Ailəsini gülləbaran edən kişinin məhkəmə prosesi başlanır

Ailəsini gülləbaran edən kişinin məhkəmə prosesi başlanır

10 Aprel 2020 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Balakəndə 4 nəfərin yaralanması ilə nəticələnən silahlı insident törətməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Məhəmməd Bağmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib. Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il dekabrın 18-də Balakənin Yeni Şərif kəndində Məhəmməd Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhməd Bağmanovu güllələyib.

Bundan başqa, hadisə zamanı Əhməd Bağmanovla birgə masa ətrafında əyləşən bacısı, 1980-ci il təvəllüdlü Anarəcəbova Məryəm Məhəmməd qızı, anası, 1968-ci il təvəllüdlü Bicilova Havva Abbas qızı və azyaşlı qızı, 2018-ci il təvəllüdlü Bağmanova Xədicət Əhmədov qızı yaralanıb.

Yaralılar Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatlarını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Məhəmməd Bağmanovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 126.2.3-cü (qəsdən sağlamlığa zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.

Oxuməni.az