"Kür" Vətəndaş Cəmiyyətinin koordinatoru həbs edildi

"Kür" Vətəndaş Cəmiyyətinin koordinatoru həbs edildi

9 Aprel 2012 17:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün "Kür" Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevin həbs olunması ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən digər koordinator Mehman Əliyev Oqtay Gülalıyevin monitorinq keçirən zaman həbs olunduğunu bildirib: "Biz iki ildir ki, Kür daşqınlarından əziyyət çəkən vətəndaşlarla bağlı monitorinq keçirdirik. Oqtay Gülalıyevin həbsinin keçirdiyi monitorinqlərlə bağlı olduğunu düşünürəm. Lakin mənə polis bölməsindən bildirilər ki, o, ictimai yerdə nalayiq sözlər işlətdiyi üçün həbs olunub".

Mehman Əliyev O.Gülalıyevin dövlət tərəfindən təyin olunan vəkildən imtina etdiyini də bildirib: "O, vəkil İntiqam Əliyevlə müqavilə bağlayıb. Eyni zamanda biz də öz növbəmizdə Oqtayı müdafiə edəcəyik".
Tədbirdə çıxış edən Müsavat Partiyasının divan üzvü Lətafət Məlikova isə təmsil olunduğu partiyanın Oqtay Gülalıyevə dəstək olduğunu bildirib.
Qeyd edək ki, O.Gülalıyev aprelin 8-də Sabirabad rayonu ərazisində həbs olunub. O, İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozma və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində toplanmış materiallar Sabirabad rayon Məhkəməsinə göndərilib. Bu gün Sabirabad Rayon Məhkəməsi O.Gülalıyev barəsində inzibati qaydada 12 günlük azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirib.

O.M.