Qazax sakini həmkəndlisinin qanını tökdü

Qazax sakini həmkəndlisinin qanını tökdü

11 Aprel 2012 15:34
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Hadisə Mərdəkan qəsəbəsində baş verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Qazax rayon sakini Xəlilov Elşən Məhəmməd oğlunun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, Elşən Xəlilov 28 aprel 2010-cu ildə saat 18.30 radələrində həmkəndlisi Hüseynov Yaşar Alı oğlunu "söhbət etmək" məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan dairəsinin kənarına çağırıb. Aralarında baş vermiş mübahisə zamanı Yaşar Hüseynovu qəsdən öldürmək məqsədilə bıçaqla yaralayıb. Bundan sonra qaçmaq istəyən Yaşar Hüseynovu əli ilə tutub onun uzaqlaşmasına imkan verməyərək, əlindəki bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə 12 zərbə endirib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Xəlilov Elşən Məhəmməd oğlu - 1989-cu ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Subaydır. Orta təhsillidir. Mərdəkan qəsəbəsi, Qızılqum bağlarında yerləşən bağ evində yaşayır. AR CM-nin 120.2.2 və 120.2.4 maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Mənim əmim qızını qaçırmışdı"

Təqsirləndirilən şəxs qismində dindirilən Elşən Xəlilov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib: "Mən uşaq olarkən həmkəndlim Yaşar əmim İftarın qızı Aygünü qaçıraraq, onunla ailə həyatı qurmuşdu. Həmin nikahdan onların İsabala adlı uşaqları olmuşdu. Yaşar həbs edildiyindən 2003-cü ildə onların rəsmi nikahları pozuldu. Həmin vaxtlar Aygün ikinci dəfə ailə həyatı qurdu. Yaşar həbsdən çıxdıqdan sonra qohumu ilə evlənərək Bakı şəhərində yaşamağa başladı.

"Ailəsinin dağılmasında əmimgili günahlandırdı"

25 aprel 2010-cu ildə Yaşar mənə zəng vuraraq görüşmək istədiyini dedi. Həmin axşam ona zəng etdim. Yaşar "Günəş" şirniyyat evinin arxasındakı kafedə olduğunu söylədi. Oraya gələn zaman Yaşarın iki-üç nəfər tanışı ilə yeyib-içdiyini gördüm. O, tanışlarına məni "Qaqanın dayısıdır", - deyə təqdim etdi. Hamımız Yaşarın oğlu İsabalanı "Qaqa" deyə çağırırdıq. Süfrə arxasında əyləşib onlarla birlikdə bir qədəh araq içdim. Söhbət zamanı Yaşar oğlu İsabalanı hərbi liseyə düzəltmək istədiyini bildirdi. Aygünlə danışıb İsabala üçün hərbi liseyə daxil olmağa icazə vərəqəsi almağımı xahiş etdi. Söhbət zamanı Yaşar yanındakılara mənim xətrimi çox istədiyini, ailəsinin dağılmasına səbəb isə Aygünün valideynlərinin olmasını danışdı. Yaşarın bu sözləri xoşuma gəlmədi.

"Bir-birimizi hədələdik"

Kafedən təxminən saat 23:00 radələrində çıxdıq. Evə getmək istəyərkən Yaşar məni buraxmayıb evinə qonaq çağırdı. Yaşarın dəvəti ilə onun evinə getdim. Orada olarkən Yaşar və onun həyat yoldaşı ilə birlikdə söhbət edib uşaqlarla oynadım. Gecə saat 02:00 radələrində Yaşarla birlikdə siqaret çəkmək üçün küçəyə çıxdım. Yaşara nə üçün Aygün barəsində söhbət açdığını, bu hadisələrin artıq olub keçdiyini və bunun onun üçün yaxşı olmayacağını söylədim. Bir daha belə hərəkətə yol verməməsini, Aygün barədə heç yerdə danışmamasını, sənədi alıb verdikdən sonra bir daha məni narahat etməməsini bildirdim. Söhbət zamanı üstüörtülü bir-birimizi hədələdik.

