş Şamaxı rayon sakini Anar Qədirov tutulmuşdur.

Bakı BPİ-nin şöbə rəisi Vasif İslamov infarktdan ölmüşdür

18.04.2012

Aprelin 18-də Səbail rayonundakı Naftalan sağlamlıq mərkəzində, Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təşkili Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vasif İslamov infarktdan ölmüşdür.

İctimai asayişin pozulmasının qarşısı alınmışdır

18.04.2012

Aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirmiş və bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət almışlar. İ.Abbasov və C.Əliyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir. Sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağa cəhd göstərmişlər. Cəhdin qarşısı alınmış, onlardan 10 nəfəri Binəqədi RPİ 40-cı PB-yə gətirilmiş və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılmışlar.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

18.04.2012

Aprelin 18-də Sumqayıt şəhər sakini Kəmalə Məmmədova və Abşeron rayon sakini Fidan Bağırova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Quba rayonu ərazisinə yağmış güclü yağış nəticəsində Qaraçay kəndi ərazisində olan körpü dağılmışdır

18.04.2012

Aprelin 18-də Quba rayonu ərazisinə yağmış güclü yağışdan Qaraçay çayının suyu məcrasından çıxmışdır. Nəticədə Qaraçay kəndi ərazisində çayın üzərində olan körpünün 15-20 metrlik hissəsi dağılmışdır. Bu zaman körpünün üstündən keçən İqrik kənd sakini Ülfət Hüseynovun idarə etdiyi "QAZel" markalı avtomaşın çaya düşmüşdür. Quba RPŞ əməkdaşları tərəfindən xilas edilmiş Ü.Hüseynov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Sumqayıt şəhər sakini Esmira Quliyeva dərmandan zəhərlənmişdir

18.04.2012

Aprelin 18-də Sumqayıt şəhər sakini Esmira Quliyeva mənzilindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

O.M.