"Bir daha məni narahat etməməsini tapşırdım"

O gecə Yaşarın kirayədə qaldığı evdə gecələdim. Səhəri gün Yaşar məni Bakı Dövlət Universitetinin yanına apardı. Aygünün orada işlədiyini dedi. Bir qədər sonra Aygün gəldi. Ona yaxınlaşıb İsabalanın hərbi liseyə daxil olması üçün boşanma haqqında şəhadətnamənin surətinin lazım olduğunu dedim. Aygün şəhadətnaməni anasına verdiyini söylədi. Bundan sonra Yaşardan ayrılıb evə getdim. Ertəsi gün əmimgilə gedib boşanma haqqında şəhadətnamənin surətini götürüb Yaşara verdim. Aprelin 28-də Yaşar mənə zəng edib İsabalanın Bakı şəhərinə gəldiyini dedi. İsabalanın telefonuna zəng etdikdə, Yaşarın həyat yoldaşı cavab verib İsabalanın evdə olmadığını söylədi.

Sənədi Yaşara verməyimə baxmayaraq, o, yenə zəng vurur, məni narahat edirdi. Düşünürdüm ki, bəlkə Yaşar mənim vasitəmlə yenə də Aygünlə münasibət qurmaq istəyir. Bu haqda onunla görüşüb söhbət etmək qərarına gəldim.

"Bıçağı çıxarıb qəflətən zərbə vurdum"

Təxminən saat 16:00 radələrində Yaşara zəng edib onunla görüşmək istədiyimi dedim. Yaşar işini qurtarandan sonra zəng edəcəyini bildirdi. Evdə bir qədər spirtli içki içdim. Təxminən saat 18:00 radələrində Yaşar zəng edib Mərdəkan dairəsində görüşməyi təklif etdi. Həmin gün ailə üzvlərim qardaşım Raminin toyunu etmək üçün şadlıq evi sifariş etməyə getmişdilər. Evdə yalnız qardaşım Şahinin həyat yoldaşı Xəyalə qalmışdı. O da uşağı yatırırdı. Mətbəxdən bıçaq götürüb şalvarımın belinə keçirdim. Evdən çıxıb 341 saylı marşrut avtobusuna minərək Mərdəkan dairəsinə getdim. Yaşar fiziki cəhətdən məndən güclü olduğundan aramızda mübahisə baş verəcəyi halda özümü müdafiə etmək məqsədilə özümlə bıçaq götürmüşdüm. Mərdəkan dairəsinin kənarında dayanıb gözlədim. Bir qədər keçmiş Yaşar da gəlib çıxdı. Həmin vaxt dairənin yanında yol patrul xidməti avtomaşınları dayanmışdı. Yaşar həmin avtomaşına baxıb "Burda nə çox polis var?" - dedi. Yaşara "Sənin bəxtindən polislər hələ azalıblar", - deyə cavab verdim. Yaşara bir daha məni narahat etməyəcəyini vəd etdiyini xatırlatdım. O isə kobud surətdə "Sən kimsən ki, mənə göstəriş verirsən?" - dedi. Yaşara öz nəslini, kökünü tanımadığını və mənimlə bu cür danışmamasını bildirdim. O, nəslimi ağır söyüşlərlə təhqir etdi. Artıq aranın qızışdığını görüb belimdən bıçağı çıxarıb qəflətən Yaşarın qarın nahiyəsinə bir zərbə vurdum.

"Alnından öpüb ayağa qalxdım"

Yaşar zərbədən əyildi, onu bıçaqla vurduğumu görüb qaçmaq istədi. Lakin sol əlimlə onun paltarından tutub qaçmağa qoymadım. Buna baxmayaraq, Yaşar əlimdən çırpınıb ağaclıqlara tərəf qaçmağa çalışdı. Onu buraxmayıb böyründən daha iki zərbə endirdim. Bundan sonra Yaşar yerə yıxıldı. Ona daha bir neçə zərbə vurdum. Zərbələrdən birini Yaşara vurduqda, bıçaq əyildi. Ona neçə zərbə vurmağımı bilmirəm. Sonuncu zərbəni vurandan sonra şokdan ayıldım. Yaşarın alnından öpüb ayağa qalxdım. Həmin vaxt bir yol polisi avtomaşını məndən bir neçə metr kənarda dayanmışdı. Onları görən kimi əlimdə bıçaq əllərimi qaldırdım və onlara tərəf getdim. Avtomaşından bir nəfər yol patrul xidməti əməkdaşı mənə bıçağı yerə atmağımı əmr etdi. Bıçağı yerə atdım və polis əməkdaşlarına təslim oldum.

"Sonrakı peşmançılıq"

Yaşarı öldürmək fikrim olmayıb. Onu xuliqanlıq məqsədi və xüsusi amansızlıqla öldürməmişəm. Yaşarın fiziki cəhətdən məndən güclü olduğunu bildiyim üçün aramızda mübahisə olacağından ehtiyat edib hər ehtimala qarşı özümü müdafiə etmək məqsədilə evdən özümlə bıçaq götürmüşdüm. Məni narahat etdiyi üçün Yaşar üzr istəmək əvəzinə nalayiq söyüşlər söydü. Özümü saxlaya bilməyib hirslənərək bıçağı çıxarıb ona zərbələr endirdim. Etdiyim hərəkətə görə çox peşmanam".

"Nəvəmi özüm böyütmüşəm"

Zərərçəkmiş şəxs qismində dindirilən Aybəniz Hüseynova (mərhumun anası) ifadəsində oğlu Yaşarın 1993-cü ildə həmkəndliləri Aygün adlı qızı qaçırdığını və rəsmi qaydada ailə həyatı qurduqlarını göstərib: "Aygün hamilə olarkən Yaşar həbs edildi. Həbsindən bir neçə gün sonra Yaşarın İsabala adlı oğlu anadan oldu. Nəvəmin iki yaşı olarkən Aygün özü çıxıb atası evinə getdi. Bakı Dövlət Universitetində təhsilini davam etdirərək Bakı şəhərində yaşamağa başladı. Nəvəm İsabalanı özüm kənddə saxlayaraq böyütmüşəm. 2003-cü ildə Aygün oğlum həbsdə olarkən Yaşardan rəsmi qaydada boşandı. Sonradan bildiyimə görə, ikinci dəfə ailə həyatı qurdu. Yaşar 2007-ci ildə həbsdən azad olundu. Bir il sonra qohumumuz Səidə adlı qızla qeyri-rəsmi evləndi. Təxminən 2009-cu ilin əvvəllərində Yaşar həyat yoldaşı və uşağı ilə birlikdə Bakı şəhərinə köçüb, kirayədə yaşayıb işləməyə başladı. Yaşar əvvəlcə Dərnəgüldə tikinti materiallarının satışı bazarında, sonradan isə müxtəlif tikinti obyektlərində fəhləlik etməklə ailəsini dolandırırdı.

"Oğlumun öldürüldüyünü qohumlarımdan eşitdim"

Nəvəm İsabalanın 14 yaşı olduğundan onu Naxçıvanski adına hərbi liseyə düzəltmək istəyirdik. Lakin İsabalanın hərbi liseyə qəbul olunması üçün anası Aygünün razılıq ərizəsi və boşanma haqqında şəhadətnamənin surəti tələb olunurdu. Aygünün əmisi oğlu Elşən Xəlilovun uşaq vaxtlarından İsabala ilə münasibəti yaxşı idi. Eyni kənddə böyümüşdülər. Oğlum Yaşarın da Elşənlə münasibəti normal idi.

29 aprel 2010-cu ildə qohumlarımdan bildim ki, Elşən oğlum Yaşarı bıçaqla vurub öldürüb. Elşənin Yaşarı öldürməsinin səbəbi mənə məlum deyil. Yaşar Elşənin vəhşiliyinin qurbanı olub. Bildiyimə görə, Elşən xüsusi amansızlıqla Yaşara çoxsaylı bıçaq zərbələri endirməklə onu öldürüb. Hadisədən sonra gəlinim Səidə mənə danışdı ki, aprelin 25-də Yaşar evə Elşənlə birlikdə gəlib. Saat 03:00 radələrinədək evdə oturub söhbət edib deyib-gülüb, sonradan yatıblar. Ertəsi gün birlikdə Aygünün iş yerinə gediblər.

Oğlumla Elşənin, eləcə də ailələrimiz arasında əvvəllər hər hansı mübahisə, düşmənçilik və ədavət olmayıb. Oğlum həbsdən çıxdıqdan sonra birinci həyat yoldaşı Aygünlə görüşməyib, münasibət saxlamayıb".

QEYD: Məhkəmə prosesi davam edir. Çıxarılacaq hökmlə sizləri tanış edəcəyik.

O.M.